“Football-plus.az” xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
"Matç barədə fikirlərimizi bölüşməmişdən öncə, Sumqayıtımızın fəxri, dostumuz İlham Zəkiyevi Misirdə təşkil olunan Qran Pridə qızıl medal qazandığına görə təbrik edirəm. Zəng vuraraq özü ilə də danışdım. Həm öz, həm də komanda adından onu təbrik etdim. Oyuna gəlincə, nə deyim vallah?! Bu "Sumqayıt" "Qarabağ"ı məğlub edə bilməz. Reallığı götürsək, bu bizim gücümüzdə deyil. Baş məşqçi olaraq bunu anlayıram. Rəqibi təbrik edirəm. Çempionatın son mərhələsinə giririk. Qarşıda bizi çox vacib matçlar gözləyir. Son iki ağır məğlubiyyətdən sonra hazırlaşmaq üçün vaxtımız var. Kimlərin harda olduğunu çempionatın sonunda görəcəyik".
- Mətbuat konfransınlarının birində demişdiz ki, komandada ruh yoxdu. Bunun səbəbi nədi? "Sumqayıt” "Qarabağ"a niyə bu qədər tez təslim oldu?
- Futbolçular meydana ümidlə çıxırlar. Qapıda qol gördükcə özünə, komanda yoldaşına inam itir. Belə məğlubiyyətlərdən sonra təhlil üzərində dayanmıram. Buraxdığımız qollar bizim gücümüzü göstərir. Söhbət ruhdan, ürəkdən getmir. İki ötürmədən sonra topu itirirsənsə, hansı ürəkdən danışa bilərik? "Sabah" və "Qarabağ"la oynamaq bizim üçün çox çətindi. Meydanda nələrsə etməyə çalışırıq. Diqqətlə baxanda görünür ki, futbolçulara nələri etmək tapşırılıb. Bəlkə də səhv bizdədi ki, bunları etdirməyə, futbol oynatmağa çalışırıq. Bu gün keyfiyyət bəllidi. Bütün komandalarla oynamaq olar. Amma bugünkü "Sumqayıt" üçün bu çox çətindi.
- Fasilədə və matçdan sonra futbolçulara nə dediz?
- Heç nə. Dedim ki, bu futboldu, belə şeylər olur. Dünən Çempionlar Liqasında "Leyptsiq" kimi komanda 0:7 hesabı ilə uduzdu. Dedim ki, heç kim heç kimin üstünə düşməsin, bir azarkeş kimi ikinci hissədə meydanda futbol görmək istəyirəm. Bu gün 0:4, 0:6 hesabı ilə məğlub ola bilərik. Amma meydanda elə futbol sərgiləməliyik ki, qarşıdakı matçlar üçün stimul versin.
RƏŞAD




