Deyəsən, futbol dünyasında tədricən yeni termin peyda olur.
“Football-plus.az” xəbər verir ki, Harri Keyn hələ “Tottenhem”də çıxış edərkən onun vurduğu qolların fonunda titulsuzluğu diqqəti çəkməyə başlamışdı. Amma həmin vaxt çoxları bunu London klubunun titul qazanmaq iqtidarında olmaması ilə əlaqələndirmişdi. Müasir dövrün ən yaxşı və tanınmış futbolçularından birinin “Bavariya” kimi klubda da titul qazana bilməməsi artıq “Keyn lənəti” terminini bir qədər də aktuallaşdırdı. Çünki İngiltərə yığmasının kapitanı Münhenə gələnə qədər “Bavariya” ardıcıl 12 il ən azı bir titul qazanmışdı. Bu seriya məhz 30 yaşlı futbolçunun gəlişi ilə qırıldı! “Rekordmayster” superkubokda “Leyptsiq”ə, bundesliqada çempionluq uğrunda mübarizədə əsrarəngiz “Bayer-04”ə (və “Ştutqart”a), kubokda 1/16 finalda 3-cü bundesliqa təmsilçisi “Saarbrükken”ə və nəhayət, Çempionlar Liqasının yarımfinalında dramatik şəkildə “Real”a boyun əydi. Keyn peşəkar səviyyədə 14-cü mövsümünü başa vursa da, hələ də titulsuzdu. Halbuki o, bu müddət ərzində nə az, nə çox – düz 53 titul qazana bilərdi. Bu yazıda 400-dən çox qol vurmuş futbolçunun karyerasını və titul qazanmağa yaxın olduğu dönəmləri xatırlayacağıq. Öncə onun karyerasına və qaçırdığı titullara aid cədvələ nəzər salaq.
1 2 3 4
2010/11 1-ci liqa (3-cü divizion) Leyton Orient 7
2011/12 Çempionşip Milluoll 16
İngiltərə kuboku Milluoll 1/8 final
Avropa Liqası Tottenhem qrupda 3-cü
2012/13 Premyer-liqa Tottenhem 16
Premyer-liqa Norviç 11
Çempionşip Lester 6
İngiltərə kuboku Norviç 1/16 final
2013/14 Premyer-liqa Tottenhem 6
Liqa kuboku Tottenhem 1/4 final
Avropa Liqası Tottenhem 1/8 final
2014/15 Premyer-liqa Tottenhem 5
İngiltərə kuboku Tottenhem 1/16 final
Liqa kuboku Tottenhem final
Avropa Liqası Tottenhem 1/16 final
2015/16 Premyer-liqa Tottenhem 3
İngiltərə kuboku Tottenhem 1/8 final
Liqa kuboku Tottenhem 1/16 final
Avropa Liqası Tottenhem 1/8 final
2016 Avropa Çempionatı İngiltərə yığması 1/8 final
2016/17 Premyer-liqa Tottenhem 2
İngiltərə kuboku Tottenhem yarımfinal
Çempionlar Liqası Tottenhem qrupda 3-cü
Avropa Liqası Tottenhem 1/16 final
2017/18 Premyer-liqa Tottenhem 3
İngiltərə kuboku Tottenhem yarımfinal
Çempionlar Liqası Tottenhem 1/8 final
2018 Dünya çempionatı İngiltərə yığması yarımfinal
2018/19 Premyer-liqa Tottenhem 4
İngiltərə kuboku Tottenhem 1/16 final
Liqa kuboku Tottenhem yarımfinal
Çempionlar Liqası Tottenhem final
Millətlər Liqası İngiltərə yığması yarımfinal
2019/20 Premyer-liqa Tottenhem 6
Çempionlar Liqası Tottenhem 1/8 final
2020/21 Premyer-liqa Tottenhem 7
İngiltərə kuboku Tottenhem 1/8 final
Liqa kuboku Tottenhem final
Avropa Liqası Tottenhem 1/8 final
Millətlər Liqası İngiltərə yığması qrupda 3-cü yer
2021 Avropa Çempionatı İngiltərə yığması final
2021/22 Premyer-liqa Tottenhem 4
İngiltərə kuboku Tottenhem 1/8 final
Liqa kuboku Tottenhem yarımfinal
Konfrans Liqası Tottenhem qrupda 3-cü
2022 Dünya çempionatı İngiltərə yığması 1/4 final
2022/23 Premyer-liqa Tottenhem 8
İngiltərə kuboku Tottenhem 1/8 final
Liqa kuboku Tottenhem 1/16 final
Çempionlar Liqası Tottenhem 1/8 final
Millətlər Liqası İngiltərə yığması qrupda 4-cü yer
2023/24 Almaniya superkuboku Bavariya məğlubiyyət
Bundesliqa Bavariya 3
Çempionlar Liqası Bavariya yarımfinal
1 – mövsüm, 2 – turnir, 3 – komanda, 4 - yer
İlk uğursuzluq
Yazıya keçməmiş bəzi məqamları xüsusi vurğulayaq. Yazıda və qeyd etdiyimiz cədvəldə yalnız Keynin meydana çıxdığı turnirlər nəzərə alınıb. Oynamadığı, amma adının iştirak ərizəsində olduğu turnirləri də nəzərə alsaq, Keynin qazana biləcəyi titulların sayı 60-a çatacaq! Çünki belədə siyahıya 2009/10-un Liqa kuboku, 2010/11-in ölkə kuboku, 2011/12-nin premyer-liqa və Liqa kuboku, 2013/14-ün ölkə kuboku, 2017/18-in ölkə kuboku və ötən mövsümkü Almaniya kuboku da əlavə olunacaq. Siyahıdakı 53 mümkün tituldan 38-i “Totenhem”in heyətində qazanıla bilərdi. Bir qədər utopiya kimi sələnsə də, 2012/13-də Keynin premyer-liqanı qazanmaq üçün hətta ikiqat şansı var idi. Çünki o, həm “Tottenhem”in, həm də “Norviç”in heyətində oynamışdı. Amma onların heç biri ilə “5-liy”ə də düşə bilmədi (uyğun olaraq 6 və 11). Hətta İngiltərənin 1-ci liqası da ünlü futbolçu üçün “alınmaz qala” oldu. O, karyerasının lap əvvəlində “Leyton Orient”lə bu turnirdə oynasa da, yalnız 7-ci pillə ilə kifayətlənməli olmuşdu. “Lester”lə 2012/13-də çempionşipi də qazanmaq mümkün olmamışdı. Halubki bu komanda cəmi 3 mövsüm sonra premyer-liqanın qalibi oldu. 2023/24-ü onun karyerası üçün ən uğursuz dönəm saymaq olar. Çünki Keyn işitrak etdiyi bütün turnirlərdə kubok qazanmağa yaxın olsa da, sonda heç birini qazana bilmədi.
Harrinin titul qazanmaq üçün ilk ciddi şansı 2014/15-də yarandı. Həmin vaxt Maurisio Poçettino yenicə komandanın başına keçmişdi. Londonlular ölkə kubokunda artıq 2-ci mərhələdə uduzsalar da, premyer-liqada sona qədər “4-lük” uğrunda savaşdılar və 5-ci pillə ilə kifayətlənməli oldular. Liqa kubokunda isə komanda 6 illik fasilədən sonra ilk dəfə finala yüksəldi və “Çelsi”yə rəqib oldu. “Tottenhem” həlledici oyunda 2 cavabsız qolla uduzdu. Bu turnirdə 6 oyunda 3 qol vuran, eləcə də premyer-liqada mövsümün ən yaxşı gənc oyunçusu seçilən 21 yaşlı Keyn oyundan sonra “daha da güclü şəkildə qayıdacağıq” açıqlamasını verdi.
Mourinyo finala iki gün qalmış qovuldu
Qəhrəmanımız növbəti “futbol ili”ni də güclü keçirərək premyer-liqada 25 qolla bombardir oldu. “Tottenhem” daxili kuboklarda mübarizəni erkən dayandırsa da, premyer-liqada, demək olar, mövsüm boyunca “Lester”i qarabaqara izlədi. Amma sona 2 tur qalmış “Çelsi” ilə səfər oyununda qeydə alınan 2:2-dən sonra Keynin sabiq klubu çempionluğu rəsmiləşdirdi. “Tottenhem” həvəsdən düşərək qalan 2 matçda da uduzdu və mövsümü 3-cü pillədə tamamladı. Amma Harri həvəsdən düşmək istəmirdi. Onun fikrincə, “Tottenhem” düzgün yolda idi. Çünki “Çelsi” “Stemford Bric”də son anlarda hesabı 2:2 edərkən, buna dəlicəsinə sevinmişdi...
2016/17 Keynin karyerası ərzində premyer-liqanı qazanmağa ən yaxın olduğu mövsüm oldu. Londonlular bütün mövsümü ilk “4-lük”də keçirdilər. 36-cı tura komanda lider “Çelsi”dən cəmi 4 xal geridə olmaqla 2-ci pillədə və 9 oyunluq qələbə seriyası ilə daxil oldu. Amma London derbisində səfərdə “Vest Hem”ə minimal hesablı məğlubiyyət “mahmızlar”ın çempionluq arzularını “dəfn etdi”. Maraqlıdı ki, ölkə kubokunun yarımfinalında Keyni və komandasını yenə “Çelsi” dayandırdı. Harrri həmin mövsüm yenə bombardir oldu və premyer-liqada ardıcıl 3-cü il 20-dən çox qol vuraraq mükəmməl bir göstəriciyə nail oldu. O mövsüm “Çelsi”ni çempion edən Antonio Konte Keynə heyranlığını gizlətmirdi: “Bu dəqiqə mənim bir futbolçu transfer etmək fürsətim olsaydı, bu, Keyn olardı”. İngiltərə daxilindəki turnirlərdə tiul qazanmaq üçün Keynin əlinə ən gözəl fürsət bir də 2020/21-də düşdü. Həmin vaxt Joze Mourinyonun “Tottenhem”i Liqa kubokunun finalına yüksəldi. Bu, həmin mövsümdə nəsə qazanmaq üçün yeganə şans idi. Çünki premyer-liqada komanda heç “5-lik”də də deyildi. Avropa Liqasında isə mübarizə artıq 1/8 finalda dayandırılmışdı. Amma Liqa kubokunun finalından 2 gün öncə Moruinyo qəribə şəkildə istefaya göndərildi. Hətta Keyn özü də açıqlamasında təəccübünü gizlədə bilməmiş və Joze ilə münasibətlərinin əla olduğunu vurğulayaraq ona gələcəkdə uğurlar arzulamışdı. Mourinyo özü də bir neçə ildən sonra etiraf edəcəkdi ki, bu, onun məşqçi karyerasının ən qəribə və mənasız istefası oldu. Nəticədə “Tottenhem” “Mançester Siti”yə 0:1 uduzaraq daha bir mövsümü titulsuz tamamladı.
ÇL-in finalı və növbəti uğursuzluq
2018/19 haqda bir qədər ətraflı danışmağa dəyər. Çünki Poçettinonun dönəmindəki ən uğurlu mövsüm məhz bu oldu. Komanda premyer-liqada ilk “4-lüy”də düşməyi bacardısa, Liqa kubokunun yarımfinalında (növbəti dəfə) “Çelsi” səddi keçilməz oldu. Çempionlar Liqasında London klubu çətinliklə qrupdan çıxmasına baxmayaraq, pley-offda tarix(lər) yazmağa başladı. 1/4 finalda “Mançester Sitti” səddini aşmaq mümkün oldu. Cavab oyunundakı “qol yağışı”nı (4:3) və Sterlinqin son saniyələrdəki qolunun Cüneyt Çakır tərəfindən ləğv olunmasını, yəqin ki, futbolsevərlər gözəl xatırlayır. Yarımfinalda “Ayaks”la duel daha da dramatik alındı (evdə 0:1, səfərdə 3:2). Evdəki məğlubiyyətdən sonra rəqib meydanında Lukas Mouranın qəhrəmanlığı yerinə düşdü. Çünki Keyn o matçlarda iştirak etmirdi. Qəhrəmanımız 1/4 finalın ilk oyununda zədə alaraq 1,5 aylığa sıradan çıxmışdı. Amma finalı səbirsizliklə gözləyirdi və meydanda var gücünü qoyacağını deyirdi. Keyn həqiqətən də finala qədər zədədən qurtuldu və Madriddə “Liverpul”a qarşı həlledici görüşdə start heyətində meydana çıxdı. Amma “Tottenhem” artıq 1-ci dəqiqədə rəqibə penalti bağışladı. Son anlarda isə Orici 2-ci qolu da vurdu və “qırmızılar” gözləniləndən də asan şəkildə Avropanın ən güclüsü oldular. Təbii ki, Keyn yenə də çox üzgün idi: