Bəbir Məmmədov: “AFFA-ya müraciət etmişik, bircə təsdiq qalıb”

22.04.2024 21:50 299
I liqa / Manşet
Misli premyer-liqasına yüksəlmək üçün 1-ci liqada gərgin mübarizə gedir.

Reqlament pozulmasa, liqanın qalibi elitaya yüksəlmək şansı qazanacaq. “Araz-Naxçıvan”ın taleyini təkrarlamağa bir addım daha yaxın olan isə “Qaradağ Lökbatan”dı. Xal sayını 48-ə çatdıran komanda mövsüm başlayandan cəmi iki məğlubiyyət yaşayıb. Liderlik kürsüsündən düşməyən qaradağlılar bu gedişlə yaxın günlərdə premyer-liqaya vəsiqəni təmin edə bilər. Lakin vəsiqə qazanmaq hələ yeni mövsümdən elitaya yüksəlmək anlamına gəlmir. Bunun üçün AFFA-nın Lisenziya Komissiyasının qərarı da lazımdı. “Qaradağ Lökbatan” tarixində iki dəfə qalib olsa da, məhz bu üzdən güclülər dəstəsinə qoşula bilməyib. Əsas problem ondan ibarətdi ki, “Qaradağ Lökbatan” hələ də “Neftçi” İdman Klubunun tərkibindədi. Bu halda isə yenə elitaya buraxılmayacaqlar. Bəs çempionluğa yaxınlaşan komanda premyer-liqada iştirak yolunda hansı addımlar atır? Bu məsələni aydınlaşdırmaq üçün “Qaradağ Lökbatan”ın direktoru Bəbir Məmmədovla əlaqə saxladıq:
“Hazırda premyer-liqa üçün hazırlıq başlayıb. Məşq üçün baza ilə bağlı problemlərimiz var. Əsas onun üzərində işləyirik. “Neftçi” İdman Klubundan ayrılmaq üzrəyik. Bildiyiniz kimi, bundan əvvəl də belə səbəbə görə premyer-liqaya yüksələ bilməmişdik. Ona görə əvvəlcə “Neftçi”dən ayrılmalıyıq. AFFA-ya müraciət etmişik. Lisenziya almaq üçün hüquqi meyarları artıq tamamlamışıq. Hazırdı, bircə təsdiqi qalıb. Həmçinin də maliyyə ilə bağlı problemlərimiz vardı ki, onları da qaydasına salmağa çalışırıq. Yəqin ki, yaxın müddətdə qərarı açıqlayarıq”.


RÖYANƏ OĞUZ