“İtirdiyimiz xallar bizi çox məyus edir“

12.05.2024 22:35 166
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 34-cü turunda “Səbail” “Sumqayıt”a 1:2 hesabıyla məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Uduzmağımıza baxmayaraq, meydanda komanda var idi. "Sumqayıt"ı təbrik edirəm. Amma bu gün "Səbail" daha yaxşı futbol oynadı. Mənim üçün əsas oyundu. Oyun olduqda nəticə gələcək. 6-cı yer də bizim üçün nəticədi. Gələn il daha yaxşı olacağıq. Yeni komandayıq. Stabilliyin çatmaması normaldı. İtirdiyimiz xallar bizi çox məyus edir. Avrokuboklar uğrunda mübarizə aparan komandaların hər biri ilə başa-baş oynadıq. İrəli baxırıq, nikbinəm. Futbolçularımla fəxr edirəm. "Sumqayıt"ı 90 dəqiqə təzyiq altında saxladıq. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bizim də penaltimiz var idi. O verilsəydi, oyun dəyişəcəkdi.”


- Mövsümün əvvəlində yığdığınız sürəti sona qədər çatdıra bilmədiz. Səbəb nədi?
- Yeni heyətin olması imkan vermədi. Nə qədər rotasiyalar etmişəm. İdealı tapmaq üçün zaman lazımdı. 8 ayda bunları etmək çox çətindi. Biz 6-lıq üçün oynayırdıq. Amma gələn il üç mövqeyi düzəldə bilsək, daha etibarlı oynayacağıq.

- Yeni mövsümlə bağlı rəhbərliklə danışığınız olub?
- Yox, hələ ki olmayıb. Problemlərin həllini düşünmək lazımdı.

-Bu mövsüm "Sumqayıt"a dörd oyunun hamısında uduzmusuz...
-Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydi. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadı. Futbol faktı sevir. Düzdü, nəticələr ortadı.