Rusiya Antidopinq Agentliyi (RUSADA) ÇSKA-nın basketbolçusu Nikita Kurbanovu üç ay müddətinə diskvalifikasiya edib.
Bu barədə RUSADA-nın rəsmi saytı məlumat yayıb. 37 yaşlı idmançının dopinq testində kokain izləri aşkarlanıb. Xatırladaq ki, Kurbanov ötən il oktyabrın 27-də gözlənilmədən idman karyerasına ara vermişdi. Onda klub və basketbolçu heç bir əlavə açıqlama yaymadı.
ÇSKA-da oyun sayına görə klub rekordçusu, 11 dəfə Rusiya çempionu olan Kurbanov diskvalifikasiya qərarına belə münasibət bildirib:
“Hörmətli ÇSKA azarkeşləri, komanda yoldaşlarım, rəhbərlik, klub əməkdaşları və bu yaxşı oyunun bütün həvəskarları! Yaranmış vəziyyətə görə üzr istəyirəm. Sözsüz, başverənlər ləyaqətli davranış deyil, cəza isə artıq mənim üçün dərs oldu. Hərəkətimə görə məsuliyyət daşıdığımı tam dərk və qəbul edirəm. Klubun və azarkeşlərin uzun illər ərzində mənə göstərdiyi etimadı çox yüksək dəyərləndirirəm. İndi mənim üçün ən vacib hədəf oyuna və sevimli peşəmə dönməkdi. Mümkün qədər tez yenidən parket üzərində görünmək üçün əlimdən gələni edirəm”.