"Kəpəz" iki antirekordunu təkrarladı

1.04.2024 12:45 150
Ölkə futbolu
“Kəpəz” iki antirekordunu təkrarlayıb.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi ölkə çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.

Adil Şükürovun baş məşqçisi olduğu kollektiv premyer-liqanın 28-ci turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub.

2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.

“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında 6 qol vurub.

Qeyd edək ki, “Kəpəz” son ev matçını Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.