Martın 4-5-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirildi. Nəticələrə əsasən “Arsenal”, “Bavariya”, “İnter” və “Aston Villa”nın, demək olar ki, vəzifənin öhdəsindən gəldiyini deyə bilərik. Qalan cütlərdə isə intriqa cavab oyununa daşındı.
“Brügge” ÇL-in cari mövsümündə artıq istənilən rəqibə problem yaratmağa qadir olduğunu göstərib. Elə “Aston Villa” da Belçikada əziyyət çəkdi. Erkən qol vurmalarına baxmayaraq – artıq 3-cü dəqiqədə Beyli hesabı açdı. “Qara-göylər” tezliklə bərabərliyi bərpa etdi. De Kuyper də uzaq küncə bilyarddakı qədər dəqiq zərbə vurdu. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun ilk yarısında başqa qol olmadı. 2-ci hissənin əvvəlində komandalar daha ehtiyatlı oynamağa başladı. Ancaq Emerinin 4-cü dəyişikliyindən sonra oyun yenidən açıq xarakter aldı.
68-ci dəqiqədə Asensionun əlverişli mövqedən zərbəsinin qarşısını Minyole aldı. “Brügge”nin cavab hücumunda Vanakenin baş zərbəsi dirəyin bir neçə santimetrliyindən keçdi. Tezliklə Tsolis də yaxşı imkanı əldən verdi. Belə düşünmək olardı ki, “Brügge” qola daha yaxındı, ancaq sonda uğur qonaqların üzünə güldü. 83-cü dəqiqədə qapıçı meydançasına asmanın qarşısını almaq istəyən Mexele topu öz qapısına göndərdi. Ardından Tsolisin səbəbkar olduğu penaltini Asensio dəqiq yerinə yetirdi. “Aston Villa” cəmi 5 dəqiqə ərzində inamlı qələbəni reallaşdırdı, hərçənd oyunun məntiqi axarı belə nəticədən xəbər vermirdi. “Brügge” uzatma dəqiqələrində fərqi minimuma endirmək şansını da qaçırdı. Nəticədə Emerinin komandası 1/4 finala vəsiqə yolunda inamlı addım atdı. Bununla belə, “Brügge”nin Birmingemdə sona qədər döyüşəcəyi də şübhə doğurmur.
“Borussiya” ilə “Lill” qalibin müəyyənləşməsini Fransadakı cavab görüşünə saxladı. Onsuz da bu cütlə bağlı proqnoz vermək əvvəldən çətin idi. Oyun da bunu göstərdi. İlk yarıda daha üstün təsir bağışlayan dortmundlular topa nəzarət etdi və hissənin ortalarında hesabı açdı. Künc zərbəsindən sonra səkən topa yiyələnən Adeyemi fərqləndi. Meydan sahiblərinin qol vurmaq üçün başqa imkanları da oldu, ancaq Girassi ilə Şlotterbekdə dəqiqlik çatmadı. “Lill” ilk yarıda yaradıcı oyun göstərmək baxımından çətinlik çəkirdisə, Jenezionun fasilədə yetirmələrinə dediyi sözlər işə yaradı. 2-ci hissədə artıq “şimallı itlər” daha fəal görünürdü. Onlar inamla topu özündə saxlayır, hücumlar qururdular. Odu ki, bərabərlik qolu heç kimi təəccübləndirmədi. Devidin möhtəşəm ara ötürməsi ilə təkbətək çıxan Haraldsson Kobeli məyus etdi. Ardından dəyişikliklər məqamı yetişdi, sadəcə, məşqçilərdən heç biri bu yolla oyunu canlandıra bilmədi. Komandalar final fitinə qədər təhlükəli vəziyyət yaratmadı. Təbii ki, səfər heç-heçəsi “Lill”ə müəyyən üstünlük qazandırır, hərçənd favoriti müəyyənləşdirmək hələ də çətindi. Hər şey cavab oyununda bilinəcək.
PSV “Arsenal”la ev oyununda acınacaqlı duruma düşdü. Eyndhovendəki oyun ərəfəsində əksər azarkeşlər “topçular”ın hücum xəttindəki problemlərə görə belə qələbəni proqnozlaşdıra bilməzdi. Amma kadr qıtlığı PSV-ni meydanda sürüyən qonaqlar üçün heç bir problem yaratmadı. Raysın qolu ofsayd üzündən sayılmasa da, tezliklə Timberlə Nvaneri ardıcıl qollar vurdu. Yarım saatın sonunda isə Merino fərqi darmadağın həddinə çatdırdı. Fasiləyə az qalmış penalti hesabına fərqi azaldan Lanq həm də eyndhovenliləri 2-ci hissə üçün ümidləndirdi. Amma... PSV 1-ci hissədə zaman-zaman hücumlar qururdusa, 2-ci hissə bu komanda üçün faciəvi alındı. Edeqorla Trossar hissə başlayan kimi fərqləndi. Edeqor sonradan dublunu rəsmiləşdirdi, hətta 85-ci dəqiqədə Kalafyoriyə məhsuldar ötürmə də verdi. Bununla da cütün taleyi həll olundu.
Təbii ki, çərşənbə axşamı “Real” – “Atletiko” oyunu daha böyük maraq doğururdu. Meydan sahibləri hesabı çox tez açdı: Valverdenin ötürməsindən sonra cinahla irəliləyən Rodriqo bir qədər sola meyilləndi, cərimə meydançasına daxil oldu və qarşısıalınmaz zərbə vurdu. Az sonra braziliyalı Qalanla mübarizədə penalti qazanmağa da yaxın oldu. “Hindular”ın heyətində Simeone daha fəal görünürdü. Amma cavab qolunu o yox, Kamavinqanın nəzarətindən yayınan və qapının uzaq küncünə möhtəşəm zərbə endirən Alvares vurdu. 2-ci hissənin əvvəlində “Atletiko” daha yaxşı təsir bağışlasa da, yenə də “Real” fərqləndi. Mendidən ötürmə alan Dias fintlərlə müdafiəçilərin başını gicəlləndirib, uzaq küncü “nişan aldı”.
Qonaqlar buna Qrizmannın zərbəsi ilə cavab verdi. Kurtua barmaqlarının ucu ilə topu qaytara bildi. Dieqo Simeone dəyişikliklərlə oyunu canlandırdı, heç-heçə ümidi ilə futbolçularını irəli səslədi. Ancaq onun yetirmələri sonda hücum dalğası təşkil edə bilmədi. Əksinə, Mbappenin cərimə meydançasına ötürməsi Vinisiusa çatsaydı, “Real” 3-cü qolu da vuracaqdı.
1/8 final, ilk oyunlar
Brügge – Aston Villa 1:3 (1:1)
Brügge (Belçika): Minyole, Sabbe (Skuras, 90), Ordonyes, Mexele, De Kuyper, Onyedika (Vetlesen, 90+1), Yaşari, Talbi (Sike, 85), Vanaken, Tsolis, Xutqla (Nilsson, 86).
Aston Villa (Birmingem, İngiltərə): Martines, Konsa, Disasi (Keş, 64), Minqs, Din, Makqinn (Remzi, 64), Tilemans, Beyli (Kamara, 64), Rocers, Reşfors (M.Asensio, 64), Uotkins (Boqard, 90+1).
Qollar: Beyli, 3 (0:1). De Kuyper, 12 (1:1). Mexele, 82-öz qapısına (1:2). Asensio, 88-p. (1:3).
Hakim: Joao Pinyeyro (Portuqaliya).
4 mart. Brügge. 26890 tamaşaçı.
Borussiya D – Lill 1:1 (1:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson (Kouto, 82), Can, Şlotterbek, Svensson (Bensebayni, 83), Zabitser, Qross, Adeyemi, Brandt (Reyna, 83), Gittens (Bayer, 66), Girassi.
Lill (Fransa): Şevalye, Menye, Dyakite, Aleksandro, İsmaili (Bakker, 77), Andre, Buaddi, E.Mbappe (Fernandes-Pardo, 71), Mukau (Qomeş, 77), Haraldsson, Devid.
Qollar: Adeyemi, 22 (1:0). Haraldsson, 68 (1:1).
Vərəqələr: Can, 61. Qross, 90+3 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
4 mart. Dortmund. 81365 tamaşaçı.
PSV – Arsenal 1:7 (1:3)
PSV (Eyndhoven, Niderland): Benites, Ledesma (Karsdorp, 65), Flaminqo (Naqalo, 46), Boskalyi (Obispo, 82), Malasiya, Shauten, Saybari (Veerman, 82), Perişiç, Til, Lanq, L.de Yonq (Bakayoko, 65).
Arsenal (London, İngiltərə): Rayya, Timber (Uayt, 77), Saliba, Qabriel, Lüis-Skelli (Kalafyori, 35), Parti (Zinçenko, 71), Rays, Edeqor, Nvaneri (Sterlinq, 71), Merino (Tirni, 77), Trossar.
Qollar: Timber, 18 (0:1). Nvaneri, 21 (0:2). Merino, 31 (0:3). Lanq, 43-p. (1:3). Edeqor, 47 (1:4). Trossar, 48 (1:5). Edeqor, 73 (1:6). Kalafyori, 85 (1:7).
Vərəqələr: Lüis-Skelli, 24. Parti, 42. Timber, 69. Malasiya, 89 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
4 mart. Eyndhoven. 34400 tamaşaçı.
Real – Atletiko 2:1 (1:1)
Real (Madrid, İspaniya): Kurtua, Valverde (Vaskes, 82), R.Asensio, Rüdiger, Mendi, Rodriqo, Çuameni, Kamavinqa (Modriç, 62), Dias (Endrik, 89), Mbappe, Vinisius.
Atletiko (Madrid, İspaniya): Oblak, M.Lyorente, Ximenes, Lanqle, Qalan, Simeone (Molina, 64), Barrios (Sörlot, 75), De Paul (Korrea, 75), Lino (Qallaher, 64), Alvares, Qrizmann (Le Norman, 71).
Qollar: Rodriqo, 4 (1:0). Alvares, 32 (1:1). Dias, 55 (2:1).
Vərəqə: Dias, 56 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
4 mart. Madrid. 77261 tamaşaçı.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: