Ötən ay rəsmi şəkildə “Barselona”nın yeni idman direktoru təyin olunan portuqaliyalı Deku İspaniya mətbuatına açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, o, bu yay komandaya qayıtması gündəmdə olan, amma ABŞ-a yollanan Lionel Messidən, baş məşqçi Xavi Ernandesdən və başqa məqamlardan danışıb. Xatırladaq ki, 46 yaşlı Deku futbolçu kimi 4 il (2004-08) “Barsa”nın şərəfini qoruyub.
* Leo Messi mənim dostumdu. Onu həqiqətən də çox sevirəm. Düzdü, indi daha az ünsiyyət qururuq. Çünki uzaqdadı. “Barselona”da hər kəs onun qayıtmasını istəyirdi. Amma daha öncə dəfələrlə eşitdiyimiz məsələlər üzündən Leonun “Barsa”ya qayıtması mümkün deyildi. Şübhəsiz, o, klub tarixinin ən yaxşı oyunçusudu. Messinin “İnter Mayami”də xoşbəxt olduğunu görürəm. Həmin klubun bir parçası olmaq ona sevinc bəxş edir. Həm “Barselona”nın, həm də Leonun böyük fanatı kimi ona ABŞ-da uğurlar arzulayıram.
* Bizə komandanı qurmaq üçün vaxt və soyuqqanlılıq lazımdı. Xavi bizə bunları verməyi bacarır. Ümumiyyətlə, həmişə düşünürdüm ki, Xavi çox güclü, hətta əfsanəvi məşqçi olacaq. Onda bu bacarıq çoxdan hiss olunurdu. “Barselona”nın çətin məqamda məhz Xavi kimi məşqçiyə ehtiyacı var idi. Şadam ki, o, təklifi qəbul edərək bura gəldi. Xavinin ilk gəldiyi dönəmlə indiki dönəm arasında böyük fərq var. İndi biz rəqabətədavamlı heyətə malikik. Xavi ilə komanda yoldaşı olmuşuq. O, məşq prosesi, mən isə kluba rəhbərlik prosesi barədə hər şeyi bilirəm. Futbol haqda danışanda bir-birimizi gözəl anlayırıq. Xavi yeni müqaviləyə layiqdi. O, “Barselona” üçün doğma bir şəxsdi. Mütləq yeni müqavilə təklif olunacaq. Hər iki tərəf bu işbirliyinin davam etməsində maraqlıdı. Narahat olmayın, Xavi müviləni yeniləyən kimi bunu ictimaiyyətə açıqlayacağıq.
* Çempionlar Liqasına gəlincə, Xavi necə böyük təzyiq altında olduğunu anlayır. Biz onun qarşısına bu turniri qazanmaq məqsədi qoymamışıq. Amma ən azı sona qədər mübarizə aparmaq və əlindən gələni etmək hədəfi qoymuşuq. “Barselona” bu turnirdə mübarizə apara bildiyini göstərməlidi. Bunun üçün biz Xaviyə lazımi resurslar verməliyik. Təbii ki, belə böyük komanda ÇL-də yalnız qələbə üçün oynayır. Amma Xavinin yeni müqaviləsində onun ÇL-i mütləq qazanmalı olması barədə maddə yer almayacaq.
* Yeni transferimiz Vitor Roke ilə bağlı böyük ümidlərimiz var. Onun mümkün qədər tez komandaya qoşulmasını istəyirik. Ola bilər ki, yanvarda sıralarımıza qoşulsun. Bu baş verməsə, ən gec gələn yay gələcək. “Atletiko Paranaense”nin şərtləri məhz belədi. Biz də bu şərtlərlə razılaşmalı olduq.
* Joao Feliş ilə Joao Kanselonun müqaviləsində gələn yay onları daimi əsasda transfer edə biləcəyimizlə bağlı maddə yoxdu. Hər ikisini, sadəcə, birilliyə icarəyə götürmüşük. Onların çıxışından çox şey asılı olacaq. Təbii ki, performansları bizi qane etsə, çalışacağıq ki, bizimlə qalsınlar. Bu məsələ ilə xüsusi məşğul olacağıq. Amma indi bunu müzakirə etməyin vaxtı deyil. İkisi də “Barselona”da oynamaq üçün çox istəkli idi. İcarə haqları barədə məlumat verə bilmərəm. Amma La Liqa rəhbərliyi ilə problem yaşamayacağıq.
* Yamal və Balde ilə yeni müqavilə imzalamaq istəyirik. Artıq bu məsələnin üzərində çalışırıq. Düşünürəm ki, qarşıdakı həftələrdə bu mövzu ilə bağlı yeni xəbərlər olacaq. Açığı, Yamal hamımızı yaxşı mənada təəccübləndirməkdə davam edir. O, əsas komandada ötən mövsümün sonuna yaxın debüt etmişdi. Yaşı az olsa da, inamlı təsir bağışlayır. Fərqli keyfiyyətləri var. Xavi belə gənclərlə işləməyi gözəl bacarır. O, Yamaldan necə istifadə edəcəyini bilir. Həm rəhbərlik, həm də komandada hər kəs Yamalı dəstəkləyir və onun inkişaf etməsinə çalışır.
* Artıq Boyan Krkiç də bizimlə olacaq və mənə yardım edəcək. Onu elə-belə dəvət etməmişik. “Barselona”nı da, “La Masiya”nı da gözəl tanıyır. Gənc və potensiallı oyunçuları komandaya qazandırmaqda bizə yardım edəcək. “La Masiya”da çox istedadlı gənclərimiz var. Oranın meneceri Xose Ramon Aleksanko ilə də tez-tez söhbət edirəm. Bu yaxınlarda “La Masiya”nın iki üzvünü satmalı olduq. Digər oyunçuların da müqavilələrində təzminat maddəsi var. Krkiç bu məsələ ilə yaxından məşğul olacaq. Noy Darviç və Mika Fey kimi gənclərlə bağlı böyük ümidlərimiz var. Onların inkişafını diqqətlə izləyirik. Darviç Almaniyanın U-17 yığmasının kapitanıdı. Fey isə fiziki göstəriciləri və ağıllı oyunu ilə seçilən mərkəz müdafiəçisidi.
* Mənim tərzim əvvəlki idman direktoru Mateu Alemaninin tərzindən fərqlənir. Alemaninin akademik təhsili var. Klubda müxtəlif vəzifələrdə çalışmışdı və daha təcrübəlidi. Mən bu sahədə yeni olsam da, danışıqlar aparmağı bacarıram. İnsan həyatda həmişə yeni şeylər öyrənir. Bilirəm ki, siz jurnalistlər müqayisə aparmağı sevirsiz. Alemani “Barsa” üçün önəmli işlər gördü. Amma fərqli planları var və bu üzdən ayrılmaq qərarına gəldi.
* Mənim futbola baxış tərzimlə “Barselona”nın oyun üslubu hər zaman üst-üstə düşüb. Baxımlı oynamaq, topa nəzarət etmək, yüksək səviyyəli futbolçulara malik olmaq… “Barsa” qalib ruhlu komandadı. İş elə gətirdi ki, mənim və Ronaldinyonun ayrılmasından sonra “Barsa” tarixinin ən uğurlu dönəmini yaşamağa başladı. O komanda tarixdə iz buraxmağı bacardı. Amma həyatda heç nə daimi deyil. Dəyişikliklər hər zaman çətindi. Sonradan komanda bir müddət keçid dönəmini yaşamağa başladı. Yenidən əvvəlki səviyyəyə qayıtmaq üçün zaman tələb olundu. Amma biz indi düzgün yoldayıq.
ƏLİ RAUFOĞLU