"Bakı", "Rəvan", "Xəzər-Lənkəran", "Kəpəz" kimi klublarda çıxış etmiş, bir müddət də Türkiyədə legioner həyatı yaşayan Tural Qurbatov perpektivli gənclərdən hesab olunurdu.
Amma onun da karyerası tərəqqiyə yox, tənəzzülə getdi. Ötən mövsüm Region Liqasında "Füzuli"nin heyətində ən sərrast futbolçu oldu, amma sonra Qarabağ təmsilçisiylə davam etməyib, hazırda 2-ci liqada mübarizə aparan "Şahdağ Qusar"la anlaşdı. 30 yaşlı forvard Qusar təmsilçisində özünü yaxşı tərəfdən göstərməkdədi. Tural son turda "Kürmük Qax"la səfər oyununda komandasının 6 qolundan beşinin müəllifi oldu. Ümumilikdə isə hücumçu arxada qalan 14 oyunda 21 qol vurub.
- Ötən mövsüm Region Liqasında "Füzuli"nin bombardiriydin. Qarabağ təmsilçisi də 2-ci liqaya gələnlərdən oldu. Onlarla niyə davam etmədin?
- Hə, "Füzuli"də mövsümdə 21 qol vurmuşdum. Klubla 2-ci liqaya vəsiqə qazananda oturub söhbət etdik. Sadəcə, bəzi məsələlərdə razılığa gələ bilmədik.
- "Şahdağ Qusar"ı seçməyinin səbəbi nə oldu?
- Komandanın məşqində oldum, ordakı əhval-ruhiyyə xoşuma gəldi. Kollektiv də mehriban idi. Klub rəhbərliyindən təklif gəldi. Masa arxasında xeyli söhbət etdik, sonda "Şahdağ Qusar" ailəsinin bir üzvü olmağa qərar verdim. Hesab edirəm ki, qərarımda yanılmamışam, hər şey qaydasındadı. Rəhbərlik komandanın vəziyyətinin daha da yaxşılaşması üçün əlindən gələni edir.
- Başqa təkliflər də var idi?
- Təklif çox idi. Hətta 1-ci liqa təmsilçilərindən də məni heyətinə qatmaq istəyənlər vardı. Sadəcə, 2-ci liqada oynamağı qət etdim. Həmçinin yuxarıda da qeyd etdiyim kimi, "Şahdağ Qusar"ın hərtərəfli yaxşı, qayğıkeş münasibətinə görə bu klubla kifayətləndim.
- Qusar klubunda Rahid Əmirquliyev kimi təcrübəli futbolçular çoxdu. Bu amilin sənin üçün hansısa rolu varmı?
- Rahid Əmirquliyev kimi həm milli, həm də elita təmsilçilərində təcrübəsi olan futbolçunun komandada yer alması bizim üçün ayrıca motivasiyadı. O, istər meydanda, istər ehtiyatda, istərsə də tribunada olsun - daim kollektiv üçün əlindən gələni edir. Başda Rahid olmaqla bir qrup təcrübəlinin bizə faydası böyükdü.
- Klub rəhbərliyi qarşınıza çempion olmaq məqsədi qoyubmu?
- Bəli. Klub rəhbərliyi bunun üçün futbolçulara əlindən gələnin ən yaxşısını etməyə çalışır, hərtərəfli qayğı göstərirlər. Biz də öz növbəmizdə bunun əvəzini verməyə çalışırıq. İlk dövrəni 2-ci sırada tamamladıq, liderlə aramızda xal fərqi çox deyil. Qələbələri sıralamaqla 1-ci yerə yüksəlib möhkəmlənməyi hədəfləyirik
- Ölkə kubokunda da pis çıxış etmədiz. 1-ci təsnifat mərhəkəsində "Qusar"ı penalti seriyasında yendiz, 2-ci mərhələdə isə "Qaradağ Lökbatan"a minimal hesabla uduzduz.
- Kubokdakı hər iki oyunumuz ağır keçid. İlk mərhələdə Qusar derbisində "Qusar"la 120 dəqiqə oynadıq. Sonda penalti seriyasına getdik. Nəticədə sevinən tərəf biz olduq. 2-ci təsnifat mərhələsində 1-ci liqanın liderlərindən olan "Qaradağ Lökbatan"la qarşılaşdıq. Həmin oyunda minimal hesabla məğlub olmağımızın bir neçə səbəbi var. Öncəliklə onu deyim ki, ələ düşən fürsətləri qola çevirə bilmədim. Həm də rəqib çox ehtiyatlı oynadı, ani səhvimizdən istifadə etməklə qapımıza qol vurdu. Üçüncüsü, nə qədər çox məşq etməyə çalışsaq da, ən yaxşı halda həftədə üç dəfə mümkün olur, doğma publika qarşısında oynaya bilmir, Şamaxıya da tez-tez gedə bilmirk, ancaq oyun günü məkana özümüzü yetiririk. 1-ci liqa təmsilçiləri isə hər gün məşq edir. Bu üzdən bizdən daha hazırlıqlı olur. Amma düşünürəm ki, kubokda pis çıxış etmədik. İndi əsas hədəfimiz çempion olmağa yönəlib.
- Hazırda ev oyunlarını Şamaxıda keçirirsiz. Düşünmürsən ki, Qusarda - doğma publika önündə çıxış etsəydiz, nəticə daha yaxşı olardı?
- Təbii ki, bu hal bizə çətinlik yaradıq. İnanıram və buna əminəm ki, Qusarda oynasaydıq, yerli camaat tribunaları doldurardı. Azarkeşlərin güclü dəstəyi sayəsində daha yaxşı çıxış edərdik. Qusarda oynamağımız ayrıca motivasiya olacaqdı. Hazırda stadionumuzda təmir və yenidənqurma işləri gedir. 2024-cü ilin mayında yenilənmiş futbol məkanımıza qovuşacağıq. Amma hələlik Şamaxıda ev oyunlarını keçirməli və yaxşı nəticələr göstərməliyik.
- "Kürmük Qax"la oyunda poker etdin. Ümumilikdə 21 qol vurmusan. Bombardir olmağı qarşıya məqsəd qoymuşdun, yoxsa hadisələrin axarı belə gətirdi?
- Qaxda yerli komandanı 6:1 məğlub etdik, mən 5 qol vurdum. Buna sevinirəm. Mən forvardam, işim qol vurmaqdı. Maksimum çalışıram ki, işimin öhtəsindən layiqincə gəlim. Bacardıqca çox qol vurmağa çalışıram. Ötən mövsüm 21 qol vurmuşdumsa, bu mövsüm artıq həmin həddə çatmışam. Əlbəttə, bombardir olmaq istəyirəm. Düşünürəm ki, qarşıdakı oyunlarda da fərqlənəcəm. Amma əsas "Şahdağ Qusar"ın çempion olmasıdı. Vurduğum qollarla komandamı çempion edib ən sərrast hücumçusu kimi tarixə düşmək daha yaxşı olardı.
- Bundan sonra da qolları sıralasan və oyun planında da “artırsan”, 1-ci liqa klublarından, elitadan təkliflər gözləyirsənmi?
- Həm 1-ci, həm də 2-ci liqadan təkliflər var. Amma bu dəqiqə bunlar gözümə görünmür. Bütün diqqətimi komandamın çempionluq marafonuna yönəltmişəm. Amma elita klublarından təklif gəlsə, qəbul edərəm. Yenidən güclülər dəstəsində çıxış etmək istəyirəm.
- Bir müddət Türkiyənin aşağı liqalarında oynamısan. Yenidən orda legioner həyatı yaşamağı düşünürsənmi?
- Hələlik bu barədə fikirim yoxdu
- Sən həm də çimərlik futbolu üzrə yığmanın əsas üzvlərindənsən. Orda vəziyyət necədi?
- Bu il millidə bəxtsizlik, şanssızlıq yaşadıq. Bunun nəticəsində A qrupundan B qrupuna düşdük. Amma ümidimizi itirmirik, nikbinik. B qrupunda yaxşı mübarizə aparıb yenidən A qrupuna yüksəlməyi hədəfləyirik. İnşallah, bu yolda əziyyətimiz hədər getməz.
- Minifutboldakı uğurumuzu çimərlik futbolunda da təkrarlalamaq olarmı?
- Bunun üçün əlimizdən gələni edəcəyik. Çimərlik yığmamızla da tarix yazmaq istəyirik.
- 2-ci liqanın səviyyəsini necə qiymətləndirərdin?
- Yeni yaradılan liqada hər tur gərgin keçir. Məncə, 2-ci liqanın səviyyəsi, həyəcan, intriqa 1-ci liqadan daha üstündü. Çempionatda bölgə təmsilçilərinin çoxluğu təqdirəlayiqdi. Bu məqam turniri daha da maraqlı edir. İnanıram ki, ölkə futbolunda hazırkı liqalar sistemi saxlanılsa və bir qədər də təkmilləşsə inkişafı görəcəksiz. Yaxın keçmişə qayıdaq. Bir vaxtlar çempionatımızda "Bakı", "Xəzər-Lənkəran", "Simurq", "Karvan", "Rəvan" və başqa komandalar var idi. 1-ci olmaq uğrunda neçə klub mübarizə aparırırdı. Düşünürəm ki, dediyim tendensiyanı bütün liqalarda yaratsaq, həm yeni nəsildə istedadlı oyunçular üzə çıxacaq, həm ölkə futbolunun səviyyəsi yüksələcək, həm də millimiz uğurlu çıxışla tarix yazacaq.
- Elitanın oyunlarını izləyirsənmi? “Qarabağ" asan çempion olacaqmı?
- "Qarabağ" oturuşmuş, nəinki ölkə çempionatında, hətta qitəmiqyaslı turnirlərdə də sözünü demiş komandadı. "Köhlən atlar" yaşıl meydanda istənilən komandaya oyun diqtə edə bilər. Amma bu o demək deyil ki, "Qarabağ" asan çempion olacaq. Baxın, Qurban Qurbanovun yetirmələri 16 tura 3 məğlubiyyət alıb. Yaınız son 3 turda liderliyi ələ keçirib. Odu ki, çempionluq uğrunda mücadilənin son turlara qədər davam edəcəyini düşünürəm.
ABDULLA İSMAYILOĞLU