Söhbət Ramil Şeydayevdən gedir. Yadımdadı ki, onun Azərbaycana gəlişi böyük sevinclə qarşılanmışdı.
Məlum olduğu kimi, akademiyalarımızın səviyyəli futbolçu yetişdirmək prespektivi çox aşağıdı. Ramil isə Rusiyanın köklü klublarından “Zenit”in akademiyasından çıxmışdı. Doğrudu, Rusiyada “Zenit” və “Kazan”ın heyətində qeyri-adi oyun nümayiş etdirmədi. Düşünürdük ki, azərbaycanlı olduğuna görə onu gözü götürməyən, irqçilik edən klub rəhbərləri var. Sonradan “Trabzonspor”a gedən Ramilin Türkiyədə də oyunu alınmadı. Ancaq yenə də ümidlər var idi ki, belə gənc, keyfiyyətli hücumçunun millimizə çox xeyri dəyəcək. Qarşılaşmalara baxsaq, onun nələrsə etmək istədiyini görə bilərik. Amma nəticə? Təəssüf ki, gözləntilər doğrulmadı. Ölkəmizə qayıdıb “Sabah”ın heyətində çıxış edən futbolçu burda da uğurlu sayılmadı. Sadəcə, Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”da ulduzu parladı. Bundan sonra isə ulduzunun daha da bərq vuracağını düşünən Ramil yüksək məvacib qarşılığında Taylanda üz tutdu. Lakin görünən odu ki, ordakı durumundan da razı olmayan futbolçu “Kocaelispor”la razılıq əldə edərək yenidən Türkiyəyə qayıtdı. Görəsən, enişə doğru gedən bu karyera ilə onun yığmaya nə faydası dəyə bilər? Ümumiyyətlə, Tayland elitasından Türkiyənin aşağı dəstəsinə keçid karyarada yüksəlişdi, yoxsa eniş? Bu sualları menecerlərə ünvanlamamış onu da xatırladaq ki, Vüsal İsgəndərli də yanvarın 3-də Albaniya elitasını Türkiyənin aşağı dəstəsinə dəyişmişdi. Və daha bir xatırlatmaq: Rəşad Sadıqov da 2008/09 mövsümündə “Kocaelispor”un formasını geyib. İndi isə menecerlərin dəyərləndirməsi ilə tanış olaq.
Emil Şükürov:
“Fikrimcə, Taylanda getmək onun üçün tez idi. Həm də Azərbaycanda çox yaxşı mövsüm keçirmişdi. Taylanddan ayrılmağında meydandakı münaqişənin də rol oynadığını düşünürəm. “Kocaelispor”a gəlincə, bu komanda ikinci sıradadı və bu gedişlə Türkiyə superliqasına yüksələ bilər. Əcnəbi oyunçu sayılmaması Ramil üçün üstünlükdü. Sanki klub artıq növbəti mövsümün planını cızır və bu nöqteyi-nəzərdən onun transferi uğurlu ola bilər. Hazırda yığmanın hücum xəttində ciddi rəqabətin olduğunu düşünürəm. Renat, Ramil, Mahir, Musa - hər biri oyunun taleyini həll edə biləcək oyunçulardı. Dördündən ancaq Renatı hazırda sabit oynayan saymaq olar. Qalanının isə millini də düşünərək, davamlı oynaya biləcəkləri klublarda və inkişaf edəcəkləri liqalarda oynaması lazımdı”.
Erkin İbrahimov:
“Ümumiyyətlə, Ramil Şeydayev top-futbolçu deyə biləcəyimiz bir oyunçu deyil axı, deyək ki, hansısa yüksək səviyyədə oyun nümayiş etdirsin. Doğrusu, bu transferə bir qədər təəccübləndim. Ancaq “Kocaelispor” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Açıq danışaq, Ramilin bu gün–sabah 30 yaşı olacaq. Karyerasını bitirəndən sonra nə mən, nə siz, nə də bir başqası qapısını döyüb ona bir manat verməyəcək. Ona görə də pul qazanmaq üçün doğru seçim etdi. Həm yaxşı şəhərdə yaşayacaq, həm də komandanın superliqaya yüksəlmək şansları var. Çox güman, klubun superliqaya yüksəlmək perspektivini nəzərə alaraq bu dəvəti qəbul edib. Deməli, ona gələn ən yaxşı təklif bu idi. Yaddan çıxarmayaq ki, “Qarabağ”a gəlməmiş “Sabah”da ehtiyatda qalırdı. Doğrudu, “Qarabağ”da yaxşı statiskaya nail oldu. Amma fikrimcə, burda Qurban Qurbanovun böyük rolu oldu”.
KAMAL SƏFƏR