Ötən günlərdə AÇ-2024-ün seçmə mərhələsində millimizin İsveçlə oyunundan qabaq yığmanın sabiq üzvləri təltif edildi.
Belə ki, bu il butslarını mismardan asanlar Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov və millidəki karyerasını bitirən Riçard Almeyda ilə Rahid Əmirquliyevə plaketlə yanaşı yığmanın forması verildi. Mükafatları AFFA-nın baş katibi Sərxan Hacıyev, Gənclər və İdman naziri Fərid Qayıbov təqdim etdi. Bunu nəzərə alaraq, adıçəkilən futbolçuların yığmada çıxış etdiləri dövrdəki xatirələrini, millimizin İsveç üzərindəki qələbəsi haqda fikirlərini aldıq:
Rauf Əliyev:
“Bizi diqqətdə saxladıqları üçün Gənclər və İdman naziri Fərid müəllimə, AFFA rəhbərliyinə təşəkkür edirəm. Həqiqətən də çox xoş oldu. İki gün əvvəl bizi oyuna dəvət edəcəklərini dedilər. Ancaq belə təltif olunmanı gözləmirdik. Millidəki xatirələrimə gəlincə, 2011-ci ildəki çıxışlarımı deyərdim. Belçikaya vurduğum qol möhtəşəm idi. Hətta həmin dövrdə Azərbaycanda ilin futbolçusu seçilmişdim, daha sonra Qazaxıstanla, Almaniya ilə görüşlər unudulmaz idi. 2012-ci ildə Şimali İrlandiya ilə səfərdəki qolumu da qeyd edərdim. Təsəvvür edin ki, paltardəyişmə otağında anladım ki, birinci hissə başa çatıb. Çünki 45 dəqiqə qolumun atmosferində idim. Sanki həmin an şokdaydım. Elə bu qarşılaşmada da məyus oldum. Çünki son dəqiqədə buraxdığımz qolla səfərdən bir xalla ayrıldıq. Lakin hamı o matçda bizdən qələbə gözləyirdi. Əla mübarizə aparmışdıq. Yığmanın İsveçlə oyunundan əvvəl “CBC Sport” telekanalının verlişinə qonaq olarkən demişdim ki, rəqibin də qrupdan çıxmaq şansları yoxdu. Buna görə də milli bu görüşdə heç-heçə edə bilər. Düzünü desəm, qələbə gözləmirdim. Ancaq futbolçularımızn ilk dəqiqələrdə vurduğu qollar həlledici oldu”.
Əfran İsmayılov:
“Həmişə millinin oyunlarında bizi xüsusi qonaq kimi dəvət edirlər. Düzünü desəm, matçdan əvvəl belə bir təltif olunma mərasiminin keçirilməsini gözləmirdim. Buna görə Gənclər və İdman naziri Fərid Qayıbova, AFFA-nın baş katibi Sərxan Hacıyevə təşəkkür edirəm. Çünki bizi unutmadılar. İndi də məşqçiliklə bağlı gələcək hədəflərimiz ölkə futbolu üçün yaxşı oyunçular yetişdirməkdi. Milli ilə bağlı xatirələrimə gəlincə, bu formanı geymək mənim ən böyük arazularımdan biri olub. Çünki sən ölkəni bayrağını, gerbini, himnini dünya arenasında təmsil edirsən. Yığmada oynamaq böyük məsuliyyət tələb edir. Çıxış elədiyim dövrdə Azərbaycanla beynəlxalq turnirlərdə oynamaq xəyallarım, hədəflərim olub. Berti Foqtsun vaxtında yığmanın heyətində İordaniyaya qarşı oyunu unuda bilmirəm. Çünki debüt matçımda qol vurmuşdum. Daha sonra Qazaxıstanı burda udmağımız, Belçika ilə Bakıdakı heç-heçəmiz, Norveç üzərindəki qələbimiz də möhtəşəm və unudulmaz oyunlar sırasındadı. Səfərdə Qazaxıstana uduzmağımız təəssüfləndirici məqam idi. Çünki o görüşdən sonra bizi çox tənqid etmişdilər. Lakin doğma azarkeşlər önündə məğlubiyyətin əvəzini çıxmışdıq. Mən yoldaşlıq oyunlarında belə meydanı qələbəsiz tərk etməyi sevən biri deyiləm. Uşaqlar da İsveçə qarşı çox əla mübarizə apardılar. Sübut etdilər ki Azərbaycanda futbol da var futbolçu da. Fərqi yoxdu ki rəqib oyunu ciddiyə almadı. Əsas odu ki, adımızı tarixə yazdırdıq. Bu, ölkə idmanının adı üçün böyük tarixi qələbə oldu. De Byazini tənqid etsəm də, bu oyuna görə ona təşəkkür düşür. Qələbədə hamının zəhməti var. Ölkəmlə,onun yığması ilə qürur duyuram. Bundan sonra da məqsədim Azərbaycan futboluna parlaq simalar yetişdirmək olacaq”.
Elvin Məmmədov:
“Millinin şərəfini qoruduğum üçün xoşbəxtəm. Yoldaşlıq və rəsmi görüşlərin fərqi yox idi. Bu formanı geyinmək qürurvericidi. Çünki çox futbolçuya belə şey qismət olmur. Yığmada keçirdiyim 38 oyunun hər biri yadımdadı. Hamısı da unudulmazdı. Məsələn, DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Finlandiya ilə Lənkərandakı oyunumuz deyə bilərəm. Düzdü, o matçda məğlub olmuşduq, amma, ab-hava çox əla idi. Yeganə qolu da mən vurmuşdum. Lixtenşteynlə səfərdəki matç da unudulmazlar siyahısındadı. Oyundan qabaq jurnalistlər, azarkeşlər bizi tənqid edirdi ki, bu seçməyə qalib gələ bilmirsiz. Həqiqətən də üzərimizdə çox təzyiq var idi. Şükür ki, qalib gəldik. O görüşdə də qollardan birinə mən imza atmışdım. Yığmanın İsveçə qarşı oyununa gəlincə, real danışsaq, rəqibin heyətində olan oyunçuların səviyyəsi, oynadığı klublar böyükdü. Amma yenə də bizim uşaqlar sona kimi döyüşdülər. İnşallah, bu cür qələbələrin davamı gələr. Kaş ki, seçmə mərhələyə belə başlayardıq. Bəlkə də indi başqa məsələlər barədə danışırdıq”.
Rahid Əmirquliyev:
“Gənclər və İdman naziri Fərid Qayıbova, AFFA-nın baş katibi Sərxan Hacıyevə bizə dəyər verdikləri üçün təşəkkür edirəm. Həqiqətən də karyerasını bitirmiş futbolçuları yada salmaq xoş haldı. Millidə çıxış etdiyimiz zamanlarda həm yaxşı, həm də pis oyunlarımız olub. Futbolda hər şey olur. Düzdü, məyus olduğum matçlar olsa da, ruhdan düşməmişəm və adımız üçün hər zaman meydanda döyüşmüşəm. Güclü yığmalara qarşı görüşlərdə qalib gəlmişik. Amma mənim üçün Türkiyəni Bakıda məğlub etdiyimiz gecə inanılmaz idi. Məyus olduğum görüş isə səfərdə Almaniyaya böyük hesabla uduzmağımız oldu. Amma xatirələr təkcə oyunlarla deyil, kollektivdə yaşadığımız günlərlə də bağlıdı. Xoşbəxtəm ki, yığmanın şərəfini qorumuşam. Futbolçularımız əzmkarlıq göstərərək İsveçi Bakıdan əliboş yola saldı. Uşaqlara əhsən düşür”.
Riçard Almeyda:
“AFFA-nın mənə və digər futbolçulara göstərdiyi bu cür xoş münasibət qürurvericidi. Hər zaman demişəm ki, Azərbaycan xalqını, millisini təmsil etdiyim üçün fəxr edirəm. İsveçlə oyunda da şahid olduq ki, uşaqlar güclü rəqibə qarşı başabaş mübarizə apardı və sonda qalib gəldi. Həm bizi, həm azarkeşləri sevindirməyi bacardılar. Gələcək matçlarda millimizə uğurlar arzulayıram. İnşallah, belə nəticələrin davamı gələr”.