“Öl desən, ölərəm, qal desən, qallam,
İnan ki, çıxmaram sözündən bir an!”
Bu cümlələr daha çox gənc aşiqləri xatırlatsa da, futbolumuz üçün fərqli xüsusiyyət daşıyır. Şəxsən mən Emin Mahmudovla Qara Qarayevin səmimi dostluq münasibətlərini və bu çərçivədə baş verən hadisələrin axarını xatırladım. Niyə?
Daha əvvəl Eminin Türkiyənin 1-ci liqa klubundan təklif aldığını və danışıqlara başladığını yazmışdıq. Sən demə, proses müsbət nəticələnməyib. Ona görə ki, futbolçu həmin komandadan Qaranın da transfer edilməsini istəyib. Belədə tərəddüd yaşayan qardaş ölkə klubu danışıqları ertələməli olub. Yekunda həm Emin, həm də Qara özünü hələ bir müddət də “Neftçi”də tər tökməyə məhkum edib.
Qarayevin durumu da fərqli deyil. O, Eminin istəyiylə yerli premyer-liqa klublarının təklifini geri çevirib. Dostunun “mən hara, sən də ora” fikrini dəstəkləyən futbolçu “ağ-qaralar”ın əvəzedici heyətində top qovmağa davam edəcək. Daha doğrusu, belə biabırçılığı özünə sığışdırmağa... Qaranın Eminin istəyiylə “Qarabağ”dan ayrıldığını da bilirik. Görünür, azarkeşlər daha bir neçə ay “Neftçi”nin yerli futbolçularının özbaşınalığına, istəksizliyinə və məqsədsizliyinə dözməli olacaq. Mahmudovun performansından narazı tərəfdarların gündən-günə artdığını da bilirik.
Qısası, Emin və Qara “Neftçi”dən ayrılmaq üçün eyni klubdan hərəyə bir təklif gözləyir. Onların son dönəmlərdəki inamsız çıxışı fonunda bunun baş verəcəyini düşünmək isə absurddu.
KƏNAN BAHADIR