"Barselona"nın sabiq futbolçusu Jerar Pikenin dünyaya tanıtdığı Media Liqası layihəsi ölkəmizə də ayaq açdı.
Onun təşkilatçısı isə vaxtilə bəzi komandalarda çıxış etmiş, hazırda blogerliklə məşğul olan sabiq futbolçu Nuqzar Kvirtiyadı. Şənbə günü “ASCO Arena”da keçirilən oyunda Arif Əsədovun rəhbərlik etdiyi “Həddivi Bilbao” ilə tanınmış aktyor Ələkbər Əliyevin “Do Konka”sı üz-üzə gəldi. Komandaların adları sosial şəbəkədə keçirilən sorğuda müəyyənləşmişdi. 5:5 bitən, “Do Konka”nın penalti seriyasında 3:1 qalib gəldiyi oyundan sonra layihədə iştirak edən bəzi tanınmışların təəssüratını öyrəndik.
Nuqzar Kvirtiya (layihənin rəhbəri ):
“Bu ideya çoxdan ağlımda var idi, çünki Media Liqası dünyaya böyük səs salmışdı. Daha sonra bu ideyanı komanda daxili müzakirə edərək qərara gəldik ki, artıq Azərbaycanda da buna start vermək lazımdı. Bu ideyanın gerçəkləşməsində Ziya Əliyev, Orxan Muxtarov və Tamerlan İmanovun rolu böyük olub. Bu oyunu keçirməklə ilk növbədə bütün Azərbaycana belə layihənin mümkünlüyündən danışmaq istəyirdik. Digər tərəfdən, təbii ki, idmanın təbliği, azarkeşləri stadionlara qaytarmaq planımız var. Planlar çoxdu, lakin əminliklə deyə bilərəm ki, biz Azərbaycanın ən böyük media platformasını yarada biləcəyik. Media Liqa formatı, təəssüf ki, ölkəmizdə hələ naməlum formatdı və əsasən vizual layihədi. Ona görə də bu istiqamətdə bir neçə sponsorlarla danışıq aparmışıq. İlk dəfə üçün bütün maliyyəni öz hesabımıza qarşılamışıq. AFFA-dan çox ciddi təşkilati dəstək oldu, “Kirpi Tekstil” şirkəti bizə həm oyun, həm də məşq komplektlərini təqdim etdi. Düşünürəm ki, ilk oyundan sonra sponsorlar bu formata daha böyük maraq göstərəcək. Bir çoxlarının qrafiki, təəssüf ki, planladığımız tarixlə üst-üstə düşmədi, bu üzdən bəzi görmək istədiyimiz şəxsləri görə bilmədik. Amma bu son deyil. Əminliklə deyə bilərəm ki, bu layihənin davamı gələcək”.
Arif Əsədov (“Həddivi Bilbao”nun baş məşqçisi):
“Nuqzarı uzun müddətdi tanıyıram. Bu layihədə ona kömək edəcəyimi istədi. Mən də sevə-sevə razı oldum. Şou xarakterli olsa da, gördük ki, azarkeşlər stadiona çox gəlmişdi. Hətta deyərdim ki, premyer-liqanın oyunlarında olmayan fanat kütləsi bu görüşdə var idi. Belə layihələrin təşkili ölkə idmanı üçün də çox faydalıdı. Mən də buna həmişə dəstək olmağa hazıram”.
Ruslan Abışov (sabiq yığma üzvü):
“Bu layihə çox xoşuma gəldi. Gözlədiyimdən də yaxşı təşkilatçılıq oldu. Hər şey gözəl idi. Şou xarakterli olsa da, məncə, stadiona gələn azarkeşlər bunun dadını çıxardılar. Oyunsonrası penalti seriyasında da bloger, aktyor, boksçu, hətta həkimlər də iştirak etdi. Belə layihələrin tez-tez keçirilməsi yaxşı olar. Biz də bir futbolçu kimi Nuqzara bu sahədə kömək etməyə hazırıq”.
İlqar Qurbanov (sabiq yığma üzvü):
“Sözün düzü, bu qədər effektli olacağını düşünmürdüm. Lakin yüksək səviyyədə keçdi. Futbolu tamaşaçılara belə ab-havada göstərmək maraqlı ideya idi. Şəxsən mən bu layihəni çox bəyəndim”.
Rauf Əliyev (sabiq yığma üzvü):
“Nuqzarın bu layihəsi əla idi. Hər sahədən olan insanlar burda toplaşmışdı. Deyərdim ki, premyer-liqada olmayan azarkeş kütləsi oyunumuzu izləmək üçün arenaya gəlmişdi. Bildiyimə görə, layihə davamlı olacaq. Lakin mənim burda çıxış edib-etməyəcəyim dəqiq deyil. Çünki başqa işlərim də olduğu üçün vaxtım olmaya bilər”.
Vadim Kutukov (kişi voleybolçulardan ibarət yığmanın və “Neftçi”nin voleybolçusu):
“Bu tədbir Nuqzarın fikri idi. O çox kreativ və gözəl insandı. Məqsəd burda azarkeşlərə futbolu şou xarakterli göstərməkdi. Bu layihə dünyanın bir çox yerlərində təşkil olunur. Bizdə də keçirilməsi gözəl addım idi. Gözləməzdim ki, bu qədər baxımlı olacaq. Bizim komandada tanınmış sabiq futbolçular çıxış edirdi. Bunlar Saşa Yunisoğlu və Ruslan Abışov idi. Hətta fasilədə Vaqif Cavadov mənə dedi ki, Kutukov, 2-3 ay futbola getsən, premyer-liqanın ən yaxşı müdafiçilərindən biri olarsan. Mən və komandam çox yaxşı çıxış etdik. Tanınmış reper Pasterin də konserti oldu. Pul, forma və “Playstation 5” hədiyyləri var idi. Bu tədbir telekanallar vasitəsilə anons olunsaydı, daha çox insan arenaya təşrif buyurardı. Həqiqətən də möhtəşəm idi. Burdan Nuqzara da “çox sağ ol” demək istəyirəm ki, voleybol camiəsindən məni seçdi”.
Fərid Ramazanov (“İdman TV”nin aparıcısı):
“Möhtəşəm və unikal bir layihə idi. Bildiyimə görə, Azərbaycanda ilk dəfə təşkil olunurdu. Hakimlik, turnirin iştirakçıları üçün hazırlanan formalar, stadiona gələn fanatlar - bir sözlə, hər şey möhtəşəm idi. Futbolumuzun kütləviliyini artırmaq üçün belə yarışların keçirilməsi müsbət addımdı. Gələcəkdə daha çox komandanın yaradılması planlaşdırılır”.
Kamran Ağabalayev (tanınmış aktyor):
”Düşünürəm ki, çox maraqlı turnir oldu. Belə turnirləri tez-tez keçirilsə, daha yaxşı olar. Mən özüm də yaxşı oynadım. Mənə görə Vaqif Cavadov millidə qaçmadığı qədər bu oyunda qaçdı. Vüqar Nadirov isə hələ də peşəkar səviyyədə futbolçu karyerasını davam etdirməlidi. “Milan”a Fuad İsgəndərov kimi penaltini yaxşı yerinə yetirən oyunçu lazımdı. Fərid Ramazanovdan savayı, yaxşı müdafiəçi lazımdı. Məsələn, Tural Məmmədli. O, meydanda olduğu zaman müdafiə xəttimiz çox yaxşı idi. Lakin Tural meydandan çıxandan sonra qol buraxdıq. İstəyərdim ki, bu görüşdə qalib gələk, ancaq bu dəfə alınmadı. İnşallah, növbəti matç yaxşı olacaq. Heyət dəyişilməsə, bizim üçün də yaxşı olar. Çünki rəqiblərimizi bu oyundan sonra daha yaxşı tanıdıq”.
CAVİD ƏLİYEV