“Liverpul” srağagün Yürgen Kloppun ayrılması münasibəti ilə tədbir keçirdi.
“Football-plus.az” xəbər verir ki, ünlü mütəxəssis Liverpul şəhərinin mərkəzində yerləşən “M&S Bank Arena”da keçirilən tədbir zamanı göz yaşlarını saxlaya bilmədi. Klopp burda fanatlarla söhbət edərkən maraqlı açıqlamalar verdi. O, klubun sahiblərini tərifləyərək bunları dedi:
“Biranlıq təsəvvür edə bilərsizmi ki, “Liverpul”un imkanları sərhədsizdi? Məsələn, bura eyni anda Mbappe, Bellingem və Holannın gəldiyini təsəvvür etmək mümkündümü? Xeyr. Çenki bu, bizim siyasətimizə uyğun deyil. “Liverpul” həmişə özünəməxsus tərzdə idarə olunub və bütün titulları da bunun sayəsində qazanıb. Biz oyunçu transfer edərkən gərgin danışıqlar aparmalı olurduq. Amma başqaları danışıqlar aparmadan istədiklərini ala bilirlər. Bu illər ərzində “Enfild”də iki yeni tribuna, eləcə də məşq bazası tikildi. “Melvud”u (məşq bazası) yenidən aldıq. Onun satılması zatən əvvəlcədən uğursuz addım idi. Bəziləri deyir ki, rəhbərlik bu addımla pul qazanmaq istəyir. Bu, o demək deyil ki, onlar bunu hər gün edir. Onlar bütün dünya ilə ayaqlaşaraq nəyəsə sərmayə qoyurlar. Əslində bu cür sahiblərə malik olduğumuz üçün sevinməliyik. Onlar London klublarında və ya digər klublardakı sahiblərdən çox fərqlənirlər. “Liverpul”un sahibləri London klublarının sahibləri kimi olsaydı, mən bu klubda bir ildən artıq qala bilməzdim. Çünki onları nəsə qane etmədisə, dərhal məşqçini qovurlar! Onların komandaları bəzən elə futbol oynayır ki, fanatlarda ümid yaranmağa başlayır. Amma yenə də sonda məşqçi qovulur. Bizdə isə belə deyil. Bizim klubun sahibləri məsuliyyət hiss edirlər və onlar da “Liverpul”un uğur qazanması üçün hər şey edirlər. Mən hər zaman onların dəstəyini hiss edirdim. Məncə, işbirliyimiz maksimum səviyyədə uğurlu alındı”.
Tədbirdə məşhur gülüş ustası Con Bişopun Kloppa sual ünvanlaması diqqəti çəkdi. O, “Mançester Siti” ilə bağlı premyer-liqa rəhbərliyi tərəfindən aparılan araşdırmaya işarə vuraraq Kloppun “Liverpul”dakı çempionluqlarının sayının arta biləcəyini dedi. Almaniyalı çalışdırıcı Bişopa sualı bitirməyə imkan verməyərək bunları dedi:
“Bununla bağlı tədbir keçirsəz, mütləq gələcəm. Bunun nə qədər zaman aparacağı məni maraqlandırmır”.
Xatırladaq ki, premyer-liqa rəhbərliyi 2009/10-dan 2017/18-ə qədər “Siti”nin 115 dəfə “maliyyə feyr-pleyi”ni pozması faktını hələ də araşdırır.