Ölkəmizin üç komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində meydana çıxdı. Bunlar “Sabah”, “Zirə” və “Sumqayıt” idi.
Oyunöncəsi proqnozlara və sonra da nəticələrə baxanda tam fərqli ssenariylə qarşılaşdıq. “Sabah” futbol ictimaiyyətini aşkar favorit kimi gördüyü Hayfa “Makkabi”sini Macarıstanda darmadağın etdi. “Zirə” tarixinin ən böyükhesablı qələbələrindən birinə bu tunirdə imza atdı. “Qartallar” Slovakiya təmsilçisi “DAK 1904”ü meydana çıxdığına peşman etdi. “Sumqayıt” da hesabı açsa da, sonradan “Fehervar”ın əzmkar qələbə qazanmasına imkan yaratdı. Ümumiyyətlə, bu üç komandanın növbəti mərhələyə adlamaq, həmçinin Konfrans Liqasının qrupuna düşmək şansı nə qədərdi? Onların heyəti, əllərində olan futbolçuların səviyyəsi buna nə dərəcədə şərait yaradır? Bu suallara cavab tapmaq üçün mütəxəssislərə tribuna verdik.
Aslan Kərimov:
“Doğrusu, oyunlardan öncə bədbin fikirləşirdim. Yəni rəqiblərin güclü olması bizimkilərin şansını nosbətən aşağı salırdı. Amma oyunlar onu göstərdi ki, məşqçilərimiz komandalarını çox yaxşı hazırlayıb. Həm seçdikləri oyun strategiyası, həm də heyətə yeni cəlb etdikləri transfer baxımından texniki heyətin işi özünü göstərdi. Yəni mərhələ adlamaq üçün keyfiyyətli iş görülüb. Oyunları incələsək, ən çətin rəqiblərdən biri “Sabah”ın bəxtinə düşmüşdü. Hayfa “Makkabi”sinə qarşı səfərdə oynamasına baxmayaraq, təmsilçimiz böyükhesablı qələbə qazandı. Əslində birinci hissədə o qədər də yaxşı çıxış edə bilmirdilər. Ancaq bu, ilk oyunlara xas olan əlamətdi. Lakin ikinci yarıda həm müdafiə planında, həm də hücumda inamlı çıxış etdilər. Xüsusən də əks-hücumlar zamanı boşluqlardan çox gözəl yararlandılar. Bunun nəticəsində də üç möhtəşəm qol vurdular. Bu qələbə növbəti mərhələyə adlamaq yolunda böyük addım idi. Bəlkə də Bakıda keçiriləcək cavab oyunu daha ağır olacaq. Ancaq düşünürəm ki, bu üstünlüyü əldən verməyəcəklər. Çünki ötən mövsüm “Partizan”la oyunda 2:0 hesablı üstünlükdən yararlana bilməyib, məğlub olmuşdular. Yəni o təcrübəni də qazandıqlarına görə inanmıram ki, artıq bu il həmin səhvi təkrarlayarlar. Bu üzdən də “bayquşlar”ın mərhələni adlayacağını düşünürəm. Amma Konfrans Liqasının qrupuna düşə biləcəklər, ya yox? Bu suala cavab vermək mənim üçün çətindi. Çünki qarşılaşacağı rəqiblərdən çox şey asılıdı. Ortabab ölkələrin ortabab komandalarıyla qarşılaşacaqlarsa, o zaman rahatlıqla növbəti mərələyə keçəcəklərinə əminəm. Ancaq “top-5” ölkələrin komandalarıyla qarşılasalar, çətinliklə üzləşəcəklər. Əlbəttə, elə komandalara da qalib gəlmək mümkündü. Fəqət çətinliklə. Yeri gəlmişkən, “Sabah”ın heyətində gənc futbolçumuz Xəyal Əliyevin qol vurması təqdirəlayiqdi. Ki, yeniyetmələrdən ibarət millimizin oyunçusu meydana çıxan kimi epizod zamanı soyuqqanlı davranaraq qolunu vurdu. Bu da klub səviyyəsində gənc oyunçularımızın inkişafı baxımından alqışalayiqdi. “Sumqayıt”a gəlincə, rəqibi həddən artıq güclü idi. Oyundan öncə şanslarının az olduğu görünürdü. Amma qırmızı vərəqəyə qədər olan oyunları həqiqətən də göz oxşayırdı. Sözün əsl mənasında məşqçi strategiyası özünü göstərirdi. Bunun da sayəsində 1 qol vurdular. Əminəm ki, həmin vərəqə olmasaydı, görüşü qələbəylə yekunlaşdıra biləcəkdilər. Mərhələni adlamaq yenə sual altında qalacaqdı. Çünki cavab oyununda məğlub da ola bilərdilər. Lakin “qırmızı”dan sonra şanslar çox azaldı. Bu üzdən məğlub oldular. Səfər görüşü ərəfəsində bir mərkəz müdafiəçisini də itirdiklərinə görə iş çətinləşdi. İndiki durumda “kimyaçılar”ın qrup mərhələsinə düşmək şansı azdı. “Zirə”yə gəlincə, Avropadakı böyükhesablı qələbələrdən birinə imza atdı. Səhv etmirəmsə, KL-də birinci belə böyükhesablı qələbəmiz idi. Yenə də düzgün seçilən strategiya, lazım olan anda tempin qalxması və ya aşağı salınması sayəsində möhtəşəm qollar vurdular. Hesab edirəm ki, “qartallar” bu mərhələni keçəcək. Lakin qrup mərhələsinə düşə biləcəklərmi? Yenə də az əvvəl dediyim fikrə qayıdıram. Qarşılaşacağı rəqiblərdən çox şey asılıdı. Çünki “Zirə”nin oyunçularının səviyyəsi çox aşağıdı. Belə səviyyəli turnirlərdə az oynayıblar. Əslində təmsilçimiz Avropa Liqasında mərhələni yüzdəyüz keçməliydi. Lakin yenə də qırmızı vərəqə nəticə etibarıyla komanda geri saldı. Ortabab komandalardan biriylə qarşılaşsa, “Zirə” bir neçə mərhələ adlaya bilər”.
Yunis Hüseynov:
“Ümumiyyətlə, Avropada çıxış edən bütün komandalarımız yaxşı başladı. Təəssüf ki, “Sumqayıt” ilk oyunda məğlub oldu. Fəqət azlıqda qalmalarına baxmayaraq, pis təsir bağışlamadılar. 10 nəfərlə qalmasaydılar, düşünürəm ki, qələbə qazana bilərdilər. Çünki elə əhval-ruhiyyədə idilər. Bilindiyi kimi, azarkeşlərin qarşısında mübarizə aparmaq yaxşıdı. Hətta “Sumqayıt” azarkeşləri həmin gün dayanmadan komandanı dəstəkləyirdilər. Ancaq hələ də heç nə itirilməyib. Məğlub olmaq o demək deyil ki, komanda hər şeyi itirdi. Xeyr. Hələ qarşıda cavab oyunu var. Hesab edirəm ki, “kimyaçılar” qələbə də qazana bilər. İnanıram ki, komanda toparlanacaq və səhvlərdən nəticə çıxaracaq.
“Sabah” isə möhtəşəm qələbə qazandı. Bilindiyi kimi, Hayfa “Makkabi”si vaxtilə həm “Xəzər Lənkəran”ı, həm də “Neftçi”ni məğlub etmişdi. Lakin srağagünkü matçda “bayquşlar” həqiqətən məzmunlu oyunla qələbə qazandı. Səfər görüşündə 3:0 hesabıyla qələbə qazanmaq çox yaxşı şansdı. Doğrudu, belə qələbə böyük üstünlükdü. Amma rahatlanmaq olmaz. Cavab oyununa da həddən artıq ciddi hazırlaşmaq lazımdı. İnanıram ki, Bakıda keçiriləcək cavab matçında “Sabah” daha möhtəşəm çıxış edəcək və futbolçular azarkeşlərin önündə daha yaxşı oyun nümayiş etdirəcək. “Zirə” hətta “Şerif”i də məğlub etməliydi. Komanda dünənki oyunda şou göstərdi. Doğrusu, heç çempiontımızda belə yadıma gəlmir ki, “Zirə” hansısa rəqibi belə hesabla məğlub etsin. Yenə də qeyd etmək istəyirəm ki, 4:0 hesablı qələbə də futbolçuları aldatmamalıdı. Qarşıda cavab oyunu var. Ona görə də tam ciddi olmaq lazımdı. Bütün komandalarımıza uğurlar arzulayıram”.
KAMAL SƏFƏR