Artıq bir neçə gündü İtaliya yığmasının baş məşqçi vəzifəsi boş qalıb.
“Football-plus.az” xəbər verir ki, Roberto Mançini gözlənilməz qərarı ilə bu postdan istefaya yollanıb. Bu səbəbdən İtaliya Futbol Federasiyasının (İFF) rəhbərləyi, necə deyərlər, əl-ayağa düşüb. Axı milli komanda sentyabrın 9-da AÇ-2024-ün növbəti seçmə oyununa çıxmalıdı.
Onun İFF ilə fikir ayrılıqları olub
İFF-nin bazar günü axşam saatlarında yığmanın baş məşqçi vəzifəsini tərk etmək istədiyini bildirən mütəxəssisin xahişini problemsiz yerə salmaması təəccüb doğurmaya bilməz. Artıq Mançininin postunu niyə tərk etdiyi məlum olub. “Sky Sport Italia”nın yaydığı xəbərə görə, 58 yaşlı məşqçi yığmadan federasiyanın prezidenti Qabriele Qravina ilə fikir ayrılığı səbəbindən ayrılıb. O, bundan sonra öz köməkçiləri ilə işləmək imkanının olmayacağından narazı qalıb.
Mançini İtaliya millisinin baş məşqçi vəzifəsinə 2018-ci ilin mayında təyinat almışdı. Komanda onun rəhbərliyi altında AÇ-2020-nin qalibi olmuş və iki dəfə UEFA Millətlər Liqasının bürünc mükafatını qazanmışdı. Bəzi mənbələr Mançininin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyini iddia edir. Onun bu ölkənin milli komandasına əsas namizəd olduğu söylənilir.
Mançini əksər azarkeşləri sevindirib?!
Bəli, Mançini “skuadra adzurra”ya tarixinin ikinci qitə çempionluğunu qazandırıb. Yığmanı iki dəfə Millətlər Liqasının final mərhələsinə çıxarıb. Amma bu da var ki, komanda Qətərdə ötən ilin son aylarında keçirilən dünya çempionatına vəsiqə qazana bilməmişdi. Seçmə turnirin qrup mərhələsində İsveçrədən sonra 2-ci yeri tutan İtaliya mundiala yollanmaq üçün pley-off oyunlarında əvvəlcə Şimali Makedoniyanı, sonra isə Portuqaliyanı mübarizədən kənarlaşdırmalı idi. Lakin Mançininin komandası evdə Şimali Makedoniyaya sensasion şəkildə uduzaraq (0:1) Qətərə yolunu bağladı. Bu, dördqat dünya çempionlarının buraxdığı ardıcıl ikinci mundial oldu.
Federasiya növbəti uğursuzluğa görə məşqçi korpusunu dəyişməyi lazım bilmədi. Hər halda, qitə çempionluğu və dünya futbolunda rekord göstərici sayılan 37 (!) oyunluq məğlubiyyətsiz seriya mümkün istefa ilə bağlı ehtimalın üstündən xətt çəkdi. Amma bu yerdə ötən əsrin 90-cı illərinin əvvəlində İtaliya futbolunun dirçəlişində böyük rol oynayan Arriqo Sakkinin fikirlərini yada salaq: “İtaliya futbolu mədəni gerilikdən əziyyət çəkir, bu sahədə yeni ideayalar yoxdu. Başqa ölkələr inkişaf edirlər, biz isə müasir dövrdən 60 il geri qalırıq. Mən bunu əminliklə deyirəm. Belə vəziyyətə görə ən az günahkar olanlar məşqçi ilə oyunçulardı. Bu, institusional problemdi”.
Bəli, Mançini futbolçularla birgə institutları dəyişə bilmirdi. Bu məsələdə futbol məmurlarının qəbahəti daha çoxdu. Şimali Makedoniyaya şok məğlubiyyətdən sonra yığmaya Klaudio Ranyeri, Andrea Pirlo və Roberto De Zerbinin mümkün təyinatı ilə bağlı söz-söhbət dolaşmışdı. Sonuncunun “Brayton”dakı qənaətbəxş fəaliyyəti istər-istəməz İtaliya yığmasının De Zerbi ilə daha baxımlı oyun sərgiləyə biləcəyini düşünməyə əsas verir. Amma gənc mütəxəssis klub futbolunu, çətin ki, italiyalı məmurlarla problemli əməkdaşlığa dəyişməyə razı olardı. Mançini ideal məşqçi deyil, amma o da ətrafının əsirinə çevrilmişdi.
Bilindiyi kimi, İtaliya klubları son mövsümdə hər üç avrokubokun finalında görünmüşdülər. Əlbəttə, bu, son illərlə müqayisədə uğurlu nəticə sayılır. Amma bu nəticə İtaliya futbolunda böyük istedada malik olmayan mütəxəssislərin maliyyə və ideya böhranı sistemində çalışmasına mane olmur. Bəli, Mançini sensasiyalı şəkildə istefaya yollanıb. O, son vaxtlar mənəvi cəhətdən pis vəziyyətdə idi. Axı yaxın dostları olan Canluka Vialli ilə Sinişa Mihayloviç vəfat etmişdi. Baş məşqçi federasiyada heç kimin milli komandaların hazırlıq sistemini dəyişmək haqda düşünmədiyini görürdü.
Bugünlərdə futbol məmurları ilə kompromis əldə etməyə çalışdığı məlum olmuşdu. Deyilənə görə, ona bütün yaş qruplarından olan milli komandalar arasında əlaqələndirici vəzifəsi təklif olunubmuş. Amma Mançini postundan getmək qərarını verdi. Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən onun bu addımla əksər azarkeşləri sevindirdiyini düşünmək olar. Hər halda, tifozi şərhlərində baş məşqçidən sonra İFF-nin prezidentinin nə vaxt istefa verəcəyini soruşur. Hərçənd AÇ-2020-də möcüzəvi çempionluğa görə Mançiniyə təşəkkür edənlər də az deyil.
Don Roberto pandemiyaya görə 2021-ci ildə keçirilən Avropa çempionatındakı zəfərindən sonra çətin vəziyyətə düşmüşdü. “Skuadra adzurra” tezliklə AÇ-2024-ün seçmə mərhələsində Şimali Makedoniya (9 sentyabr) və Ukrayna (12 sentyabr) ilə qarşılaşacaq. Bu səbəbdən İFF yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacaq. Milli komanda seçmə turnirdə C qrupunda 2 oyuna topladığı 3 xalla 3-cü yerdədi. Martın 23-də evdə İngiltərəyə uduzan (1:2) İtaliya həmin ayın 26-da səfərdə Maltaya qalib gəlib (2:0). Qrupda 1-ci yeri İngiltərə (4 oyuna 12 xal), 2-ci yeri isə Ukrayna (3 oyuna 6 xal) yığması tutur. Belə vəziyyətdə baş məşqçinin dəyişməsi riskli və intriqa yaradan addımdı. Bu fikri xüsusilə də Mançininin yığmadakı statistikası (61 oyunda 9 məğlubiyyət) və onun yerinə namizədlərin kimliyi fonunda əminliklə söyləmək olar.
Konte, yoxsa Spalletti?
Vakant posta əsas namizədlərin siyahısı heç də uzun deyil. Yerli mənbələr istefa xəbərinin ardınca yalnız iki mütəxəssisin adını hallandırıb. Mançinini İtaliya millisində əvəzləməyə əsas namizədlər Antonio Konte ilə Luçano Spallettidi. Yeri gəlmişkən, Konte artıq 2014-16-cı illərdə yığmanı çalışdırıb. O, son mövsümün gedişində “Tottenhem”dən ayrılandan sonra işsizdi. Spalletti isə ötən mövsüm “Napoli”ni A seriyasında çempionluğa daşıyandan sonra komandanı tərk edib.
Futbol ictimaiyyətinin ölkənin əsas komandasının başında Spallettini görmək istədiyi iddia olunur. Amma o, çətin ki, ilin-günün bu vaxtında kənddəki evini tələm-tələsik tərk edib yenidən iş başına keçsin. Ağla gələn ilk versiya məhz budu. Axı 64 yaşlı don Luçano bu yay Neapolu həm də ağır fəaliyyətdən sonra yaxşıca dincəlmək üçün tərk etmişdi. Əvvəllər İtaliya yığmasında işləməyən mütəxəssis bu komandanın hazırkı vəziyyətini öyrənmək üçün heç də geniş imkana malik deyil. Seçmə turnirdəki növbəti matçlara hazırlıq üçün lazımi qədər vaxtı olmayacaq. İyunda Millətlər Liqasında çıxış etdiyi üçün “skuadra adzurra”nı qarşıda AÇ-2024-ün 6 seçmə oyunu gözləyir. Apenninlilər bu qədər oyunu təxminən iki ay yarım ərzində keçirməlidilər. Əlbəttə, Spalletti üçün milli komandaya təyinat karyerası baxımından zirvə nöqtəsi sayıla bilər. Amma bunun üçün müəyyən şərtlər yerinə yetirilməlidi.
Belə baxanda Kontenin İFF-nin təklifinə müsbət cavab vermək üçün daha çox səbəbi var. Lakin bu iş onun üçün də riskli sayıla bilər. Ortaya bu sual çıxır: İtaliyanın çempion titulunu qorumaq şansı nə qədərdi? Avropa çempionatları tarixində bunu yalnız İspaniya yığması bacarıb. Bu uğur isə təsadüfi olmayıb. Əvvəla pireneylilər 2008-12-ci illər aralığında müəyyən oyun metoduna malik olublar. İkinci ciddi amil yığmanın əsasını təşkil edən oyunçuların “Barselona” ilə Çempionlar Liqasının qalibi olması və tezliklə bu uğuru “Real”la qazanması idi. İtaliyanın hazırkı heyəti isə çox da güclü deyil: Canluici Buffon, Fabio Kannavaro və Andrea Pirlonun baş rolu ifa etdikləri “qızıl dövr” çoxdan arxada qalıb. Buffonun bir neçə gün əvvəl karyerasını 45 yaşında başa vurmasının isə “qızıl nəsl”in sonu ilə heç bir bağlılığı yoxdu: əfsanəvi qapıçı son illər B seriyasında oynamaqla doğma komandası “Parma”ya ən yüksək liqaya çıxması üçün kömək edirdi.
Hazırkı “skuadra adzurra”nın əsasını Canluici Donnarumma, Jorjinyo, Nikolo Barella və Federiko Kyeza kimi oyunçular təşkil edir. Digər futbolçuların ümumi səviyyəsi elə də yüksək deyil. Müdafiə xəttinin “yaşlandığını” söyləmək olar. Artıq bu mövqedə Alessandro Bastoni və Corco Skalvini kimi oyunçuları oynatmağın vaxtı yetişib. Amma yeni məşqçinin bunun üçün vaxtı olmayacaq. Adlara görə İtaliya yaxşı komandadı, amma komanda oyunu orijinallıqla parlamır. AÇ-2020-dəki çempionluq isə apenninlilərə xoşbəxtlik bəxş edən istisnadı.
Son xəbərlərə görə, Spallettinin İtaliya yığmasına təyin olunmaq ehtimalı daha çoxdu. İFF-nin ona ilə təxminən 3 milyon avro maaşı nəzərdə tutan 3 illik müqavilə təklif etdiyi bildirilir. Mançininin də illik məvacibi bu qədər idi. Lakin o, milli komandanın sponsorlarından müxtəlif bonuslar da alırdı. Yerli mənbələr Avropa çempionunun ümumi illik qazancının bu yolla 4,5 milyon avroya çatdığını iddia edir. İFF Spallettinin məsələsini “Napoli” ilə də razılaşdırmalıdı. Ona görə ki, məşqçinin müqaviləsi iyunda növbəti bir il ərzində heç bir komandanı çalışdırmayacağı şərti ilə pozulub. Əks halda Spalletti Neapol klubuna təzminat ödəməli olacaqdı.
Yeri gəlmişkən, Mançini mümkün xələfinin adını açıqlayıb. O, “Corriere dello Sport” qəzetinə “fikrimcə, baş məşqçi vəzifəsinə Luçano Spalletti təyin olunacaq. Ona yeni iş yerində uğurlar arzulayıram”, – deyə bildirib.