Avropa Liqasının pley-offunun “Braqa” - "Qarabağ" oyununu “CBC Sport”da Şəmsəddin Abbasov şərh edirdi.
Oyunboyu emosional görünən Şəmsəddin bəy şərh zamanı bəzi səhvlərə yol versə də, sonradan düzəltdi. Görəsən, onun emosionallığı portuqaliyalı həmkarlarında qıcıq doğurmayıb ki? Ümumiyyətlə, portuqaliyalı jurnalistlər meydanda yaşananları necə qarşılayıb? Bakıdakı oyunun taleyi necə olacaq?
Bu suallarla Şəmsəddin Abbasova müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:
"Mənim şərhlərim həmişə emosionallığı ilə seçilir. Xüsusən komandalarımız oynayarkən. Braqada olan jurnalist həmkarlarım haqda nəsə söyləmək istəmirəm. Kimdəsə qıcıq yaransa da, bu mənim işimdi. Onların qıcıqlanıb-qıcıqlanmaması mənə maraqlı deyil. Afinada "Olimpiakos"la oyunda istər yerli jurnalistlər, istərsə də azarkeşlər tərəfindən daha çox təzyiq var idi. Amma Portuqaliyada belə xoşagəlməz halın şahidi olmadıq. Üstəlik "Qarabağ"ın oyunu, göstərdiyi nəticə "Braqa" azarkeşləri və yerli jurnalistlər tərəfindən də qeyd olundu. Azarkeşlər ayağa qalxaraq komandamızı təbrik etməyə başladı. Jurnalistlər oyunsonrası mətbuat konfransında etiraf etdilər ki, komandamızın bu qədər keyfiyyətli, güclü futbol göstərəcəyinə inanmırmışlar. "Qarabağ" onları yaxşı mənada təəccübləndirdi. Bakıdakı oyun ağır keçəcək. Ehtiyatlı olmalıyıq. Avrokuboklarda belə təcrübəli rəqiblə görüşürük. "Braqa" bir çox döyüşdən çıxmış komandadı. Ona görə tam razıyam ki, hər şey Bakıda həll olunacaq. Lakin komandamıza inanırıq. Bilirik ki, belə möhtəşəm azarkeş dəstəyi nəticəsində "Qarabağ" bu mərhələni adlayacaq".
GÜNAY SÜLEYMANOVA