Son günlər ölkəmizdə havanın həraəti hədsiz yüksəlib. 40 dərəcəyə çatan isti, üstəlik rütubətin yüksəkliyi açıq havada keçirilən idman yarışlarının iştirakçıları üçün çətinlik yaradır.
"Football-plus.az" xəbər verir ki, bu gün Bakının üç avropalı qonağı var.
Türkiyədə hava şəraiti Azərbaycandakına oxşar olduğundan, bu məqam “Neftçi”yə “Beşiktaş”la oyunda hansısa üstünlük qazandırmayacaq. Ancaq “Qarabağ”ın rəqibi olan HİK və “Sabah”la qarşılaşacaq “Partizan” belə isti və rütubətli havaya öyrəşməyib. Görəsən, finlandiyalılar və serblər fərqli hava şəraitində necə mübarizə aparacaq? Bu məqamın oyunların taleyini müəyyənləşdirməkdə rolunu öyrənmək üçün təcrübəli mütəxəssislərdən Maşallah Əhmədov, Ağasəlim Mircavadov və Şahin Diniyevə müraciət etdik.
Maşallah Əhmədov:
“Futbolçu üçün hava şəraitinin önəmi yoxdu. Əsas odu ki, duman olmasın, güclü qar yağmasın. Qalan vəziyyətlərdə isə oynamaq mümkündü”.
Ağasəlim Mircavadov:"Finlandiya və Serbiya təmsilçiləri bizim iqlimə öyrəşməyib. Bu amil də onların meydandakı oyununa təsir edə bilər. “Bekiştaş”a isə bunun təsir edəcəyini düşünmürəm. Çünki onların iqlimi ölkəmizlə uyğundu. Amma məsələnin əks tərəfi də var. Bizim komandalar da Skandinaviya ölkələrin iqliminə öyrəşməyib. Bu da bizim üçün mənfi amildi”.
Şahin Diniyev: "Əslində futbolçu üçün hava şəraitinin heç bir fərqi olmamalıdı. Çünki özünə peşəkar deyən bir idmançı heç nəyi problem etməməlidi. Lakin iqlimin soyuq və isti keçməsi qarşılaşmalara təsir edir. Oyunun tempinə, futbolçuların istədikləri kimi çıxış edə bilməməsinə gətirib çıxarır. Bizim ölkəyə səfər edən Finlandiya və Serbiya təmsilçiləri də bu baxımdan sıxıntı çəkəcəklər".
CAVİD ƏLİYEV