Bu gün Azərbaycan futbolu üçün 2023/24 mövsümü rəsmən start götürüb. “Qarabağ”ın avrokuboklar macərası başlayıb.
"Football-plus.az" xəbər verir ki, “köhlən atlar” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Rəqib Cəbəllütariqin “Linkoln Red İmps” klubu olub. Oyunu “CBC Sport” canlı yayınlanıb.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Linkoln Red İmps (Cəbəllütariq) – Qarabağ 1:2
Kike Qomes, 25 - Redon Cica, 59, Yassin Benzia, 90+4
"Linkoln": 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 6. Bernardu Lopeş (k), 9. Kike Qomes, 10. Liam Uoker, 11. Xuampe, 20. Mustafa Yahaya, 21. Nano, 66. İtan Britto, 24. Con Sarcent, 88. Mandi.
Ehtiyat oyunçular: 13. İvan Villanueva, 1. Nauset Santana, 29. Roy Çipolina, 31. Skyortino, 33. Cumaney Börnet, 4. Samson Acayi, 77. Klinton, 99. Santi Luke, 7. Li Kasyaro, 19. Xuan Penya.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: VİTALİ SPASYONNİKOV, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
VAR hakimi: Andris Treymanis (Latviya).
VAR hakiminin köməkçisi: Kristaps Ratnieks (Latviya).
Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya).
UEFA nümayəndəsi: Qabriel Ueiss (Slovakiya).
11 iyul. Cəbəllütariq. “Viktoriya” stadionu. Saat 19.30
Qurban Qurbanovun komandası Çempionlar Liqasında mübarizəyə başlayır. Ağdamlılar bu qarşılaşmanın aşkar favrotidi. Çünki təmsilçimizin avrokubok təcrübəsi Cəbəllütariq klubu ilə müqayidədə daha çoxdu. "Linkoln Red İmps" buna qədər avrokuboklarda 40 oyun keçirib və 9 qələbə qazanıb. 23 görüşdə uduzan Cəbəllütariq təmsilçisi 8 dəfə də "sülh"ə razı olub. Komanda buna qədər Çempionlar Liqasında cəmi iki dəfə 1-ci təsnifat mərhələsini adlayıb.
"Linkoln Red İmps" 2015/16 mövsümündə 2-ci təsnifatda "Midtüllann"a (Danimarka), 2016/17-də isə "Seltik"ə (Şotlandiya) "ilişib". Ötən il də mübarizəyə ÇL-dən başlayan "qırmızı ağlar" 1-ci mərhələdə Şimali Makedoniya "Şkupi"sinə uduzub. Konfrans Liqasının 2-ci təsnifatına yuvarlanan "Linkoln Red İmps" Qazaxıstan "Tobol"unu da keçə bilməyib. Avrokuboklardakı son qələbə 2021-ci ildə olub. Komanda həmin vaxt Konfrans Liqasında Latviya "Riqa"sını məğlub edib.
“Qarabağ”ın avrokuboklardakı uğurlarından danışmağa isə gərək yoxdu. 2022/23 mövsümündə Çempionlar Liqasının pley-offunda mübarizəni dayandıran ağdamlılar Avropa Liqasının qrup mərhələsində 3-cü oldu. Konfrans Liqasının pley-offunda isə “Gent” səddinə “ilişərək” mübarizəni dayandırdı. Düzdü, bir çoxları Ramil Şeydayev, Musa Qurbanlı və Filip Ozobiçlə yolları ayıran “Qarabağ”ın zəiflədiyini düşünür. Lakin “köhlən atlar” Hamidu Keyta ilə Juninyonu transfer edib. Ağdam təmsilçisində güc baxımından hansısa geriləmə yoxdu. Düzdü, bu futboldu və top da yumrudu, bəzən sensasiyalı nəticələr də qeydə alınır. Lakin “Linkoln Red İmps”lə “Qarabağ”ın həm təcrübəsini, həm də gücünü müqayisə etsək, bu gün gözlənilməz nəticənin qeydə alınmaq ehtimalı yetərincə aşağıdı. Əslində ağdamlıların ikinci heyəti belə Cəbəllütariq klubunu keçmək gücündədi. Hansı ki, bura Luka Quqeşaşvili, Toral Bayramov, Rahil Məmmədov, Maksim Medvedev, Qara Qarayev, Nihad Quliyev, Nəriman Axundzadə kimi futbolçular daxildi.
Heyət demişkən, Qurban Qurbanovun hansı “11-liy”ə güvənəcəyi maraq doğurur. Əvvəlcə onu qeyd edək ki, ağdamlıların düşərgəsində, sadəcə, Abbas Hüseynov zədəlidi. Qalan futbolçular qaydasındadı. Qurban Qurbanov Avstriya toplanışındakı yoxlama görüşlərində meydana fərqli heyətlər buraxdı. Demək olar ki, bütün futbolçular oynamaq şansı qazandı. Həmin qarşılaşmalardakı performansı nəzərə alaraq ağdamlıların bugünkü görüşdə təxmini start heyətinin belə olacağını düşünürük. Sözsüz, qapıda Şahruddin Məhəmmədəliyev yer alacaq. Millimizin qolkiperi bu gün ölkənin ən yaxşısı statusunu hələ də özündə saxlayır. Müdafiənin solunda Elvin Cəfərquliyev çıxış edəcək. Mərkəzdə Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov yer alacaqsa, sağda Marko Veşoviç top qovacaq.
Yarımmüdafiənin dayağında günü-gündən inkişaf edən Julio Romao oynayacaq. Mərkəzdə Marko Yankoviç hücumların qurulmasında iştirak edəcək. Abdulla Zubir solda, Adama Diakabi isə sağda vingerlik edəcək. Leandro Andrade pleymeykerlik funksiyasını öz üzərinə götürəcək. Qurban Qurbanov yalnız hücumçu seçimində problem yaşaya bilər. Çünki həm Musa Qurbanlı, həm də Ramil Şeydayev komandanı tərk edib. Faktiki “Qarabağ”da hazırda sırf forvard yoxdu. Lakin burda oynaya biləcək üç oyunçu var. Bunlar Redon Cica, Hamidu Keyta və yeni transfer Juninyodu. Böyük ehtimalla albaniyalı futbolçu bu gün start heyətində yer alacaq. Çünki vinger başqaları ilə müqayisədə uzun müddətdi komandadadı. O, artıq tam uyğunlaşıb. Avstriyadakı son görüşdə - ÇSKA (Sofiya) ilə matçda da sırf hücumçu kimi çıxış edib. Yəqin ki, Qurban Qurbanov bu oyunda da Cicaya güvənəcək. Keyta və Juninyo fasilədən sonra meydana çıxa bilər.
Bir sözlə, bu gün “Qarabağ”ı asan görüş gözləyir. “Köhlən atlar”ın mərhələnin taleyini səfərdə həll edəcəyinə ümid edirik. Maraq üçün qeyd edək ki, nə “Qarabağ”, nə də digər klublarımız avrokuboklar tarixində Cəbəllütariq təmsilçisi ilə qarşılaşmayıb. Heç yığmalarımız da indiyə kimi üz-üzə gəlməyib.
İLKİN SULTANLI