“Murov” Türkiyədə tarix yazır

8.10.2023 16:36 342
İdman / Manşet
Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan "Murov Az Terminal" tarix yazmağa davam edir.

İqor Olefirin rəhbərlik etdiyi komanda Türkiyənin Balıkəsir şəhərində keçirilən turnirdə artıq finala yüksəlib. “Murov” yarımfinalda Fransa "Montpellier Beach Volley"inə qalib gəlib.

Bu uğurla bağlı turnirdə çıxış edən kişi voleybolçulardan ibarət yığmanın və "Neftçi"nin üzvü Vadim Kutukov "Football-plus.az" saytına danışdı:

"Heyətimizdə 6 oyunçu var. Yerlilər Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli və mənəm. Legionerlər isə Olimpiya mükafatçısı, dünya çempionu Oleq Stoyanovski ilə İlya Leşukovdu. Qrupdan çıxmaq üçün ən azı iki qələbə qazanmaq lazım idi. Rəqiblərimiz İtaliya,Fransa, Türkiyə, Avstriya təmsilçiləri idi. Qrupdakı Türkiyə komandası ilə matçda komandamızın baş məşqçisi İqor Olefir fərqli qərar verdi. O, legionerləri birlikdə yox, hər ikisini yerli oyunçularla oynatmağı seçdi. Biz də sonda türklərə qalib gələrək qrupdan çıxmağı təmin etdik. Avstriya ilə son qarşılaşmada legionerlər istirahət elədi, yerlilər oynadı. Mən və Heydər avstriyalılara məğlub olsaq da, Ülvi - Vüqar cütü onlara qalib gəlməyi bacardı. 1/4 finalda SRSE (Macarıstan), yarımfinalda isə Fransanın "Montpellier Beach Volley" komandasında qalib gələrək finala vəsiqə qazandıq. Artıq biz tarix yazmışıq. İndi istəyimiz bayrağımızı və himnimizi səsləndirməkdi. İnşallah, məqsədimizə çatarıq".

Qeyd edək ki, komandamız finalda Türkiyənin "Ankara" klubu ilə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 18.15-də start götürəcək.

CAVİD ƏLİYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul