Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 7-ci tur geridə qaldı.
İlk 6 turdan sonra autsayderlərdən biri də “Ağdaş”dı. Komandanın cəmi iki heç-heçəsi var. Ağdaş təmsilçisinin maliyyə sıxıntısı içində əzildiyini hələ bir neçə həftə əvvəl yazmışdıq. Rəhman Əliyevin ölümündən sonra başsız qalan kluba sahib çıxan da yoxdu.
Baş məşqçisi Ruslan Hüseynov hansısa maliyyə yardımı olmayacağı təqdirdə AFFA-ya müraciət edəcəklərini açıqlamışdı. Bəs rəsmi müraciət olubmu? Komandanı bu durumdan çıxarmaq mümkündü?
“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynovun fikirləri:
“Klubun maliyyə vəziyyəti olduğu kimi qalır. Hətta daha da pisdi. Yaxşıya yox, pisə doğru dəyişir. İrəliləyiş yoxdu. Mövcud durum nəticələrimizə də təsir edir. Heç bir mənada müsbət danışa bilməyəcəm. Komandanın rəhbəri vəzifəsinə görə sənədləri hazırlayıb lazımı qurumlara göndərmişik. Yaxın müddətdə ümid edirik təsdiqini tapar. Yəqin ki, klubun başına Rəhmanın qardaşı keçəcək. Büdcə probleminə görə AFFA-ya müraciət etmək fikrimiz var. Yaxın günlərdə bunu edəcəyik. Daha dəqiq desəm, oktyabrın ikinci yarısında etməyi düşünürük. Çünki vəziyyətimiz nəinki çətin, deyərdim ki, acınacaqlıdı. Bu vəziyyətdə komandanı ayaqda saxlamaq çox qəlizdi”.
RÖYANƏ OĞUZ