Paolo Skaroni İtaliya çempionatının yeni mövsümü ərəfəsində “La Gazzetta dello Sport”a müsahibə verib.
“Football-plus.az” xəbər verir ki, populyar idman nəşri onunla Berluskoni Kubokunun “Montsa” ilə oyunu ərəfəsində söhbətləşib. “Milan”ın prezidenti transfer kampaniyası, klubun hazırkı maliyyə vəziyyəti və hədəflər barədə verilən sualları cavablayıb.
“İstirahətdən yenidən tribunalarda olmaq üçün qayıtmışam. Belə oyunu dünyasında qaçıra bilməzdim. Berluskoni “Montsa”nı komanda C seriyasında çıxış edərkən himayəsinə götürmüşdü. Bu komanda əvvəllər heç bir uğuru ilə öyünə bilməmişdi. Mərhum prezident bir neçə ilə yerli publikanı ümidləndirən gənc və perspektivli komanda yaratmağa nail oldu. Bu matçı Montsada keçirmək, Adriano Qalliani (“Milan”ın sabiq, “Montsa”nın hazırkı vitse-prezidenti – red.) ilə birgə olmaq və don Silvionu xatırlamaq üçün ən yaxşı vasitədi”.
- Prezident Skaroni, sizin “Milan”da Berluskoninin “Milan”ından nəsə var?- Berluskoni bir çox sahələrdə qabaqcıl şəxsiyyət olub, amma futbol aləmində zirvəyə yüksəlib. Bu gün “Milan”ı bütün dünyada yüzmilyonlarla azarkeşi olan əfsanəvi komanda kimi tanıyırıq. Klub buna görə məhz Berluskoniyə minnətdardı. Silvionun “Milan”ı yeni oyun üslubunu təbliğ edən, novator komanda idi. Bu, mənim bir prezident kimi davam etməyə çalışdığım yoldu. Stefano Pyoli heç vaxt mübahisələrə girişməyən, “feyr-pley” qaydalarına riayət edən komandaya başçılıq edir.
- Prezident seçildiyiniz vaxt Berluskoni sizə onun “Milan”ının hər şeyi hücum futbolu ilə qazandığını demişdi. Bu yay komanda Kristian Pulişiç, Samuel Çukvueze, Noa Okafor və Luka Romero ilə gücləndirilib: ümumiyyətlə, transfer edilən 8 oyunçudan 4-ü hücumçudu. Yeni mövsümdə daha hücumameyilli oyun sərgiləyən “Milan”ı izləyə biləcəyik?- Berluskoninin “Milan”ı bizə oyunundan məmnunluq hissini almaqla qalib gəlməyin daha yaxşı olduğunu öyrətdi. Və mən əminəm ki, hazırkı komandanın üstünlük verdiyi xətt Silvionun “Milan”ının qət etdiyi yolla eynidi. Hərçənd siz də yaxşı bilirsiniz ki, hazırkı transfer kampaniyasının arxasında mən yox, bizim əsas səhmdarımız Kardinalenin dəstəyi ilə fəaliyyət göstərən baş direktor Corco Furlani dayanır. Cerri klub həyatının hər məqamına ciddi nəzarət edir, transfer bazarı onun xüsusi diqqət mərkəzindədi. Futbol bir tamaşadı və mən Pyoli ilə komandasının qarşıdakı mövsümdə azarkeşlərimizi sevindirəcəyinə ümid edirəm. Necə ki, bir il əvvəl skudettonu qazanmaq və son mövsümdə Çempionlar Liqasında yarımfinala qədər irəliləməklə buna nail olmuşduq.
- “Milan” maliyyə məsələlərinə xüsusi diqqət yetirir. Vəziyyət qaydasındadısa, transfer bazarında 100 milyon avrodan çox pul xərcləmək mümkündü.- Biz son 17 ildə ilk dəfə 2022/23 mövsümünü qazancla başa vurmuşuq. Onda – 2006-cı ildə prezident mərhum Berluskoni idi. Son 4 ildə maliyyə dövriyyəsi ilə gəlirləri iki dəfə artırmışıq. Bu, klub üçün böyük uğurdu. Klubun iqtisadi artımı çox vacibdi. Bu amil bizə bu yay əla transfer kampaniyası həyata keçirmək imkanı verdi.
- “Çelsi”dən Pulişiç gəlib: kreativ oyunçu, beynəlxalq profil, “Milan”ın bütün dünya üzrə səfiridi. Bu transferi “Berluskoni üslubu”nda reallaşan keçid saymaq olar?- Onunla Kaza Milanda görüşdüm. Günəş kimi parlaq oğlan və meydanda böyük istedad sahibidi. Hə, o, Silvionun xoşuna gələ biləcək oyunçular sırasına daxil olardı.
- Aparıcı oyunçularınız, məsələn Rafael Leao və yeni gələnlər skudettodan danışırlar. İkinci ulduz (komanda yeni mövsümdə 20-ci dəfə çempion olacağı halda formasında ikinci ulduzu daşıyacaq – red.) arzu, yoxsa çata biləcəyiniz hədəfdi?- Bilirsiz, mən indi bu haqda düşünmək istəmirəm. Yalnız onu deyim ki, ambisiyalıyıq və qalib gəlmək istəyirik. Amma ötən mövsüm olduğu kimi, Çempionlar Liqasında və İtaliya kubokunda da uğurlu nəticələr göstərmək vacibdi. Bunlar İtaliyada və Avropada zirvədə qalmaq üçün əhəmiyyətli saydığımız amillərdi. Biz bu yolla irəliləməyə davam etməliyik, həmişə qələbəyə can atmalıyıq. Yenidən çempion olsaq, özümü dünyanın ən xoşbəxt adamı sayacağam. İndi yaşasaydı, Berluskoni də bu hissləri keçirərdi...