"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda "Linkoln"u qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bakıda İlk oyunumuzu oynayacağıq. Doğma Bakımızda, doğma stadionumuzda. Pis hazırlaşmadıq. Rəqibi daha yaxından tanıdıq. Bu komanda çox bacarıqlı müdafiə olunur. İlk matça baxıb, analiz etmişik. Baxımlı oyun oynamağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, Konfrans Liqasının qrupunu təmin edəcəyik. Çox ciddi hazırlaşırıq. Futbolçularımın ümumi hazırlığı pis deyil. Azarkeşlər üçün baxımlı matç olacaq.
- Bu gün sizi ən çox narahat edən nədi? Sırf "Linkoln"la oyuna görə yox, ümumi...
- Hansısa narahatlığa ehtiyac yoxdu. Kollektivdaxili olan bəzi nüanslar var. İlboyu onlarla rastlaşırıq. Çalışırıq ki, kiçik vaxtda onları həll edək. 15-16 ildi ki, buradayam. Kollektivdaxili hər şeyi həll etmişik. Hansısa problem görmürəm. Həmişə çalışmışıq ki, əlimizdə olan şansdan maksimum istifadə edək, hər şey qaydasında olsun. Bizim üçün problem olan həmişə rəqib olub. Rəqib bizim düşündüyümüzdən əlavə edirsə, bu, bizim üçün problem olub. Başqa ciddi problem görmürəm.
- Zədə ilə bağlı problem yoxdu?
- Xeyr. Musa Qurbanlı əməliyyat olunub. Başqa hamı sağlamdı.
- Premyer-liqa başlayır. Bu mövsüm 50-dən çox oyun olacaq. Əlinizdəki heyət bu hədəflərə çatmaq üçün yetərlidi? Deyilsə, neçə oyunçunun transferi daha yaxşı olar?
- Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq. Problemi çözmək istəyiriksə, bunu etməliyik. Məşqçi kimi istəyərəm ki, heyətə minimum 2 oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdi. Hər cəbhədə ən yuxarı nəticə üçün mübarizə aparırıq. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum 1 futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik.
- Nadir hallarda "Qarabağ"ın oyunundan, toplanışından narazılıq edirsiz. Bu dəfə isə razılıq edirsiz. Bunu heyəti qoruyub-saxlamağınızla əlaqələndirmək olar?
- Həmişə istəmişik ki, heyətimizi qoruyub-saxlayaq. Bu il vaxtımız oldu, daha rahat hazırlaşdıq. İkinci təsnifat mərhələsindən turnirə qoşulduq. Ona görə də komandada, futbolçularda psixoloji rahatlıq oldu. Gərginlik bir o qədər olmadı. Futbolçuların istirahətə daha çox vaxtları oldu. Ona görə də hazırlıq proqramına Bakıda başladıq. Onlar üçün də daha rahat oldu. Hamısı öz ailəsinin yanında idi. Fiziki hazırlığı həmişə yaxşılaşdırmaq olar, amma psixoloji hazırlıq çətindi. Məni də həmişə narahat edən budu. Futbolçu beyni yorğun olduqda, daha tez yorulur. Bu il bir az hazırlıq fərqli oldu. Futbolçular da daha rahat, sərbəst idilər. Ola bilər ki, buna görə öz razılığımı bildirmişəm. Gördüyümü, hiss etdiyimi demişəm.
- Avrokuboklardakı digər klublarımız haqda fikriniz necədi?
- Müsbət. Hər birinə uğurlar arzulayıram. Hər birinə təşəkkür edirəm ki, yaxşı hazırlıq keçiblər. Sadəcə "Sumqayıt" uduzdu. Bu da məlum səbəblərdən. Hesabda öndə olarkən, qırmızı vərəqə aldılar. Cavab matçında inanıram ki, Samir Abasov komandanı toparlayacaq və yaxşı nəticə üçün oynayacaqlar. İnamım böyükdü. "Zirə" və "Sabah" yaxşı oyunla qalib gəldilər. Bu da klubun məşqçilərinə, rəhbərliyə, futbolçulara da əlavə stimul verir. Ümidlərimiz böyükdü, dualarımız onlarladı. Hər bir qələbə Azərbaycan futbolunun tanınması, reytinqin yüksəlməsi deməkdi. Hər birindən uğurlar nəticə gözləyirik. Öz fikirlərim isə öz komandamdadı. Qalibiyyətlərin sayının çox olmasını istəyirik.
- Şahruddin Məhəmmədəliyevin hazırkı durumu necədi? Onun qayıdışı futbolçularda inamı artırıb?
- Qapıçı mövqeyi bir çox klubların yaralı yeridi. İstəmirik ki, həmin mövqedə problem yaşayaq. Heyətə yeni cəlb etdiyimiz Şahruddin Məhəmmədəliyev tam hazır vəziyyətdə deyil. Yəqin ki, bir müddət sonra daha da yaxşı olacaq. Təbii ki, bizim üçün lazımlı oyunçudu. Bununla belə, daha bir qapıçı axtarışındayıq. Hətta, 2 gün əvvəl heyətə yeni qolkiper transfer etmək üzrə idik. Lakin onun keçidi alınmadı.
- Redon Cicanın "Ankaragücü"nə gedişi gözlənilir. Doğrudu?
- Bizdə belə məlumat yoxdu. Hansısa futbolçunu göndərmək fikrimiz yoxdu.
- "Ludoqorets"- "Dinamo"(Minsk) oyununa baxmısız?
- Bəli, baxmışam. Ümumi məlumat götürmüşəm özüm üçün.
- Bu mövsüm avrokuboklarda hədəfiniz nədi?
- Minimum və maksimum hədəflər olur. Minimum hədəf Konfrans Liqasının qrupudu. Maksimum isə Çempionlar Liqasının qrupu. Hədəfimiz həmişə maksimal olub.
- Legioner seçiminə çox həssas yanaşırsız. Bu mövsüm hələ ki, əcnəbi meydan oyunçusu transfer etməmisiz. Səbəb nədir? Tələbləriniz artıb, yoxsa futbolçular "Qarabağ"dan daha çox pul tələb edir?
- Transfer etmək get-gedə daha da çətinləşir. Həmişə istəmişik ki, yanlış transfer etməyək. Amma mümkünsüzdü. Avropa klublarında 30 faiz uğurlu transfer alınırsa, uduş kimi qəbul edirlər. 50 faiz fantastikdi. O imkanlarımız yoxdu ki, transferdə səhv etsək, onu kompensasiya edək. Amma hər bir halda, axtarışdayıq. Çox oyunçularla danışırıq. Bəziləri gəlmək istəmədi, bəziləri Avropanı daha çox düşünür. Amma transfer etmək fikrindəyik.
- Klublarımızın avrokuboklarda bu mövsümkü yaxşı çıxışında Azərbaycan çempionatındakı rəqabət rol oynadı?
- Futbolun inkişafı üçün belə turnirlər çox vacibdi. Hamı bilməlidi ki, biz nə üçün Azərbaycan çempionatında oynamalıyıq. Avrokuboklarda bütün klublara böyük təcrübə qazandırır. Qələbələr də böyük inam qazandırır Azarkeş marağı artır. Çempionatın daha da maraqılı keçməsini istəyiriksə, belə turnirlərdə iştirak etməliyik. Qruplara düşməyi hər bir klubumuza arzulayıram. Təcrübə baxımından da futbolçulara, məşqçilərə vacibdi. O rejimdə işləmək böyük fayda verir. Öz çempionatımızda 7-8 gündən bir oyun oynayırsan, amma avrokuboklarda oynayanda, rejim daim dəyişilir. Avrokubokıarın böyük faydası var. Hər bir turnirə ciddi yanaşmaq vacibdi. Klub rəhbərləri də bilməlidi. Əgər çatışmazlıq varsa, onu aradan qaldırmaq üçün məşqçilərin və futbolçuların yanında olmalıdırlar. Bura nə qədər xarici klublar gəlir. Azərbaycanımızı daha çox tanıyırlar. Bunun olması, xarici arena da da ölkəmiz üçün böyük fayda verir. Bəzən qorxuruq ki, çətin qrupa düşürük. Heç nə olmaz. Çətin komandalara qarşı 3-4 ildən sonra daha inamlı oynaya bilərik. Çox istəyərdim ki, bölgələrimizin mədəniyyətini də tanısınlar. Gəncə, Tovuz və digər rayonlarımız. Zirənin öz maraqlı tarixi, mədəniyyəti var. Sabah bəlkə Ağdamda oynadıq, bəlkə başqa şəhərlərdə. Yəni avropalılar buraların da tarixini bilərlər. Rəqabətin təməli buradan başlasa, daha yaxşıdı.
- "Qarabağ" "Ferentsvaroş"u keçdikdən sonra onlar sizin və sizin istədiyiniz futbolçuları transfer etməyə cəhd göstərir. Ovusu Kvabena, Kadi Borges. Bu nə ilə bağlıdı?
- Qeyri-adi bir şey görmürəm. Biz də hansısa futbolçuya baxanda onun təcrübəsinə, çempion olub-olmamasına, qruplarda oynayıb-oynamamasına baxırıq. Ya da bəzən oyunçunun heç avrokuboklarda oynamamasına baxırıq ki, istəkli, ac olsun. Fərqli fikirlər söyləmək olar. "Ferentsvaroş"la aşağı-yuxarı eyni səviyyəli komandayıq. Onların da Avropanın hansısa tanınmış klubundan oyunçu götürməyə pulları yoxdu. Maddiyyat tərəfdən bizi üstələyirlər. Normal gedişatlardı. Biz də bəzi klublardan oyunçular götürmüşük. Məsələn, Çumbinyo, Miçel, filan. Hər şey maddiyata bağldı.
- Ötən mövsüm Elvin Cəfərquliyev avrokuboklarda qırmızı vərəqə almışdı. "Zirə" və "Sumqayıt"da da eyni hal yaşandı. Belə halların minimuma endirilməsi üçün hansı addımlar atılmalıdı?
- Son vaxtlar çox komanda olub ki, kart cəzasına görə uğuru əldən verib. Görünən odu ki, futbolçularla bu barədə daha çox danışılmalıdı. Qaydalar onlara çatdırılmalıdı. Futbolçunu oyuna daha düzgün motivasiya etmək lazımdı. Hər bir tələb futbolçunun üzərinə düşür ki, özünü meydanda düzgün idarə etsin. Nə qədər məsləhət versək də, onu yerinə yetirən futbolçu özüdür. Hamısı məsuliyyətli olmalıdı. Şans bəzən bir dəfə olur. Ondan da maksimum istifadə etmək lazımdı ki, heç olmasa sayda üstələməsin. Oyunda üstələsə, sayda da üstələsə, rəqib üçün böyük üstünlük olur. Son vaxtlarda ən vacib elementlərdən biridi və bunun üzərində çox dayanılmalıdı. Hakimlərin fikirləri fərqlidi. Nizamnamə var. Elə hakim var ki, ona uyğun gedirlər. Bəziləri isə düşünür ki, bu mübarizə oyunudu, bəzən qırmızını vermək də olar, sarı da göstərmək olar. Çox dərinə getmirlər.