6 qol buraxsa da, oyunun qəhrəmanlarından olan Yusif İmanov da “Football-plus.az”ın suallarını cavabladı.
- 120 dəqiqəlik dramatik oyun və penalti seriyası. Belə gərgin matçdan sonra nə düşünürsən?
- Oyun çox çətin keçdi. Dəhşətli temp var idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizi tək qoymadılar, 120 dəqiqə dəstək verdilər. Çox sağ olsunlar.
- Qapında 6 qol görsən də, həlledici qurtarışların da oldu. Öz çıxışını necə dəyərləndirirsən?
- Əlimdən gələni etdim. Çalışdım ki, komandama kömək edim. Bəzi epizodları çıxara bilərdim. Qismət olmadı.
- Penalti seriyasında həyəcan var idi? Həmin anda ağlından nə keçirdin?
- Xeyr, özümə inanırdım. Hətta bir gün əvvəl uşaqlara demişdim ki, oyunda penalti qaytaracam. Çox şükür ki, oyunsonrası penalty seriyasında bunu bacardım.
- Maraqlıdı ki, rəqibin bütün penaltiləri zamanı eyni istiqamətə - özündən sola tullanırdın...
- Bəli. Strategiya seçmişdim ki, bütün zərbələrdə ancaq eyni tərəfə tullanacam.
- Matçın gedişində tez-tez komanda yoldaşlarına narazılıq edirdin, qışqırırdın. Bu, nədən irəli gəlirdi?
- Oyundan öncə danışmışdıq ki, “arxaya oturmaq” olmaz, rəqibi öndə qarşılamalıyıq. Lakin “Makkabi” çox aqressiv başladı oyuna. Komanda məcbur geri çəkilmişdi. Mən də komanda yoldaşlarımı motivasiya etmək üçün tez-tez qışqırırdım.
- İkinci hissədə “Makkabi” ardıcıl qollar vuranda ümidsizliyə qapılmadın ki?
- Açığı, bir az ümidsizlik oldu. Buna baxmayaraq, çox şükür, tez ayıldıq.
- Növbəti rəqib “Sent-Patriks” olacaq. İrlandiyalılarla qarşılaşmalardan gözləntin nədi?
- Əlimizdən gələni edəcəyik ki, bu mərhələni də keçək. Növbəti tura yüksəlmək üçün hər iki matçda bütün gücümüzü meydanda qoyacağıq.
- “Makkabi” ilə duellərdən fərqli bu dəfə cütün favoriti “Sabah” sayılır…
- Belə düşünmürəm. Ümumiyyətlə, favorit yalnız kağız üzərində olur. Gördüyünüz kimi, püşkdən öncə “Makkabi” favorit sayılırdı. Lakin mərhələni biz adladıq.
- Artıq Misli Premyer-liqasında yeni mövsüm start götürür. Sıx qrafik sənə problem yaratmayacaq?
- Düşünmürəm ki, hansısa problem yaşayaq. Əksinə, oyunlara daha yaxşı köklənəcəyik.
RÖYANƏ OĞUZ