Menecerlər Avropa yolçuları haqda fərqli düşünür

1.06.2024 16:32 188
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 2023/24 mövsümünün botməsinə 8 tur qalmış çempionun adına aydınlıq gəlməsinə baxmayaraq, avrokuboklara vəsiqə uğrunda gərgin mübarizəyə şahidlik etdik.

Demək olar ki, “Kəpəz”lə “Qəbələ”dən başqa bütün komandalar çempionatda bir dəfə də olsa, 2-ci pilləyə yüksəldi. Lakin heç bir vaxt davamlı şəkildə ikinci pillə sahibini görmədik. Xüsusən də son turlarda 4 komanda - “Zirə”, “Sabah”, “Neftçi” və “Sumqayıt” həmin mövqedə bir-birini əvəzləyirdi. Son tura qədər davam edən rəqabət “Neftçi”nin Avropadan kənarda qalmasıyla nəticələndi.

Belədə ölkəmizi Avropada təmsil edəcək klublar müəyyənləşdi. “Qarabağ” artıq Avropa arenasında sözünü dediyi üçün komandaya həm inamımız, həm də ondan gözləntilərimiz yüksəkdi. Avropada mübarizə aparacaq qalan kiomandalara, “Zirə”, “Sabah” və “Sumqayıt”a gəlincə, rahatlıqla hansısa fikir bildirmək mümkün deyil. Çünki onların “Qarabağ” kimi keyfiyyətcə bir-birinə yaxın iki heyəti yoxdu. Məsələn, Avropa Liqasına gedəcək “Zirə”nin hücumda, Konfrans Liqasında mübarizə aparacaq “Sumqayıt”ın müdafiədə və eyni liqada çıxış edəcək “Sabah”ın isə yarımmüdafiədə müəyyən boşluqları olduğu görünür. Amma hər üç komanda arasında ümumi qiymətləndirmə apardıqda, “bayquşlar”ın “qartallar” və “kimyaçılar” ilə müqayisədə bir az daha fərdi keyfiyyətlərə sahib futbolçulara malik olduqları görünür. Sözsüz, Avropada uğurlu çıxış etmək istəyən hər bir komandamız heyətini gücləndirməklə müəyyən rotasiyalar edəcək. Lakin hansı mövqelərə, hansı tərzdə futbolçu cəlb edəcəkləri maraq doğurur. Görəsən, Avropada mübarizə aparacaq təmsilçilərimizdən hansılar heyətini gücləndirmək üçün daha ciddi hərəkətlilik göstərəcək? Bu haqda menecer fikirlərini öyrəndik.

Tural Əsgərov:
“Məncə, komandaların ötənilki heyətini təhlil etməyə ehtiyac yoxdu. Çünki həmin heyətlər qarşılarına qoyulan vəzifənin öhdəsindən gəldilər. Bundan sonrasına gəlincə, inanmıram ki, Avropaya vəsiqə qazanan komandaların heyətində ciddi dəyişikliklər olsun. Ancaq yəqin ki, bütün mövqeləri gücləndirməyə çalışacaqlar. Nə dərəcədə alınacaq-alınmayacaq, bunu zaman göstərəcək. Daha ciddi hərəkətliliyi isə yəqin ki, Avropaya vəsiqə qazanmayan komandalardan gözləməyə dəyər”.

Emil Şükürov:
“Qarabağ” həmişə hədəfləri yüksək olan klubdu, bu səbəbdən Çempionlar Liqası üçün heyətini gücləndirməsi vacibdi. Ən azı qapıçı və ikinci mərkəz hücumçusu, mərkəz müdafiəçisi mövqelərinə alternativlər lazımdı. “Zirə”nin mövsümboyu ən çox əziyyət çəkdiyi mövqe hücum xətti olub. Həmçinin cəmi üç mərkəz müdafiəçisi var. Bu mövqelərə oyunçu transferi gözləniləndi. “Sumqayıt”la “Sabah”ın müqayisəsində isə Masazır təmsilçisini daha balanslaşdırılmış sayıram. Oturuşmuş heyətləri var. “Sumqayıt”da heyət dəyişikliyinin daha çox olacağını təxmin edirəm”.


KAMAL SƏFƏR