“Karyeramın əsas mövzusu risk etmək və sınamaqdı - yaxşı və ya pis keçə biləcək səyahətin bir hissəsi olmaq. Ancaq əsas odu ki, öyrənirsən” – Omar Berrada bu sözləri 2021-ci ildə biznes məktəbinin təmsilçiləri ilə söhbətdə demişdi. İndi isə Berrada çox uğurlu olduğu “Mançester Siti”dəki işinı yeni və ambisiyalı layihəyə dəyişməklə həyatının ən vacib çağırışını qəbul edir.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” şənbə günü 46 yaşlı mütəxəssisi yeni baş direktor təyin etməklə İngiltərə futbolunun bütün rəhbərlərinin otaqlarında şok effekti yaratdı. Son 16 ildə “qırmızı şeytanlar”ın düşərgəsində olan Riçard Arnoldu əvəz edən və yayda vəzifəsinin icrasına başlayacaq Berrada son 13 ildə “Siti”ni ilmə-ilmə yığıb, onsuz “şəhərlilər” çətin ki premyer-liqanı və Çempionlar Liqasını fəth edərdi. “Yunayted”in bununla bağlı rəsmi bəyanatında deyilir: “Klub tam qətiyyətlə futbolu və meydandakı nəticələri gördüyümüz işin mərkəzinə qaytarmaqda qərarlıdı. Omarın təyinatı bu yolda atılan ilk addımdı”.
INEOS şirkəti Berradanı “Siti”dən qoparmaqla hansı işgüzar əhval-ruhiyyədə olduğunu göstərdi. Ser Cim Retkliff və komandası “Yunayted”in səhmlərinin 25 faizini alandan və Qleyzer ailəsini futbol əməliyyatlarından uzaqlaşdırandan sonra gələcək uğurların fundamentini qoyur. “Yunayted”in yeni sahibi onu titullar qazanan kluba çevirmək niyyətini ortaya qoyub, bu isə o deməkdi ki, ortabab nəticələr qəbul olunmayacaq. Berradanın təyinatı da bu niyyətə xidmət edir.
Omar Berrada kimdi?
Berrada Parisdə - mərakeşlilərin ailəsində doğulub, məktəb təhsilini ABŞ-da alıb, ardından Massaçusets universitetinin mühəndislik bölümünə daxil olub. Ancaq cəmi 6 aydan sonra təhsili ataraq 18 yaşında Barselonaya yollanıb. İspaniyanın telekommunikasiya şirkəti “Tiscali”də işə düzələn Berrada elə orda gələcək xanımı ilə qarşılaşıb və futbol yoluna qədəm qoyub. “Barsa” “Tiscali”nin baş direktorunu marketinq üzrə direktor vəzifəsinə dəvət edib, o da klubu Berradaya iş verməyin vacibliyinə inandırıb. Bunun sayəsində Omar Çiki Beqiristayn və Ferran Soriano ilə tanışlıq imkanı qazanıb. Nəticədə Omar “Barsa”nın sponsorluq bölməsinin müdiri vəzifəsinə yiyələnib, 2011-ci ildə “Kamp Nou”nu tərk edənə qədər Pep Qvardiola ilə də münasibətləri yaranıb. Ardından mərakeşli “Siti”də biznesin beynəlxalq inkişafı bölməsinin rəhbəri olub, Beqiristaynla Soriano da bir il sonra “Etihad”da ona qoşulub. 2016-da – Qvardiola “sükan arxasına” keçəndən sonra “Siti”nin əməliyyat direktoru olan Berrada həm də Sorianonun sağ əli sayılırdı. Ümumilikdə 13 klubun daxil olduğu “Siti”nin futbol qrupunun idarəedici direkoru olan Sorianonun “Etihad”dakı gündəlik fəaliyyətə təkbaşına rəhbərlik etməsi mümkünsüz olduğundan Berrada marketinq, kommersiya və media üzrə direktor idi. O, həmçinin idman direktoru Beqiristayna yardım edirdi, transfer məsələlərində böyük rol oynayırdı. Berrada “Yunayted”ə təyinat alana qədər “Siti”də futbol əməliyyatları üzrə baş direktor idi.
Transferlərə düşünülmüş yanaşma
Berrada son 4 ildə “Siti”nin transfer strategiyasında həlledici rol oynayıb, konkret bir addım isə başqalarından seçilir. Əlbəttə, söhbət Dortmund “Borissiya”sından 50 milyon funt sterlinqə alınan, elə İngiltərədəki ilk mövsümündə az qala bütün rekordları yeniləyən Erlinq Holanndan gedir.
Berrada və Beqiristayn Holannın mümkün transferi ilə bağlı mərhum Mino Rayola ilə danışıqlara 2022-nin fevralında başladılar və iyunun əvvəlində “Real”la rəqabətdən qalib ayrıldılar. Holann Qvardiolanın qurduğu və ötən ilin iyununda Çempionlar Liqasını qazanan mexanizmin çatışmayan son detalı idi. Berrada “Sky”ın çəkdiyi, “Dedlayn günü: futbolun transfer pəncərəsi” adlı sənədli filmdə belə deyir: “Holann kimi oyunçu həqiqətən Avropadakı istənilən top-komandanı seçə bilərdi. Bizim üçün onun əsas motivasiyanın nə olduğunu müəyyənləşdirmək önəmli idi. Ona futbol layihəsi lazım idi. Futbol layihəsinin nə demək olduğunu anlatmaq üçün çox vaxt sərf etdik. O, güclü adamdı, qərarı özü verdi, ancaq aydındı ki, atasının vaxtilə “Siti”də oynaması da bu məsələdə təsir etməyə bilməzdi. Transfer bazarı, demək olar ki, yarışa çevrilib. Hədsiz çox təzyiqə məruz qalırsız. Bəli, sövdələşmənin elementləri var – maaş, qonorar, komissiya haqqı. Kimlə danışıq apardığınızı gerçəkdən anlamalısız. Bunu anlayandan sonra danışıqları necə aparmalı olduğunuzu biləcəksiz”.
Yeni oyunçuların transferinə düşünülmüş yanaşma – ser Aleks Ferqyuson gedəndən sonra “Yunayted”də çatışmayan məhz budu. Qleyzerlər komandaya milyardlar yatırsa da, düzgün planlamanın olmaması və şübhəli skautinq ona gətirib çıxardı ki, klub oyunçuları seçməkdə çətinlik çəkdi.
Qapalı dairəni dağıtmaq
“The Athletic”in yazdığına görə, Berrada yeni oyunçularla müqavilə bağlamaq məsələlərinə görə cavahdehlik daşıyıb, bu üzdən komandadakı maaş şkalasını bilməliydi. Məhz onun işi sayəsində “Siti” heç vaxt oyunçular üçün artıq pul ödəmir, maaşın dəqiq strukturu isə paltardəyişmə otağında harmoniyanı saxlamağa imkan verir.
“Siti”dən fərqli “Yunayted” yeni oyunçular üçün sarsıdıcı maliyyə paketi hazırlamışdı. Harri Maquayr, Ceydon Sanço və Antoni “Old Trafford”da özünü göstərmədən taleyüklü müqavilə bağlamışdı. Kazemiro və Rafael Varan kimi böyük oyunçular da uğursuzluğa düçar oldu, nəticədə “qırmızı şeytanlar” sıradan çıxan, zədə alan və ya Sanço kimi intizamsızlığa yol verən oyunçulara sentyabrdan bəri hər ay 500 min funt ödəyir. Bu qeyri-sabit maliyyə modeli ona gətirib çıxardı ki, bəzi oyunçular indiki baş məşqçi Erik ten Haqa qarşı qiyam qaldırmağa, əvvəlki mütəxəssislərin dövründə olduğu kimi, özlərini klubdan üstün tutmağa başladılar. Ferqyusonun 27 illik idarəçilik dövründə aşıladığı ehtiras və bitməyən qələbə yanğısı çoxdan keçmişdə qalıb, indi klubda çoxları yalnız öz maraqlarını düşünürlər.
Fred, Maqauayr və Kriştiano Ronaldo kimi oyunçular vaxtilə “Siti”yə də təklif olunub, ancaq “şəhərlilər” bu halların hər birində aydın klub strukturunu qorumağı üstün tutaraq, qonşu klubun transfer etməsinə imkan veriblər. “Yunayted”in yeni baş direktoru “Old Trafford”da işə başlayan kimi klubun transfer siyasətinə yenidən baxacaq. Mənasız xərclər dövrü tezliklə bitəcək, Retkliffin arzusundakı komandanın yaranması prosesi başlayacaq. Əlbəttə, buna qədər İngiltərə Premyer-Liqasının rəhbərliyi INEOS şirkətinin kluba sahibliyini təsdiqləməlidi.
Retkliff vaxtı boşa xərcləmir
Riçard Arnold hələ noyabrda “Yunayted”in baş direktoru postundan istefasını elan etmişdi ki, direktorlar şurasında yerdəyişmələr gerçəkləşsin. Berrada ilə hər şey fərqli oalcaq: o, futbol departamantinin işini tam yenidən qurmalıdı. Retkliff, həmçinin ser Deyv Breylsford və Jan-Klod Blan – “Yunayted”in işinə nəzarət edəcək INEOS komandasının daha iki üzvü – artıq klubun zəif tərəflərini müəyyənləşdirib. Onlar qəti əmindilər ki, məhz Berrada islahatlar aparacaq adamdı.
Berradanın təyin olunması haqda qərarı Coel və Avram Qleyzerlər imzalasa da, Retkliff lap əvvəldən “Siti”nin rəhbəri ilə danışıq aparıb. Britaniyalı milyarder personal seçiminə çox həssas yanaşır, hər şeyi sürətlə və effektli edir.
Berrada “Yunayted”in təklifinə dərhal “hə” deməyib, Mançesterin göy hissəsini qırmızıya dəyişməyə qərar verənə qədər bütün variantları götür-qoy edib. İki klub arasındakı indiki uçurum onu çox düşündürsə də, son nəticədə “rahatlıq zonası”nı tərk etməyə qərar verib.
Təbii ki, Omar “Old Trafford”a qədəm qoyacağı ilk gündən güclü təzyiq altında çalışacaq. İndi “Yunayted”də əsl bardaq ab-havası hökm sürür. Berrada isə uzun illər ərzində saz vəziyyətdə çalışan “Siti” mexanizminin bir hissəsi olub.
“The Telegraph”ın yazdığına görə, “qırmızı şeytanlar”ı cəlb edən cəhət həm də odu ki, Berrada akademiyanın ən yaxşı yetirmələrinin inkişafı və sonrakı satışı ilə məşğul olub. Koul Palmer, Ceyms Trafford və Romeo Laviya “Siti”nin son illərdə sata bildiyi futbolçuların bir qismidi. Bundan başqa, Berrada amansızlığı ilə də seçilir. Məşhur insayder Fabritsio Romanoya inansaq, yeni baş direktorun aşağı məhsuldarlığa malik futbolçulara münasibətdə fəlsəfəsinin mahiyyəti bundan ibarətdi: belələri bir-iki il ərzində satılmalıdı. “Old Trafford”da çalışacaq yeni direktorlar şurası heç kimin komandada uzun müddət qalmamasına nəzarət edəcək.
İrəlidə “Yunayted”i “elit klub” statusunu qaytarana qədər qət etməli olduğu uzun yol gözləyir. Ancaq indi bu prosesi sürətləndirə biləcək bir adam varsa, o da Berradadı.
Yeri gəlmişkən...
İngiltərə mediasının yaydığı xəbərə görə, “Mançester Yunayted”in oyunçuları baş məşqçi Ten Haqın məşqlərə yanaşmasından narazıdı. Niderlandlı mütəxəssisin taktiki məşğələlərinin hədsiz uzun sürməsi futbolçuların xoşuna gəlmir. Ten Haq komanda üzvlərinin hər şeyi düzgün anladığına əmin olmaq istəyir. Taktiki məşğələlər bəzən bir saata yaxın davam edir. Ten Haqın eyni tapşırıqları dəfələrlə təkrarlaması bəzi futbolçuları bezdirir.