Millimiz AÇ-2024-ün seçmə mərhələsində Belçikaya uduzub - 0:5.
“Football-plus.az” xəbər verir ki, matçdan sonra yığmamızın çalışdırıcısı Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Oyundan qabaq da bizi çox ağır oyun gözlədiyini demişdim. Belə də oldu. Çox güclü rəqiblə oynadıq. Belçika yığması qrupun ən güclü komandasıdı. Hansı ki, cəmi bir heç-heçələri vardı, o da məlum səbəblərdən İsveçlə başa çatmamış oyun idi. Qalan bütün oyunlarında qələbə qazanmışdılar. Bizim üçün üç gündən bir oynamaq çox çətindi. Öz meydanımızda Belçikaya qarşı ilk oyunda çox yaxşı oynamışdıq. İsveçlə, Estoniya ilə oyunlarımız çox yaxşı keçmişdi. Az xal qazansaq da, hər bir oyunda sonadək vuruşduq. Bugünkü oyuna gəlincə, 24-cü dəqiqədə 10 nəfərlə qalandan sonra oynamaq çox çətin idi. Uşaqlar bundan artığını bacarmazdılar”.
- Adətən qalib heyəti dəyişməzlər. Çoşqun Diniyevin əvəzində meydanda Eddi İsrafilov var idi. Bu dəyişikliyə sizi nə vadar elədi?- Dediyim kimi, üç gündən bir oynamaq bizim üçün çox çətin olur. Xüsusilə də fiziki baxımdan. Bunu nəzərə almaq lazımdı. Həmişə fiziki hazırlıq üzrə məşqçidən oyunçuların durumunu soruşuram, onların özləri ilə söhbətləşirəm ki, durumlarını bilim. Bu gün Eddini ilk dəqiqələrdən meydanda gördünüz. İsveçə qarşı çox yaxşı oynamışdı. Beynimdə vardı ki, ilk hissədə Eddi oynasın, fasilədən sonra Coşqunu buraxaram. Amma alınmadı. Ramil Şeydayevlə Bəhlul Mustafazadə də cəzalı durumda olduqları üçün əvəzlənmişdilər. İkinci hissədən daha çox razı qaldım. Fasilədə uşaqlarla danışdıq. Düzdü, yenə qol buraxdıq, amma xarakter göstərdik. Mənim komandalarım heç vaxt təslim olmamalıdı. 8 nəfərlə də qalsaq, sonadək döyüşməliyik.
- İlk dəfə Azərbaycana gələndə insanlar sizdən çox şey gözləyirdi. Albaniyanı AÇ-yə çıxarmışdız. Amma 1-ci tsikldə 1 xal qazanmışdız. Hansı ki, biz onu 25 il öncə, ən çətin zamanda da qazanmışdıq. Millətlər Liqasında hədəf qrup birinciliyi idi. Onu da bacarmadız. Bu seçmə mərhələdə də yalnızca İsveçlə oyun alqışalayiqdi. Bizdə əvvəllər də stabillik çatmırdı. İsveçi məğlub etdikdən sonra ağır yenilgi aldıq. - Udmaq istəyirdiz? 10 nəfərlə idik. Fransa Cəbəllütariqi 14:0 məğlub edib.
- Azərbaycan Cəbəllütariq deyil… Moldova və Qazaxıstan sabah AÇ-yə vəsiqə qazana bilər…- Slovakiya da AÇ-yə çıxa bilər. Amma Millətlər Liqasında bizdən arxada olublar.
- Üç il ərzində nəyi dəyişmisiz? Öz fəaliyyətinizdən razısız?- Bu sualı özün verirsən yoxsa kimsə sənə məsləhət görüb? Kim məsləhət veribsə, ondan da cavabını istə.
- Yığmadan gedəndən sonra azərbaycanlı jurnalistlərin sualları üçün darıxacaqsızmı?- Yox. Çünki ilk dəfədi məndə jurnalistlərlə tutmur. Suallar heç düzgün deyildi.
HUŞƏNG, Brüssel