Bilindiyi kimi, AFFA yığmanın baş məşqçisi postuna portuqaliyalı Fernando Santuşu gətirdi.
Onunla bağlanan müqavilənin müddəti “3+1” illikdi, hədəf isə AÇ-2028-ə vəsiqə qazanmaqdı.
Bəli, ölkəmizin futbol təsərrüfatında son dörd günün ən aktual mövzusu budu və çox güman, dörd il bu çərçivədə müxtəlif elementlərlə zəngin müzakirələrə şahidlik edəcəyik. Niyə də yox?! Hər halda, yığmamıza bel bağlamaq istəyiriksə, müəyyən detalları saf-çürük etməkdə fayda var. Ümumi prinsiplərə əsasən uğurun açarı iki amilin bir-birini tamamlamasıyla araya-ərsəyə gələ bilər - Fernando Satuş və komandası.
Yeni baş məşqçi haqda ətraflı məlumata sahibik. Futbolçu karyerası qaneedici olmasa da, məşqçi kimi böyük uğurlara imza ataraq adını dünya futbol tarixinə yaza bilib. İş orasındadı ki, bunlar uzun illər əvvəl baş verib və daha təkrarlanmamaq ehtimalını gözardı edə bilmərik. Ən azı, yaşı, son zamanlarda büdrəməsi və xeyli tənqidə məruz qalması bunu deməyə əsas verir. Sirr deyil ki, yaşananlar onun bacarıqlarını göstərməsinə mənfi yöndən yansıya bilər. Düzdü, Santuş Portuqaliya millisini Avropa çempionu edib. Lakin Polşa yığmasında və “Beşiktaş”da yaşanan uğursuzluğun müəllifi də odu axı. Əlbəttə, burda yeganə günahkar baş məşqçi deyil. Hətta sözügedən komandalarla bağlı ciddi problemləri qabardaraq Santuşu bu şanssızlıqlardan üzüağ çıxarmaq olar ki, millimizlə bağlı durum da ürəkaçan deyil. Bəli, Santuş həm millimizi çalışdıracaq, həm də futbolun inkişafı üçün məsuliyyət daşıyacaq. Maraqlıdı ki, onun qarşısına Millətlər Liqasıyla bağlı konkret hədəf qoyulmayıb. Yəni yığmamız İsveç, Slovakiya və Estoniya seçmələriylə keçiriləcək oyunlarda uduzsa, AFFA onu məşhər ayağına çəkə bilməyəcək. Növbəti mövzu isə yeni baş məşqçinin Azərbaycandakı qazancıdı. Bilindiyi kimi, assossasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev həmkarımızın Santuşun maaşıyla bağlı sualının cavabında dedi ki, məbləğ açıqlanmayacaq. Təcrübəli mütəxəssisin məvacibinin maraq doğurması təbiidi. Bu üzdən araşdırma aparan bəzi mənbələrin iddiasına görə, onun illik qazancı 1,4 milyon avro olacaq. Rəsmi oyunlardakı qələbə və heç-heçələrə görə mükafatlar alacaq ki, belədə gəliri iki milyon avroya çatacaq. Bəs millimiz 2028-ci ildə keçiriləcək AÇ-2028-ə vəsiqə qazansa? Bu zaman Santuşa əlavə üç milyon avro ödəniş ediləcək. Üstəlik onun Azərbaycanda yaşayacağı bəllidisə, burdakı xərclərinin AFFA tərəfindən qarşılanacağı deyilir. Gözdən çıxarılan milyonlar faydalı olacaqmı? Kaş olsun! Amma...
İkinci amilə keçək. Komanda. Layihə uzun müddəti əhatə edəcək. Belədə milli üzvlərinin gənc və perspektivli olmasının vacibliyi qabardılmalıdı. Bəli, AFFA prezidenti Rövşən Nəcəfin baş məşqçinin təqdimat mərasiminə, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun vacib iclasa qatılmadığını bilirik. Fernando Santuşun Canni de Byazini xatırladan özgüvənli çıxışına şahidlik etdik. Əlbəttə, bunlar da yetərincə ciddi mövzulardı və üzərində baş sındırmağa dəyər. Lakin öz gözümüzdəki tiri görmədən başqasının gözündə çöp axtarmağın nə mənası var? Axı bizim ciddi layihələrin bir hissəsi olacaq və uğurların zəminini formalaşdıracaq nəinki komandamız, milli üzvlərimiz də yoxdu. Varsa, kimi nəzərdə tutursuz? Bu gün meydanda olan, adı dillərdən düşməyən futbolçularımızı? Allah hamısına can sağlığı versin, amma AÇ-2028-ə qədər onlardan neçəsi heç olmasa, indiki formasında olacaq? Ümumiyyətlə, futbol oynamağa davam edəcəklərmi? İstər-istəməz gözümüzü gənclərə dikirik. İnsafən, deyə bilərik ki, yığmamız üçün “səhrada su” saya biləcəyimiz bir neçə oyunçu mövcuddu. Musa Qurbanlı, Ceyhun Nuriyev, Emil Mustafayev, Emil Səfərov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Toral Bayramov, Rza Cəfərov kimi futbolçular ümid yerimizdi. Saylarının az olması futbol ictimaiyyətini çəkindirmi? Bəli, bizim pulumuz çoxdu. Saysız-hesabsız başbilənlərimiz var. Yeni klublar təsis edilir. Akademiyalar açılır. Ölkəmizdə futbola həvəs göstərənlərin sayı artmaqdadı. Amma nə uğurlarından ağızdolusu danışılacaq futbolçularımız var, nə ölkə miqyasında ən müasir standartlara cavab verən infrastruktura sahibik, nə də millimizin beynəlxalq arenada öyünüləcək uğurlarına... Qısası, bizim hər şeyimiz var, heç nəyimiz yoxdu...
KƏNAN BAHADIR