Dörd ildən bir keçirilən Avropa çempionatında ən güclü müəyyənləşəcək.
Jurnalist Anar Xanlarova bu suallarla müraciət etdik: qarşıdakı Avropa çempionatından gözləntiləriniz nələrdi? Sizcə, AÇ-2024 futbola yeni tendensiyalar gətirə biləcəkmi? Hansı yığmaların favorit olduğunu düşünürsüz? Millimizin növbəti AÇ-da iştirak şansına necə baxırsız? Onun “football-plus.az”a söylədikləri:
“Hər böyük turnir - istər Avropa, istərsə də dünya çempionatı özü ilə yeni tendensiyalar gətirir. Bu mənada AÇ-2024 də istisna deyil. Hansısa yeni futbolçunun, məşqçinin parlamasını da görə bilərik. Almaniya millisi turnirin ev sahibidi, doğma publika amili var, bundestimi əsas favorit hesab edirəm. O ki qaldı bizim millinin növbəti AÇ-də iştirak şansına, məlum məsələdi ki, Azərbaycan futbolu yeni mərhələyə qədəm qoyur. AFFA-dakı rəhbər dəyişikliyindən sonra futbol ictimaiyyətində gələcəyə nikbin baxış meyilləri var. Təbii ki, milli komandaya yeni baş məşqçi seçimindən də çox şey asılıdı. Bu məsələdə maksimum diqqətli olmalıyıq, düzgün seçim edilməlidi. Seçim düzgün olarsa, strategiya düzgün qurularsa, AÇ-2028-ə gedə bilərik”.
KAMAL SƏFƏR