Daha bir futbol həftəsini geridə qoyduq.
“Football-plus.az” olaraq arxada qalan həftənin maraqlı sitatlarını diqqətinizə çatdırırıq:
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “Komandam bu turnirdə rəqiblərə şans vermək üçün yox, yarışmaq üçün iştirak edir. “Liverpul”dakı ilk mövsümümdə Avropa Liqasının finala qədər (onun komandası 2016-cı ildə “Sevilya”ya 1:3 hesabıyla məğlub olub – R.Y.) bizim üçün çox ağır olduğunu düşünürdüm. O vaxt heyətimiz tam fərqli idi. Sona qədər getməyə hazır deyildik, amma birtəhər bacardıq. İndi başqa zamandı və başqa komandayıq. Bu dəfə turnirə daha yaxşı hazırlaşmışıq. Avropa Liqasında oynadığımıza görə xoşbəxtik! Komandada motivasiya lazımi səviyyədədi”.
Zlatan İbrahimoviç, “Milan”ın sabiq hücumçusu: “Ey “Milan”lılar! Milanellodakı bazaya gəldim və dərhal məşqçiyə oynamağa hazır olduğumu bildirdim, amma adım siyahıda yox idi. Baxmayaraq ki, özümü yaxşı hiss edirəm və əla formadayam. Zarafat bir yana, derbidəki məğlubiyyətə baxmayaraq, “Milan”ı dəstəkləməyə davam edin. Hər şey yaxşı olacaq. “San Siro”da görüşənədək”.
Stiven Cerrard, “Əl-İttifaq”ın baş məşqçisi, “Liverpul”un sabiq yarımmüdafiəçisi: “2015-ci ildə müqaviləmi bir il müddətinə yeniləməmək qərarına gəldim və ABŞ-yə getdim (“Los Anceles Qalaksi”yə keçib və bu komandada bir il oynayandan sonra karyerasını başa vurub – R.Y.). Amma razılaşsaydım, Kloppun baş məşqçiliyi altına 6 ay oynayacaqdım. Mənə dedilər ki, getdikcə daha az oyun şansı qazanacağam. Mən isə “Liverpul”da rotasiya oyunçusu olmaq istəmirdim. Özümü hələ də həmin komandanın ən yaxşı yarımmüdafiəçisi kimi hiss edirdim. Geriyə baxanda deyə bilərəm ki, “Liverpul”a Kloppun təyinat alacağını bilsəydim, komandada qalardım…”
Lionel Messi, “İnter Mayami”nin hücumçusu: “Mən həmişə bunu etmək istəmişəm, xüsusən də dünya çempionu olduqdan sonra Argentina futbolundan həzz almaq üçün “Nyuellz Old Boyz”da oynamaqdan ləzzət almaq istəmişəm. Çünki uşaq vaxtı bu komandanın formasını daşımışam”.
Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu: “Deyirlər ki, artıq futboldan imtina edə bilərsən... Bu, doğru fikir deyil. Ayaqlarım “Kriştiano, bizdən bu qədər” deyənədək oynamağa davam edəcəyəm. Mən hələ də futbolu, qol vurmağı sevirəm (portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının “Əl-Əhli” ilə oyununda komandasının 4:3 hesablı qələbəsində iki qol vurmaqla rol oynayıb – R.Y.). Sübut edirəm ki, məndən imtina etmək üçün hələ tezdi”.
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Premyer-liqanın ilk 5 oyununda 5 qələbə qazanmışıq? Bu kluba 7 və ya 8 il əvvəl gələndə startda ardıcıl 6 qələbə qazanmış və mövsümü 3-cü yerdə başa vurmuşduq. Bu, hələ başlanğıcdı”.
Deniel Levi, “Tottenhem”in prezidenti: “Həm Mourinyo, həm də Konte ilə münasibətlərim yaxşı olub. Mən səhv etmişəm. Onlar əla məşqçilərdi. Amma bu kluba uyğun gəlmirlər. Onların qələbə qazanmaq üslubu bizim qalib gəlmək istədiyimiz tərzdən fərqlidi. Azarkeşlərimizin hücumameyilli futbolu sevdiklərini bilirəm. Bu, 4:3 hesablı qələbə anlamına gələcəksə, qoy, belə olsun. Amma onların (Mourinyo ilə Konteni nəzərdə tutur – R.Y.) oyun üslubu... Müdafiəyəmeyilli futbolun və 1:0 hesablı qələbənin əleyhinə deyillər”.
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Mən istənilən komandanın fanatı olsaydım, Dembelenin oyununu izləmək üçün pul ödəyib bilet alardım. O, üç dəfə qol şansını qaçıra bilər, amma sehirbazdı. Möhtəşəm oyunçudu, Usman tezliklə komandamızda da qolları sıralamağa başlayacaq”.
Sergey Palkin, “Şaxtyor”un baş direktoru: “FİFA Ukrayna futbolunu dağıtdı, bizim futbolun əsaslarını və rəqabətədavamlılığımızı məhv etdi. Rusiyanın hərbi təcavüzü başlayana qədər balansımızda transferlərə görə ödəməli olduğumuz 40 milyon avro vardı. Müqavilələrin şərtinə əsasən, bu məbləği hissələrlə ödəməliydik. Amma birdən-birə hesabımızdakı vəsait yox oldu. Ona görə ki, FİFA xaricdən aldığımız futbolçulara klubumuzu sərbəst şəkildə tərk etmək hüququ verdi və onlara görə əldə edə biləcəyimiz gəlirlərdən olduq”.
Vircil van Diyk, “Liverpul”un müdafiəçisi: “Mövsümün sonuna qədər Çempionlar Liqasına can atdıq. Amma bu turnirdə oynamağa layiq deyildik. Biz son mövsümdəki çıxışımıza görə Avropa Liqasında oynamağa layiq idik. Və indi bu turnirin qalibi olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma hədəfə bir saat ərzində çata bilmərik, bunu reallaşdırmaq üçün tər tökməliyik”.
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Onun oynaması həmişə sual altında olur. Sanşeşin niyə tez-tez zədə almasını heç cür anlaya bilmirəm. “Bavariya”, PSJ... indi də biz anlaşılmaz vəzyyətdəyik. Renato bazar günü çempionat oyununda 45 dəqiqə meydanda oldu. Üç gün dincələndən sonra “Şerif”lə bugünkü matçın 27-ci dəqiqəsində zədə aldı...”
İvan Provedel, “Latsio”nun qapıçısı: “Belə gecələr adamın həyatı boyunca unudulmur. Məğlubiyyətə layiq olmadığımız matçın sonunda qurtulduğumuz üçün çox sevinirəm. Mən hələ ki nə baş verdiyini tam dərk etmirəm. Çempionlar Liqasının oyununda qol vurduğumu bir az sonra anlayacağam. “Atletiko” ilə matçda xala layiq idik. İndi yolumuza davam etməliyik”.
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi: “Yeni komandamla keçirəcəyim ilk məşqçi səbirsizliklə gözləyirəm. “Bavariya”nın oyunçuları ilə işləmək çox xoşuma gəlirdi. Bu il bu komandanı tərk edəndən sonra onların oyununa yalnız televizor vasitəsilə baxa bilməyim mənə çox ağır gəlirdi. Həmin futbolçularla yenidən birgə olacağıma görə sevinirəm”.
Maykl Antonio, “Vest Hem”in hücumçusu: “Məncə, bu mövsüm premyer-liqanı “Liverpul”dan üstün mövqedə başa vuracağıq. Niyəsini də deyirəm. Bu komandanın “Vulverhempton”a 3:1 hesabıyla qalib gəldiyi matçı izlədim. Məğlub olan “Vulverhempton” oyununa görə qələbə qazana bilərdi! Liverulluların qapısı qarşısında kifayət qədər qol vəziyyəti yaratdılar. Bazar günü “Liverpul”a qarşı keçirəcəyimiz oyun 6 xal dəyərində olacaq. Və bu xalı qazanacağıq!”
Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi: “Keyn həm meydanda, həm də ondan kənarda vacib fiqur idi. Mövsümə hazırlıq prosesində necə komanda olmaq istədiyimizi tam anlamağa çalışmışıq. Futbolçularmızın heç kimin ön xətdə hansısa problemin olduğunu görməməsi üçün necə canfəşanlıq etdiklərindən razıyam. Biz hələ də bəlkə də bu klubun tarixinin ən yaxşı futbolçusunun yoxluğunu hiss etdirməməyə çalışırıq. Buna hələ ki nail oluruq”.
Lautaro Martines, “İnter”in hücumçusu: “Klubla müqaviləmi yeniləmək istəyirəm. Bu mövzunu rəhbərliklə müzakirə edəcəyik. Bu klubda olduğuma görə özümü xoşbəxt sayıram”.
Canni İnfantino, FİFA-nın prezidenti: “Rusiya yığması 2030-cu ilə təyin olunan dünya çempionatında iştirak edə bilər? Bunu zaman göstərəcək...”
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Bu, əla xəbərdi. O da buna görə sevinir, Martin yeni müqaviləyə layiq idi. Uğur qazanmaq üçün çox yollar və vasitələr var. Onun sevildiyi və hörmət edildiyi ən doğru komandada qərar tutduğunu düşünürəm. Oyunçular özləri üçün ən yüksək səviyyənin axtarışına çıxmamalıdılar, hər gün daha yüsək səviyyəyə can atmalı və təvazökar olmalıdılar. Ətrafında səni daha yaxşı oynamağa vadar edən futbolçu varsa, bu, sənin üçün böyük üstünlükdü. Və Edeqorun ətrafındakı oyunçular da onun keyfiyyətini artırırlar”.
Sergey Palkin, “Şaxtyor”un baş direktoru: “FİFA Ukrayna futbolunun əsaslarını və rəqabətədavamlılığımızı məhv etdi”.
RAMİL YUSİFOV