Ötən mövsüm 1-ci divizionun bombardiri olan, "Araz-Naxçıvan"ın futbolçusu Orxan Əliyev klubu ilə yeni müqavilə bağladı. Oyunçu daha 1 il Muxtar Respublika təmsilçisinin şərəfini qoruyacaq.
"Football-plus.az" olaraq onunla əlaqə saxlayıb yeni "futbol ili"nə hazırlığın necə getdiyini öyrəndik. Orxan komandanın yay fasiləsi və hədəfləri barədə bunları dedi:
“Məşq prosesi uğurla davam edir. Ölkə çempionatında nəticə qazana bilmək üçün vaxtımızı düzgün dəyərləndirməyə çalışırıq. Məqsədimiz rəhbərliyin açıqladığı kimi, Konfrans Liqasına vəsiqə qazanmaqdı. Məşqçilər korpusunun tapşırıqlarını maksimum yerinə yetirməyə çalışırıq. İnşallah, hər şey yaxşı olacaq. Yoxlama oyunu da qaneedici nəticə ilə yadda qaldı. Şükür Allaha, qol vurdum.
Bundan sonra məqsədimizə çata bilmək üçün daha çox çalışmalıyıq. Hər şeyi etməliyik ki, özümüzü premyer-liqada yaxşı tərəfdən göstərə bilək. Birinci növbədə məhsuldar kollektiv yığılmalıdı. Bu istiqamətdə rəhbərliyin var gücü ilə çalışdığını görürük. Legionerlər yavaş-yavaş sıralarımıza qatılır. İnanıram ki, sonda istədiyimiz nəticəni əldə edə biləcəyik”.
KƏNAN BAHADIR