Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qatılan Azərbaycan yığmalarının nəticələrini uğurlu saymaq çətindi.
Kişilərdən ibarət yığma 8-ci, qadınlardan ibarət yığma isə 15-ci yeri tutdu. Amma Aydın Süleymanlını fərqləndirməyə dəyər.
“Football-plus.az” xəbər verir ki, 11 turun hamısında masa arxasına keçən Aydın 7 xal toplayıb. 1-ci lövhədə mübarizə apardığını nəzərə alsaq, yetərincə yaxşı göstəricidi. Aydın Olimpiada ilə bağlı təəssüratını “Football-plus.az” ilə bölüşdü:
"Kişilərdən ibarət milli komandamız 12-ci başladığı turniri 8-ci sırada bitirdi, nəticəmizi qənaətbəxş qiymətləndirirəm. Hər kəs əlindən gələni etməyə çalışırdı, komandamızda pozitiv ab-hava var idi. Bu turnir mənim ilk Olimpiada təcrübəm idi. Düşünürəm ki, yaxşı çıxış etdim, karyeramda ilk dəfə “top-100”ə daxil oldum. Teymur Rəcəbovun kapitanlığını çox bəyəndim, matçlardan öncə komanda toplantılarında söhbət edərkən və oynayanda yanımızda belə güclü, elit şahmatçının olması bizə güclü motivasiya və yaxşı əhval-ruhiyyə verirdi. Bundan sonrakı hədəfim tezliklə 2700 həddini aşıb, adımı elit şahmatçılar sırasına yazdırmaqdı".
AKİF ƏHMƏDOV