 
“Araz-Naxçıvan” Misli premyer-liqasının 30-cu turunda “Kəpəz”lə heç-heçə etdi - 0:0. 
“Football-plus.az” qonaqların baş məşqçisi Elmar Baxşıyevin oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir. 
- Ağır oyun alındı. Oyundan öncə də təxmin edirdik ki, bizi nə gözləyir. İndiki durumda başa düşürük ki, sıx qrafikdəyik. İkinci hissədə oyunun dinamikasını qaldırdıq. Gələn oyuna hazırlaşacağıq.
- “Araz-Naxçıvan”ın müdafiəsində boşluqlar nə ilə bağlı idi?
- Ümumi götürəndə müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Onlar olmadıqda biz də rotasiyalar etmək məcburiyyətindəyik. Oyunun axarına nəzarəti 2-ci hissədə ələ ala bildik. 
- Növbəti oyunlarınız “Turan Tovuz” və “Qarabağ”a qarşıdı. Gərginlik hiss etmirsiz ki? 
- Gərginliyin olması normaldı. Sıx qrafikdəyik. İddiasız olmalısan ki, sıx qrafikə düşməyəsən. Hər iki cəbhədə mübarizə aparırıq.
- Kubok matçını düşünərək rotasiyalar edə bilərsiz?
- O barədə düşüncəmiz yoxdu.
- 3-cü yeri itirmək təhlükəsi hiss etmirsiz?
- Bizi düşündürən “Turan Tovuz” deyil. Daha çox özümüzə köklənmişik. Hər şey özümüzdən asılıdı.
- Hücumçuların "dişsizliyi" nə ilə bağlıdı?
- Mən o fikirdə deyiləm. Çempionatda zəif komanda anlayışı yoxdu. 
ƏSƏD SEYİDOV