Nazim Süleymanov: “14 min manatımı almasam, burdan gedən deyiləm”

29.02.2024 16:40 2 290
I liqa / Manşet
Ötən gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 16-cı tura start verildi. Turun açılış matçında “İrəvan” MOİK-i qəbul etdi.

Həmişə olduğu kimi, yenə də ilk işim start heyətlərinə nəzər yetirmək oldu. Son vaxtlar adı hər cür qalmaqalda hallanan meydan sahibləri çətin qarşılaşmaya 16 futbolçu ilə gəlmişdi ki, bu da son oyunlar üçün ən yüksək göstəricisi idi. Ötən matçdan fərqli bu dəfə ehtiyatda qapıçı da yer almışdı. Komandanın aparıcı futbolçularından Kamal Mirzəyev və Vüsal Əsgərov isə oyuna ehtiyat oyunçular skamyasında başladı.

Oyuna maraq ötən görüşlərdəki durumla eyni idi. Bir zamanlar “Şəfa” və “İnter” kimi klubların çıxış etdiyi stadion yenə səs-səmirsiz qalmışdı. Tribunalarda maksimum 40-50 nəfər olardı, ya da olmazdı. Matçın startında maraqlı hadisə baş verdi. “İrəvan”ın baş məşqçisi Nazim Süleymanov kluba mesaj yolladı. O, “14 min manatımı almasam, burdan gedən deyiləm”, - deyə etirazını bildirdi.

Gözlənildiyi kimi, oyun qonaqların üstünlüyü şəraitində başladı. 5-ci dəqiqədə Sabir Allahquliyev akrobatik zərbə ilə qapını yoxladı. Lakin dəqiq ola bilmədi. Çox keçmədən Nurlan Bayramovun zərbəsi təhlükəli alındı. Onun toxunuşunda top “çərçivə”yə düşmədi. “Hərbçilər” qol istəyinə 22-ci dəqiqədə çatdı. Elvin Valiiev müdafiəçilərin səhvindən yararlanıb hesabı açdı. 5 dəqiqə sonra qonaqlar penalti də qazandı. Topun arxasına komandanın kapitanı Sabir Allahquliyev keçdi. O, dəqiq zərbə ilə fərqi 2 topa çatdırdı. MOİK-in daha bir dəfə fərqlənməsinə isə Andrey Sinenka mane oldu. Qolkiper Ülvi İbazadənin cərimə zərbəsindən vurduğu topa əla reaksiya göstərdi. “İrəvan”ın ilk təhlükəli hücumu isə hissənin sonlarında gəldi. Bəşir Ayralovun qüvvətli zərbəsi dirəyə tuş gəldi.

İkinci yarı da eyni ssenari ilə başladı. İlk dəqiqədə Ülvi İbazadə qapını yoxlasa da, qolkiper sayıqlığı itirmədi. 57-ci dəqiqədə Fərid Kərimzadənin zərbəsi dirəkdən döndü. Əvəzində qonaqlar fərqi üç topa çatdırdı. Sabir Allahquliyev dublunu rəsmiləşdirdi. 2 dəqiqə sonra Elmir Rəhimzadə adını tabloya yazdırdı. O, 77-ci dəqiqədə dubl, əlavə vaxtda isə het-trik müəllifi oldu. Son dəqiqədə Elvin Valiiev oyunda yekun hesabı müəyyənləşdirdi – 7:0.

Oyundan sonra “hərbçilər”in çalışdırıcısı Qəzənfər Abbasovla söhbətləşdik. O, matçla bağlı düşüncələrini bölüşdü:

“İrəvan”la oyuna da başqa matçlardakı kimi hazırlaşmışdıq. Ciddi məşqlər keçmişdik. Sadəcə, qış fasiləsindən sonra futbolçularımda arxayınlıq yaranmışdı. Lakin vəziyyəti xeyrimizə dəyişə bildik. Mingəçevirdəki qələbəmiz, “Qaradağ Lökbatan”la oyunda son dəqiqədə bərabərlik topunu vurmağımız buna işarədi. Bu gün də meydana mübarizə aparmaq üçün çıxmışdıq. Oyunçularım əllərindən gələni etdilər. Elmir Rəhimzadə son iki matçda 5 qol vurub. Bu, onun potensialının göstəricisidi. Ona həmişə inanmışıq və şans vermişik. Elmir isə bu etimadı doğruldub. Lakin onu və ya başqa birini fərqləndirmək istəməzdim. Onların hər biri gözəl çıxış etdi. Get-gedə inkişaf edirik. Futbolçularımızın məsuliyyəti də artır. Dayanmaq olmaz. Bütün oyunlara bu ciddiyyətlə hazırlaşacağıq və qarşımıza qoyulan çempionluq məqsədinə çatacağıq. İnfrasturuktur, stadion və maliyyə məsələləri rəhbərliyin işidi. Mənin işim komandanı hazırlayıb çempionluğa oynamaqdı”.

İSMAYIL XEYRULLAYEV