"Mətbuat məni göndərməyə çalışır"

26.05.2024 23:44 182
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 36-cı turunda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib - 2:2.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Bilirdik ki, son matçdı, "Qarabağ"a qarşı oynayırıq. Azarkeşlər üçün maraqlı oyun oldu. Qalib gələ də, uduza da bilərdik. Komandamı təbrik edirəm. Qarşıdakı günlərdə rəhbərliklə danışığınız olacaq. Ona uyğun hərəkət edəcəyik.

- Mətbuatda sizin "Araz-Naxçıvan"dan gedəcəyiniz, əcnəbi baş məşqçinin gələcəyi ilə bağlı xəbərlər var. Bugünkü nəticə ilə həmin xəbərlərə cavab verdiyinizi düşünmək olar?
- Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm. Mənim tələbim o olub ki, 2 aylıq müqavilə bağlayaq, komandanı tanıyım. Rəhbərlik mənə 1 il artıq müqavilə təklif edirdi. Mən razılaşmadım. Çünki bu çempionatı başa vurmaq lazımdı. Mətbuat məni göndərməyə çalışır. Əlbəttə ki, rəhbərliyin sözü önəmlidi.

- Sizin davam etmək fikriniz var?
- Mənim də tələblərim var. Daha iddialı komanda görmək istəyirəm. Tələblərim yerinə yetirilsə, bu layihə mənə uyğundu. "Qəbələ" necə söz sahibi mən idimsə, burada da 2 ay ərzində mənim sözüm komandanın üstündə olub. Yenə də görüş hər şeyi aydın edəcək. Ümid edirəm ki, mənim təkliflərim də klub üçün maraqlı olacaq.

- "Qəbələ"nin aşağı liqaya düşməsinə məyus olduz?
- Çox məyus oldum. Futbolçuların klubdan ayrılmasına daha çox məyus olmuşdum. Futbol onu göstərir ki, hər şeyin qədrini bilmək və oyunçuları komandada saxlamaq önəmlidir. Riskə getdik. O risk də özünü doğrultmadı. "Qəbələ" köklü klubdu. İnanıram ki, 1 il sonra onları yenidən premyer-liqada görəcəyik.