Andres İnyesta 40 yaşında karyerasını bitirdi.
O, bu qərarını bazar ertəsi sosial şəbəkədə yaydığı videoçarx vasitəsi ilə açıqladı. Çərşənbə axşamı isə Barselonada bununla bağlı 450 nəfərin toplaşdığı mərasim keçirilib. Mərasimə futbolçunun xanımı Anna Ortis və 5 övladı, Xavi, Pike, Serxi Roberto, Deku, “Barselona”nın indiki heyətindən bəzi oyunçular, baş məşqçi Hans-Diter Flik, klub prezidenti Xuan Laporta və bir çox başqaları təşrif buyurub.
“Həmişə iki sevimli komandam olub: “Barsa” və “Albasete”
Tədbir video ilə başlayıb: səbəbkarın karyerasının ən yaddaqalan anları göstərilib. Andres alqışlar altında səhnəyə çıxıb, bir qədər həyəcanlanıb, göz yaşını çətinliklə saxlayıb. Mərkəzdə əyləşərək doğma yerlərə sevgisini etiraf etməklə sözə başlayıb:
“Bu günün gəlib çatacağını heç vaxt düşünməmişəm. Heç vaxt bunu özüm üçün təsəvvür edə bilməzdim. Son günlər axan bütün bu göz yaşları emosiyalardı, qürurdu, kədərdən doğan göz yaşları deyil. Bu, Fuentealbilyadan olan, futbolçu olmağı arzulayan, əmək, özünü fəda etmək və heç vaxt təslim olmamaq sayəsində hədəfinə çatan həmin oğlanın göz yaşlarıdı. Bunlar həyatımın ən önəmli dəyərləridi. Bu səyahət və məni müşayiət edən bütün adamlar ilə qürur duyuram. Arzumu gerçəkləşdirdiyimə görə çox şadam. Karyeram nağıla bənzəyir, ona görə ki, peşəkar səviyyədə hər şeyin ən yaxşısını yaşamışam. Hər şey doğma şəhərimdə başladı – məktəbdə oynamaqdan və Albaseteyə baş çəkməkdən. Orda ilk addımlarımı atdım. Həmin xoşbəxt dövrləri xatırlayıram. “Albasete”nin elitadakı oyunları yadımdadı. Peşəkar səviyyədə heç vaxt “Albasete”nin formasını geyməsəm də, həmişə iki sevimli komandam olub: “Albasete” və “Barsa”. Yurdum qəlbimdədi”.
Bu sözlərdən sonra publika Andresi ayaqüstə alqışlayıb.
“Kobe ailəm üçün ev odu. Yaponiya həmişə ürəklərdədi”
İnyesta hər kəsə ayrı-ayrılıqda təşəkkür etdi: ailəsinə, “Barselona”ya, Yaponiyaya.
Valideynləri və “Barselona” haqda:
“Bu gün futbolu dayandırıram, hərçənd uzun müddət oynadım. Ana, hər şeyə görə sənə təşəkkür etmək istəyirəm. Mən və bacım üçün bütün fədakarlıqlarına görə sağ ol. Həyatımın səfəri Fuentealbilyadan Barselonaya yollanmağımdı. Bəxtim gətirib, həmin səfərdə yanımda olan dörd nəfər indi də yanımdadı: valideynlərim, babam. Bu gün – belə xüsusi anda yenidən birgə olmağımız çox xoşdu. La-Masiya məni həmişəlik dəyişdi. Orda mənə həyati dəyərləri aşıladılar. Bütün adamlara, müəllimlərə, həmkarıma minnətdaram. “Barsa”ya gəlmək arzu idi, onu gerçəkləşdirməyə köklənmişdim”.
Bu sözdən sonra alqışlar altında bütün ailə səhnədə toplaşdı.
Yaponiya dönəmi haqda:
“2018-ci ildə ən çətin qərarlardan birini verdim. Dünyanın başqa hissəsinə - Yaponiyaya yollanmaq risk idi. Yaponiyada keçirdiyim 5 ildən sonra deyə bilərəm ki, gözəl təcrübə idi. Təvazökar klubda gözəl tarix yazdıq. “Vissel Kobe” üçün ilk iki titulu qazandıq. Kobe məni və ailəmi qeyri-adi şəkildə qarşıladı, özümüzü evdəki kimi hiss etməyə məcbur etdi. Yaponiya həmişə qəlbimizdə olacaq. Bu mərhələ bitəndən sonra İspaniyaya bir qədər yaxınlaşdım, BƏƏ-də oynadım. Və indi növbəti mərhələyə hazıram”.
“Karyeramı “Barsa”da bitirmək istəyirdim, hansısa məqamda bu kluba qayıtmaq istəyirəm”
İnyestanın dediyinə görə, artıq məşqçilik kurslarına getməyə başlayıb. Gələcəkdə “Barselona”ya qayıtmaq istəyərdi – ancaq hələ ki hansı rolda olacağını bilmir.
“Barselona”dan getməsi haqda:
“Barsa”dakı son oyun həyatımın ən unudulmaz anlarından biridi. Hər şeyin necə olduğunu xatırlayıram. Əlbəttə, getmək ərəfəsində beynimə müxtəlif fikirlər gəlirdi. Karyeramı “Barsa”da bitirmək istəyirdim, ancaq bu klubda 300 faiz can qoymalısan, mən isə bunun artıq mümkün olmadığını hiss edirdim. Azarkeşlərin yadında fantastik təəssürat qaldı. Oyunçu ideal vaxtda ayrıldı – bu təəssürat əbədidi. Vaxtında getməliydim ki, azarkeşlər məni neqativ duyğularla xatırlamasınlar”.
Gələcəyi haqda:
“Futboldan uzaq ola bilmərəm. İnkişafımı davam etdirmək, klublarda və akademiyalarda oxumaq istəyirəm. Növbəti mərhələyə hazırlaşmaq üçün hələ ki məşqçi kurslarından keçirəm. Yenidən əla iş görməyə çalışacam, hərçənd daha top dalınca qaçmaq lazım gəlməyəcək. İndi mənə yenidən öyrənmək və səhvlərə yol vermək lazımdı. Həyatın hansısa anında “Barsa”ya qayıtmaq istərdim. Futbolçu olarkən verdiyim töhfəni başqa statusda təkrarlaya biləcəyimi hiss etdiyim an bu mümkündü”.
“Barselona”nın məşqçisi olmaq imkanı haqda:
“Ümid edirəm ki, indiki məşqçi uzun illər burda olacaq. Bu yaxşı əlamət olardı, komandanın uğurlar qazandığını göstərərdi. Mənə kənardan, sadəcə, dəstəkləmək qalır. Mən hələ məşçqi kimi heç 1-ci sinfə də getməmişəm”.
Reaksiyalar
İnyestanın getmək qərarına ilk reaksiya verənlərdən biri Lionel Messi oldu:
“Birgə oynamağı ən çox xoşladığım, sehirli komanda yoldaşlarımdan biri. Andres İnyesta, bizim hamımız kimi, top da sənin üçün darıxacaq. Sənə həmişə hər şeyin ən yaxşısını arzulayıram, fenomen”.
İnyestanın dahiliyi ilə bağlı etirafla “Barsa”nın əsas rəqibi “Real” da çıxış edib:
“Klubumuz, onun prezidenti və Direktorlar Şurası İspaniya və dünya futbolunun ən böyük əfsanələrindən birinə hörmətini, heyranlığını və isti münasibətini bildirmək istəyir. Andres İnyesta bu idman növünün inkişafına təkcə karyerası ərzində qazandığı çoxsaylı titullarla yox, həm də oyunu və dəyərləri ilə töhfə verib. Onun DÇ-2010-un finalında vurduğu əlamətdar qol bütün ispan azarkeşlərin yaddaşında əbədi qalacaq. “Real” ona və ailəsinə həyatın yeni mərhələsində uğurlar arzulayır”.
Bu arzuya qoşulmamaq olmaz!
Yeri gəlmişkən...
İnyestanın sonuncu klubu “Emireyts” 2023/24 mövsümünün sonunda 13-cü yeri tutmaqla BƏƏ çempionatının yüksək dəstəsini tərk etdi. İspaniyalı xavbek üçün bu, ilk belə uğursuzluqdu: Andres vətənində heç vaxt 6-cı pillədən aşağı düşməyib, “Vissel Kobe” ilə 14-cü yeri tutub ki, Yaponiyada bu nəticə elitada qalmağa imkan verir.
İnyestanın peşəkar səviyyədəki karyerası
mövsüm klub liqa yer titul
2002/03 Barselona İspaniya 6 -
2003/04 Barselona İspaniya 2 -
2004/05 Barselona İspaniya 1 çempionat
2005/06 Barselona İspaniya 1 çempionat, Superkubok, Çempionlar Liqası
2006/07 Barselona İspaniya 2 Superkubok
2007/08 Barselona İspaniya 3 -
2008/09 Barselona İspaniya 1 çempionat, kubok, Çempionlar Liqası
2009/10 Barselpna İspaniya 1 çempionat, klub dünya çempionatı
2010/11 Barselona İspaniya 1 çempionat, Çempionlar Liqası
2011/12 Barselona İspaniya 2 kubok, Superkubok, UEFA Superkuboku, klub dünya çempionatı
2012/13 Barselona İspaniya 1 çempionat
2013/14 Barselona İspaniya 2 Superkubok
2014/15 Barselona İspaniya 1 çempionat, kubok, Çempionlar Liqası
2015/16 Barselona İspaniya 1 çempionat, kubok, UEFA Superkuboku, klub dünya çempionatı
2016/17 Barselona İspaniya 2 kubok, Superkubok
2017/18 Barselona İspaniya 1 çempionat, kubok
2018 Vissel Kobe Yaponiya 10 -
2019 Vissel Kobe Yaponiya 8 kubok
2020 Vissel Kobe Yaponiya 14 Superkubok
2021 Vissel Kobe Yaponiya 3 -
2022 Vissel Kobe Yaponiya 13 -
2023 Vissel Kobe Yaponiya 1 çempionat
2024 Emireyts BƏƏ 13 -