Dünən AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi Estoniyanı qəbul etdi - 1:1.
Oyundan sonra millət vəkili Fazil Mustafa matç barədə fikirlərini bildirib. Deputat bu barədə özünün feysbuk səhifəsində paylaşım edib:
"Şükür heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda. Meydanda oynayanların çoxu azərbaycanlıdı və Azərbaycan adına oynadıqlarını dərk etməlidilər. Sən fədakarlıq et, uduzsan da tamaşaçı fədakarlığını alqışlayacaq".
O, həmçinin, hər şeyi De Byazinin üstünə atmağın yanlış olduğunu da söyləyib:
"Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər. Ay-ulduzlular Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heç ilə sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadı”.