Mukoko AÇ-nin oyunundan sonra irqçi təhqirlərə məruz qalıb

24.06.2023 13:51 206
Dünya futbolu
Son vaxtlar dünya futbolunda tez-tez yaşanan irqçilik olaylarına daha biri əlavə olunub. Bilindiyi kimi Rumıniya və Gürcüstanın ev sahibliyində 21 yaşa qədər futbolçular arasında Avropa Çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, C qrupunda çıxış edən Almaniya ilk turda İsrael ilə bacara bilməyərək 1:1-lik bərabərliklə kifayətləndi.

Almanların 18 yaşlı forvardı Yussufa Mukoko oyunun ardından həm özünün, həm də komanda yoldaşı Yessik Nqankamın irqçi təhqirlərə məruz qaldığını vurğulayıb. Hər iki futbolçu sözügedən qarşılaşmada penaltini boşa verib. Mukokonu dinləyək:

''Qalib gələndə biz əsil alman oluruq. Amma istənilən nəticə qeydə alınmadıqda dərhal mesaj qutumuz ''meymun'' sözləri ilə dolmağa başlayır. Belə mesajları oxumaq çox üzücüdü və insanın hisslərinə toxunur. Nqankam da eyni problemlə üzləşib. Oxuduqlarından sonra heç cür özünə gələ bilmir. Üzü gülmür. Onu bacardığım qədər ruhlandırmağa çalışdım. Axı bu nə qədər davam edəcək?

Biz də hamı kimi insanıq və bura sadəcə futbol oynamaq üçün yığışmışıq. Artıq yetər! Nəsə bir tədbir görmək lazımdı. Bunu görməməzliyə vurmaq olmaz. Bu ağılsız insanlarla mübarizə aparmaq lazımdı''.