“İnter” son bir ildə itkiləri təxminən iki dəfə azaldıb. Bu məlumatı “Qazzetta dello Sport” yayıb.
"Football-plus.az" xəbər verir ki, İtaliyanın populyar idman nəşrinin xəbərində sentyabrın sonunda klubun direktorlar şurasının iclasının keçiriləcəyi bildirilib. İclasda 2022/23 mövsümünü əhatə edən maliyyə hesabatı açıqlanacaq. “Qazzetta dello Sport”un yazdığına görə, “İnter” 2020/21 mövsümündə 245,6 milyon, 2021/22 mövsümündə isə 140 milyon avro itki ilə üzləşib. Qəzet son mövsümdə bu planda təxminən 80-85 milyon avro göstərici qeydə alındığını qeyd edib.
İtkilərin böyük ölçüdə azalmasının əsas səbəbi kimi komandanın ötən mövsüm Çempionlar Liqasının (ÇL) finalınadək irəliləməsi göstərilir. Klub belə uğurlu çıxışına görə UEFA-dan təxminən 100 milyon avro alacaq. “İnter”in son mövsümdə bilet satışından 80 milyon avro qazanc əldə etdiyi də vurğulanır. ÇL-in “Milan”la cavab yarımfinal oyununun kluba rekord məbləğ – 12 milyon avro qazandırdığı da qeyd edilir.