İspaniyada hakimlərlə bağlı münaqişələrin ardı-arası kəsilmir.
Bəs bu dəfə nə baş verib? “Atletiko” ilə oyundan sonra “Real” klub kanalında bir çarx yayıb: orda baş hakim Alberol Roxasın qərarlarında ardıcıllıq olmaması və onun Simeonenin komandasının xeyrinə səhvlər etdiyi vurğulanıb.
La Liqanın prezidenti Xavyer Tebas klubun bu addımını tənqid edib:
“Real”ın etdikləri feyr-pley qaydalarına uyğun deyil. Bunun La Liqada mübarizənin axarına təsir göstərdiyini demək şişirtmə olardı. Mən belə deməzdim”.
Tebasın bu açıqlaması boşuna deyil. “Real” heç də ilk dəfə belə təzyiq metoduna əl atmır. Məsələn, təkcə elə ötən mövsüm ərzində klub telekanalında mübahisəli hakim qərarları ilə bağlı 5 belə çarx yayılıb. Bəzən “Real” hələ oyuna qədər ehtirasları gərginləşdirib. Oyunu idarə edəcək hakimlərin adı açıqlanandan dərhal sonra çarx ictimaiyyətə təqdim olunub. Ən yeni nümunəni xatırladaq: “Jirona” ilə oyuna iki gün qalmış klub telekanalı baş hakim Pulido Santana və VAR hakimi Xayme Latranın madridlilərin əvvəlki oyunlarında yol verdiyi səhvlərdən ibarəıt çarx yayıb. Kanalın studiyasında Neqreyraya pul ödənildiyi dövrdə hakimlərin “el klasiko”dakı idarəçiliyə təsiri ilə bağlı dəfələrlə müzakirə açılıb. Özü də “Barselona”nın xeyrinə qərar verildiyi mübahisəli epizodlardan nümunələr və təkrarlar göstərilməklə.
Ümumiyyətlə, “Real”ın rəsmi kanalı nə ilə məşğul olur?
Klub telekanalında əsasın gənclər komandalarının oyunları, məşqləri göstərilir, əsas komandanın oyunlarından əvvəl müzakirə açılır, tarixi süjetlər göstərilir. Həmçinin ötən illərin möhtəşəm oyunları tez-tez təkrar yayınlanır. Efirin 10 faizini isə bədii filmlər, məsələn, “Möhkəm qoz”, “Titanik”, “Terminator” və başqaları tutur. Nəyisə xatırladırmı?
Hakim səhvlərindən ibarət çarxlar nadir hadisə idi, ancaq onların dövriliyi “Barselona”nın Neqreyraya pul ödəməsi ilə bağlı qalmaqal üzə çıxandan sonra kəskin artdı. Kataloniyalıların prezidenti Xuan Laporta “Real”ın general Franko ilə əlaqələrinə işarə ilə “rejimin klubu” deyəndən sonra çarxlar daha da intensivləşdi. Bu ittihamın cavabında “Real”ın telekanalında “Kim rejimin klubu olub?” adlı çarx yayıldı ki, orda da Frankonun “Barsa” ilə yaxınlığına dair faktlar yer alıb.
“Real”a yaxın olan jurnalist Melçor Ruis COPE radiosunun efirində dedi ki, klub “17 il ərzində hakimlər korpusunun vitse-prezidentinə pul ödəyən” klubun yalanlarını ifşa etmək haqqına sahibdi. “Real”ın da adı bu işdə zərərçəkən kimi keçir.
“Real”la La Liqanın münasibətləri korlanıb
Onu da vurğulayaq ki, “Real” ilə La Liqa rəhbərliyi arasındakı münasibətlər təkcə hakimlərə təzyiq üzündən korlanmayıb. Ən yeni nümunə paltardəyişmə otağına kameraların quraşdırılması ilə bağlı məhkəmə çəkişməsidi. La Liqa kameraların quraşdırılmasını tələb edir, “Real” isə bunun əleyhinədi. Madrid klubu həmçinin yayınçı şirkətin təmsilçilərini oyunöncəsi və oyunsonrası müsahibələr üçün “Santyaqo Bernabeu”ya buraxmaqdan imtina edib. Klub bunda bir məna görmür, axı klub telekanalı da eyni işlə məşğuldu.
Paltardəyişmə otağında kameraların quraşdırılması ilə bağlı mübahisəyə görə “Real” La Liqanı məhkəməyə versə də, İspaniyanın Milli Məhkəməsi bu iddianı rədd etdi. Qurum belə qənaətə gəldi ki, La Liqanın tələbi audiovizual hüquqların satışından gələn pulların bölüşdürülməsi ilə bağlı meyarları pozmur. “Relevo” xəbər verir ki, məhkəmə qərarının ardından “Real”ın baş direktoru Xose Anxel Sançes Tebasla çox gərgin söhbət apararaq onu qələbəyə sevinməməyə çağırıb.
“Real”ın prezidenti Florentina Pereslə Tebas arasındakı münasibətlər də qaydasında deyil. Və bu münaqişənin də özünəməxsus tarixçəsi var. 2016-cı ilin oktyabrında La Liqa ilə Sequndanın 42 klubu qurumun yeni prezidentini seçdi. Onda 37 klub Tebasın yenidən bu vəzifəyə seçilməsini dəstəklədisə, beşi də əleyhinə səs verdi. “Real” da müxalifətin önündə gedirdi. İlyarım sonra “Real”, “Atletik” və “Sevilya” artıq Tebasın maaşının artırılmasına etiraz etdi, qalan klublar isə bu ideyanı dəstəklədi. İspaniyalı jurnalist Arança Rodriges yazır ki, “Real” 2015-ci ildən bəri məhkəmədə La Liqa və ya konkret Tebas əleyhinə müxtəlif məsələlərlə bağlı 90-dan artıq iddia qaldırıb.
“Real”ın təmsilçiləri Tebasla münaqişəni ictimaiyyət önündə şərh etmir, La Liqanın bossu isə barış imkanı görmür: “Florentino Pereslə barışmaq? Əksər məsələlərlə bağlı aramızda böyük fikir ayrılığı var, xüsusən də Avropa futbolunun gələcəyinə münasibətdə. Düşünürəm ki, aramızda yaxınlaşma mümkün deyil”.
Münaqişə yenidən alovlandı
Bugünlərdə İspaniyanın sabiq polis komissarı Xose Manuel Vilyarexonun verdiyi açıqlama yanar odun üzərinə atılan benzin rolunu oynayıb: “Real” “Barselona”dan daha əvvəl hakimləri “almağa” başlayıb. Florentinonun əleyhinə qərar verməyə cəsarət edən özünün qatili olardı. Söhbət Florentino Peresdən gedəndə məhkəmə qaydasında nəyisə üzə çıxarmaq çətindi, axı o toxunulmazdı”.
Artıq “Real”ın prezidenti bu ittihamla bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Xavyer Tebas isə sabiq polis rəisinin ittihamına qəribə şəkildə reaksiya verib: “Vilyarexo iki məqama toxunub: Florentino hakimləri satın alıb və o toxunulmazdı. Birincisi, onun əlində hansısa informasiya varsa, qoy sübut etsin. Vilyarexo çox danışır, onun taktikası mühakimə olunmalıdı. Bax, buna görə mən tez-tez “Vilyarexo üslubunda davranan” jurnalistlər haqda danışıram: siz özünüzdən tarixçə uydurur, onu dərc edirsiz, sonra iş məhkəməyə qədər gedib çıxır... Ancaq Vilyarexonun dediyi 2-ci məqam, yəni Florentino toxunulmazdı, bax, buna inanıram. Bu iddiaya heç də Vilyarexonun ağzından çıxdığına görə inanmıram. Ölkədə geniş yayılan fikirdi, hər kəs bundan xəbərdardı, obyektiv faktdı. Rubalkaba (2006-11-ci illər aralığında İspaniyanın daxili işlər naziri kimi çalışıb – red.) Florentinonun çox yaxın dostu idi, odu ki, hər şey üst-üstə düşür. Bu haqda polis komissarı olan Vilyarexo danışıbsa, Rubalkaba isə daxili işlər naziri olubsa, bu iddiaya inana bilərəm”.