Misli premyer-liqasında mövsümə start verilib.
“Football-plus.az” xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib - 0:3. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Çətin oyun olacağını bilirdik. "Turan Tovuz"un oturuşmuş sistemi var. Təbrik edirəm onları. İlk 20-25 dəqiqədə qol vurmaq istəyirdik. Əfsuslar olsun ki, istədiyimizi edə bilmədik. İkinci hissə dirəkdən qayıdan topdan sonra oyun dəyişdi. 70-75 dəqiqə gücümüz çatdı. Bu məqamlar üzərində işləmək lazımdı”.
- Görünən budu ki, qapıçının kobud səhvləri oldu...- Futbolda belə hallar olur. Qapıçı da, müdafiəçi də səhv edir. Sırf qapıçının üstünə yıxsaq, düz olmaz. Səhvlər zəncirvaridi, qapıçıda bitdi səhvlər. Zərbəyə qədər epizodlar var idi. Bir futbolçunun üstünə düşmək mən tərəfdən zəiflik olardı.
- Kapitanlıq sarğısını niyə legionerə vermişdiz?- Legionerlərin bizə gec qoşulmasına görə, motivasiya vermək istədik. Elə futbolçular var ki, onlara inam vermək lazımdı. Bu gün zəif, daha çox təzyiqin olacağı yer müdafiə olunduğuna görə Kurdiçə motivasiya vermək istədik. Pis də olmadı. Kurdiç ilk dəfədi ki, kapitanlıq edir.
- Mediada yayılan xəbərlərə görə, yerinizə başqa məşqçi gələcək...- Təbiidi. Kreslo əbədi deyil. İllərlə burada qala da bilərik, başqası da gələ bilər. Mənim üçün qorxulu hal deyil. Əziyyətimlə bu postdayam. Sabah məğlubiyyətlər olacaqsa, heç nədən çəkinmirəm, alnım açıqdı.
- Avrokubok iddianız var?- Komandama güvənirəm. Bir oyunla heç nə bitməyib. Mövsümün açılışı idi. Bu gün komandaya futbolçu qoşulur. "Araz Naxçıvan" köklü klub olmadığına görə, daha səviyyəli legionerlər cəlb etmək çətin oldu. Üç gün əvvəl komandaya qoşulan var. Fiziki durum, anlaşma hazırda çətindir. İnanıram ki, əməyimizlə bunların öhdəsindən gələcəyik.