Xəbər verdiyimiz kimi, həftəsonu Xorvatiya çempionatında 10-cu turun oyunları keçirilib.
Yığmamızın forvardı Mahir Emrelinin şərəfini qoruduğu “Dinamo” səfərdə “Hayduk”a 0:1 hesabıyla uduzub. Həmvətənimiz meydana start heyətində çıxıb, 26-cı dəqiqədə sarı vərəqə alıb, 61-ci dəqiqədə isə əvəzlənib. Onun matçdan öncə Xorvatiya mediasına verdiyi müsahibəni nəzərinizə çatdırırıq.
- Mövsümün əvvəlində 3 qol, 2 məhsuldar ötürmə, pis deyil, düzdü? Həmçinin start heyətinə düşməyə başlamısız. Bunu gözləyirdiz?
- Bilirəm ki, hər hücumçu üçün statistika vacibdi. Amma biz oyunçulardan da çox bu, media nümayəndələri üçün əhəmiyyətlidi. Əlbəttə, həroyunda özümü yaxşı tərəfdən göstərməyə, qollar vurmaqla komandama faydalı olmağa çalışıram. Hazırkı formamdan razıyam, amma bilirəm ki, daha yaxşı ola bilərəm. Təəsüf ki, Şkipiç zədə aldı, məhz ondan sonra mənim oynamaq şansım yarandı. Mənə güvəndiyinə görə baş məşqçimizə minnətdaram. Başlıca hədəfim məndən gözləntiləri doğrultmaq və sübut etməkdi ki, "Dinamo"da əsas heyətdə oynamağa layiqəm. Əlbəttə, hər futbolçu daha çox oynamaq istəyir, düşünürəm ki, bu da normaldı.
- Hazırda "Dinamo"da ən yaxşı futbolunu sərgiləyirsən. Bunda Sergey Yakiroviçinin baş məşqçi postuna gəlməsinin də həlledici rolu varmı?
- Yaxşı oyunlarımız var idi, amma onların çoxunda oynamamışam. Hazırda çıxış etmək şansım var və mənə indi rahatdı. Mərkəzdə və ya hücumçuların arxasında oynamağa üstünlük verirəm, təbii ki, cinahda çıxış etmək də mənə yad deyil. Baş məşqçi hansı mövqeyə qoysa, məndən asılı olan hər şeyi edirəm. Qol vurur və ya məhsuldar ötürmə verirəmsə, məndən çox kiminsə sevindiyinə inanmıram. Məşqçimiz Yakiroviç möhtəşəm biridi və onunla münasibətlərimiz əladı. Mənim və komandamın uğurlu çıxışında onun rolu danılmazdı. Təbii ki, özgüvəndən də çox şey asılıdı, hansı ki, daha çox oynadıqca bunu qazanırsan, meydanda özünü rahat hiss edirsən.
- Bu mövsüm "Hayduk"a qarşı Superkubok uğrunda matçda oynamadız, 1-ci turda da ehtiyatda qaldız. Hazırda vəziyyət fərqlidi, sizi ilk dəqiqələrdən Splitdə gözləyəcəklər. "Hayduk"un "Polyud" stadionu haqda düşünürsüzmü?
- Bu gündən ancaq növbəti oyun haqda düşünür, köklənirik. 3-cü gün kubok matçı idi. Biz bu səddi uğurla keçdik və hazırda yeganə hədəfimiz "Polyud"dan 3 xalla qayıtmaqdı. Bizi çətin oyun gözləyir. Splitdə həmişə belədi, amma bilirəm ki, ora azarkeşlərimiz də gələcək. Bu derbi olacaq. Hər bir futbolçu kimi oyunu səbirsizliklə gözləyirəm. Baş məşqçi qərar verəcək ilk dəqiqələrdən oynayım, ya yox. Söhbət "Hayduk"dan gedirsə, hazıram və oynamağa susamışam. Bir də qeyd etmək istəyirəm ki, fərq etmir start heyətində çıxdın, yoxsa oyuna ehtiyat oyunçular skamyasından qoşuldun. Ehtiyatdan qoşulanlar meydanda öz komandası üçün daha çox üstünlük yaradır. Komandada bütün uşaqlar oynamalıdı.
- "Əbədi derbi"də qol vurmağı xəyal edirsiz? "Dinamo"da ən yaxşı qolunuz hansıdı?
- Yəqin ki, derbidə qol vurmaq xoşdu. Ümidvaram ki, bir dəfə mənim də belə şansım olacaq. Amma mənim üçün əsas bu deyil. Vacib olan var gücümüzlə oynamaq və ən yaxşı komanda olduğumuzu göstərməkdi. Bəli, biz son çempionuq və bu bizim üçün əlavə motivasiyadı. Qollarıma gəlincə, hər biri dəyərlidi. Seçim qarşısında qalsam, "Riyeka"ya vurduğum qolları üstün tutardım.
- "Hayduk"un və "Dinamo"nun əsas gücü nədədi?
- Mətbuatda vurğulayırlar ki, komandaların əsas gücü Petkoviç və Livayadı. Amma mən deyərdim ki, "Hayduk"un əsas üstünlüyü doğma meydan amilidi. Bizim üçün Bruno Petkoviçin oyuna hazır olması çox əhəmiyyətlidi. Onun bizim üçün necə dəyərli və əhəmiyyətli oyunçu olduğunu təkrarlamağa ehtiyac yoxdu. Həmçinin Drmiçin bu yaxınlarda het-trik etmısinə də sevinirəm. Əla oyunçudu, əminəm ki, onun yaxşı formada olması həm özü, həm də bizim üçün çox əhəmiyyətlidi. Bir neçə gün əvvəl Kulenoviç də qol vurdu. Hücumçuların effektiv olması vacibdi, bu bizi sevindirir. Digər tərəfdən, "Dinamo"nun qalib mentallığı var. Bizim böyük oyunlar, əsas da avrokubokda keçirdiyimiz matçlar var. Yeni məşqçiylə qələbə seyası yaxaladıq. Biz "Dinamo"yuq və bunu sübut etməliyik.
ABDULLA İSMAYILOĞLU çevirib