Ötən mövsümü tarixi trebl ilə başa vuran “Mançester Siti”də bu yay ciddi sayıla biləcək dəyişikliklər baş verdi.
"Football-plus.az" xəbər verir ki, aparıcı oyunçulardan İlkay Gündoğan “Barselona”ya, Riad Mahrez “Əl-Əhli”yə, Emerik Lyaport “Əl-Nəssr”ə yollandı. Böyük ehtimalla Joao Kanselonun da “Barselona”ya keçidi qısa müddətdə rəsmiləşəcək. Bununla yanaşı, “şəhərlilər” yeni transferlərə təxminən 180 milyon avro xərcləyib. Mateo Kovaçiç (29 milyon avro) və Yoşko Qvardiolun (90) ardından srağagün Jeremi Dokyunun da keçidi rəsmən açıqlandı. Fabritsio Romanonun verdiyi məlumata görə, “Renn”dən alınan bu oyunçu “Siti”yə 60 milyon avroya başa gəlib. Dokyu futbol ictimaiyyətinə o qədər də tanış deyil. Ona görə də bu futbolçu haqda bir qədər ətraflı danışmağa dəyər.
Belçika futbolunun gələcəyi
Gözə batan ilk məqam ingilislərin gənc istedad üçün ödədikləri məbləğdi. Hazırda “transfermarkt”da belçikalı vingerin dəyəri 28 milyon avro göstərilib. Amma ÇL-in son qalibi bu futbolçu üçün ikiqat artıq pul ödəyib. Burda bir məqamı qeyd etməyə dəyər. Düzdü, “transfermarkt”da qeyd olunan rəqəmlər, adətən, reallığı əks etdirir. Orda futbolçuların real dəyəri qeyd olunur. Amma bu dəyər bəzi amillərdən çox ciddi şəkildə asılıdı. Məsələn, eyni futbolçunun Fransa və İngiltərə çempionatında dəyəri fərqli qiymətləndirilir. “Renn” üçün bu satışı uğur saymaq olar. Çünki fransızlar 2020-nin oktyabrında Dokyunu “Anderlext”dən 26 milyon avroya transfer etmişdilər. Bu, indiyə qədər də “Anderlext” tarixinin ən bahalı satışıdı. 3 mövsüm ərzində Jeremi Liqa-1-də gənc və istedadlı futbolçu statusundan ulduz statusuna yüksələ bildi. Təbii ki, bu cür inkişafdan sonra “Renn” oyunçunun satışından böyük gəlir əldə etməyi planlaşdırırdı. Dokyunun cəmi 21 yaşı olsa da, CV-sində artıq indidən diqqətçəkən məqamlar var. Məsələn, bu futbolçu Avropanın aparıcı milli çempionatlarında artıq 100-dən çox oyun keçirib. Peşəkar səviyyədə hələ 16 yaşında debüt edən Dokyu o vaxtdan bəri Belçika çempionatında 34, Fransa çempionatında 75 oyuna çıxıb. Bundan başqa, qəhrəmanımız artıq Belçika yığmasında da 16 oyun keçirib və 2 qol vurub. Düzdü, son mundailda o, az – cəmi 12 dəqiqə oynadı. Amma Belçika yığmasında tədricən nəsildəyişmə prosesi yaşanır. Məhz Dokyu Belçika futbolunun gələcəyi sayılır.
Ona hətta Mbappe də heyrandı
Bu futbolçunun əsas üstünlüyünü anlamaq üçün bircə dəfə onun oyununa baxmaq kifayətdi. Söhbət cəldlik, sürət və ən əsası driblinqdən gedir. Dokyu driblinqə getməyi və müdafiəçiləri çıxılmaz vəziyyətə salmağı xoşlayır. Ötən mövsüm Avropanın top-7 ölkəsindəki statistikaya görə Dokyu driblinqə cəhd etmək baxımından 14-cü pillədə qərarlaşdı. Pis göstərici deyil. Amma uğurlu driblinqlərin sayına (96) görə onun göstəricisi daha möhtəşəmdi. Bu baxımdan o, 2022/23-də yalnız Vinisiusla (112) Leo Meesidən (102) geri qaldı. Dokyunun sürətinə də söz ola bilməz. Onun bu keyfiyyətinə yaxın keçmişdə hətta Kilian Mbappe də heyran qalmışdı. PSJ-nin ulduzu 2021-ci ildə “Frans Futbol”a verdiyi müsahibədə bunları demişdi: “Bugünlərdə atamla söhbətdə Dokyunun da oyununa toxundum. Bu futbolçu sürəti ilə məni yaxşı mənada təəccüblənidrdi. 5 ildi peşəkar futboldayam. Bu müddətdə start sürətinə görə Dokyudan üstün olan futbolçu görməmişəm”. Bura oyun ərzində orta hesabla 6,8 uğurlu driblinqi (açıq ara fərqlə “böyük beşliy”in ən yaxşı göstəricisidi) də əlavə etmək olar. Bütün bunlar Dokyunun necə futbolçu olması barədə müəyyən təsəvvürə malik olmağa imkan verir. Topla hərəkət etmək baxımından o, bu yay “Vulverhempton”dan “Fulhem”ə keçən Adama Traoreni xatırladır. Amma fiziki göstəricilərinə görə Traoredən çox fərqlənir. Dokyunun boyu cəmi 173 santimetrdi. Ağırlıq mərkəzi aşağı olduğu üçün topla çox sürətlə hərəkət etməyi bacarır. Bu məqamda Fransa futbolunun əfsanəsi Tyerri Anrinin də onun haqda dediyi sözləri xatırlamaq yerinə düşər: “Bir müdafiəçi Dokyu ilə təkbətək qaldısa, ona məsləhətim odu ki, yalnız dua etməyə başlasın”. Belçikalı əsasən sağ ayağı ilə oynayır. Amma sol ayağından da yalnız qaçmaq üçün istifadə etmir. Hər iki tərəfə topla irəliləməyi bacarır. Yəni onun üçün müdafiəçidən sıyrılarkən topu hansı ayağa çəkməyin fərqi yoxdu. Bəziləri hətta Dokyunu “ikiayaqlı”, yəni hər iki ayağı ilə eyni dərəcədə oynamağı bacaran futbolçu sayır.
Mahrezin boşluğunu doldurmağa çalışacaq
Adətən, Xosep Qvardiolanın əlinin altına düşənlər universal oyunçuya çevrilirlər və bəzən özləri üçün yad mövqelərdə oynamaq məcburiyyətində qalırlar. Amma konkret bu transferdə hər şey sadə görünür. Dokyu bu yay komandanı tərk edən sağ vinger Mahrezin əvəzinə transfer olunub. Dokyu da əsasən sağ vinger kimi oynayır. Hərçənd bəzən solda oynadığı matçlar da olub. Fransada bu istedadlı futbolçu çox tez adından söz etdirdiyinə görə rəqiblər, adətən, ona qarşı iki futbolçu ilə müdafiə olunmağa üstünlük verirdilər. Daha doğrusu, biri konkret onun qarşısını kəsməyə, digəri isə “sığortalamağa” çalışırdı. Bu məqam Dokyunun komanda yoldaşları üçün çoxlu boş zona yaranmasına səbəb olurdu. Premyer-liqada da belə olsa, “Siti” rəqib müdafiəsindəki boşluqlardan çox gözəl yararlanmağı bacaracaq. Daha bir qeyd olunası məqam pressinqdi. Bu, topa nəzarət hesabına rəqibi daim təzyiqdə və gərginlikdə saxlayan Qvardiolanın komandaları üçün ən vacib aspektdi. Dokyu də pressinq etməyi, rəqibin üzərinə getməyi xoşlayır. Sürət ona bu baxımdan çox yardım edir. Yeri gəlmişkən, o, Liqa-1-də son qolunu ötən həftə “Mets”lə ev oyununda məhz bu cür tərzdə - rəqibdən pressinqlə topu alandan sonra vurmuşdu. Özü də sol ayaqla.
O, “Siti”nin oyununa uyğunlaşa biləcəkmi?
Söhbət dünyada bəlkə də topa ən yaxşı nəzarət etməyi bacaran kollektiv sayılan “Mançester Siti”dən getdiyinə görə Dokyunun ötürmələrə əaslanan oyun zamanı özünü meydanda necə hiss edəcəyinə dair bəzi şübhələr var. Düzdü, ötürmə vermək baxımından onun zəif olduğunu iddia etmək düzgün olmaz. Amma Mançesterdə bu futbolçu elə bir oyunun bir parçasına çevriləcək ki, orda topa nəzarət top-səviyyənin də üstündədi. Xatırlayırsızsa, Cek Qriliş “Aston Villa”da əla performans sərgiləyirdi. Topu çox gözəl irəli daşıyır və rəqibləri kobudluğa yol verməyə vadar edirdi. Amma “Siti”də ilk mövsümündə heç nə ilə yadda qalmayaraq zamanını yalnız uyğunlaşmaya sərf etdi! Özü də nəzərə alaq ki, Qriliş ingilisdi. Dokyu isə həm əcnəbidi, həm də başqa ölkədən gəlib. Amma gənc olması onun üstünlüklərindən biridi. O, Qvaridolanın oyun sistemini nə qədər tez anlasa, həm özü, həm də komandası üçün bir o qədər faydalı olacaq. “Renn”də qəhrəmanımıza çox böyük sərbəstlik verilirdi. O, meydanda istədiyini edə, hətta “rabona” zərbəsi də vura bilirdi. “Siti”də isə ona belə sərbəstlik verilməyəcək. Burda o, şou göstərmək xətrinə yox, komandanın uğuru naminə oynamağı öyrənməli olacaq. “Sporting Layf” platformasının analitiki Ninad Barbadikar Dokyunun daha bir çatışmazlığı barədə yazı qələmə alıb. O, təhlilində bunları qeyd edib: “Fitnes və fiziki durum Dokyu ilə bağlı sual doğuran əsas məqamdı. Düzdü, onun oyunu parlaqlığı ilə seçilir. Amma bu parlaqlığı o qədər də tez-tez nümayiş etdirmir. O, sonuncu dəfə bir mövsümdə start heyətində 20-dən çox oyunu 2020/21-də keçirib! Ona görə də premyer-liqanın tempinə uyğunlaşmaq üçün Jereminin açıq-aşkar zamana ehtiyacı olacaq”. Ümumiyyətlə, “Siti” fərqli oyun tərzlərindən istifadə etməyi sevir. Məsələn, “Nyukasl”a qarşı son oyunda sağ vinger mövqeyində çıxış edən Fil Foden topu ələ keçirdikdən sonra əsasən mərkəzə irəliləməyə çalışırdı. Belədə bütün sağ cinah Kayl Uokerə həvalə olunurdu. Belə oyun tərzi Dokyu üçün uyğun deyil. O, topu götürəndən sonra mərkəzə çəkilməyi yox, əksinə cinaha, aut xəttinə tərəf getməyi, oyunu mümkün qədər genişləndirməyi sevir. İstənilən halda Dokyu “Siti”nin oyununa bəzi yeniliklər qatacaq.