Son illərdə “fantazi futbol”un populyarlığı durmadan artır.
Ölkəmizdə də futbolun virtual dünyasına maraq böyükdü. Bu il bizi qürurlandıran, bayrağımızın dünyanın bir çox ölkəsində tanınmasına səbəb olan bir hadisə baş verdi. Bu sahədə dünyanın ən böyük platforması “Fantazi Premyer Liqa”dı. İngiltərə çempionatının “fantazi”si həm qaydaların sadəliyi, həm də dizaynı ilə insanı cəlb edir. İldən-ilə iştirakçıların sayı da artır. Təsəvvür edin, son mövsümdə bu platformada 11,4 milyondan çox insan iştirak etdi. Qaliblər üçün Britaniyaya 7 günlük səyahətdən tutmuş premyer-liqa matçlarına biletə qədər bir çox mükafat nəzərdə tutulub. Və belə bir turnirin qalibi həmyerlimiz Əli Cahangirov oldu! Son günlərdə ona turnirin təşkilatçıları da daxil olmaqla dünyanın bir çox yerindən zəng gəlir. Təbii ki, hər kəs onunla bu möhtəşəm uğur haqda söhbətləşməyə çalışır. “Futbol+” də bu mühüm hadisədən kənarda qala bilməzdi. “Arsenal” fanatı olan və turnirdə “FPL Gunz” ləqəbi ilə çıxış edən Əlidən bizi maraqlandıran suallara cavab aldıq.
- Əvvəlcə özünü təqdim et. Harda böyümüsən? Hansı orta və ali məktəbi bitirmisən? İndi harda işləyirsən?
- Əli Ramiz oğlu Cahangirov. Bakıda anadan olmuşam. Əslim Gəncədəndi. Bakıda böyümüşəm. Ali təhsilimi isə ABŞ-da almışam. Hazırda biznes-konsaltinq sahəsində fərdi sahibkarlıqla məşğulam.
- Futbola marağın necə yaranıb? Ümumiyyətlə, futbolla məşğul olmusan?
- Futbola uşaqlıqdan böyük marağım var. Xeyr, peşəkar səviyyədə heç vaxt məşğul olmamışam. Amma həvəskar səviyyədə tez-tez dostlarla oynayıram.
- “Arsenal”a sevgin necə yaranıb? Nə vaxtdan bu komandaya azarkeşlik edirsən? Sevimli oyunçun kimdi? Azərbaycanda sevimli klubun hansıdı?
- “Arsenal”a sevgim təxminən 2000-ci illərin əvvəlindən yaranıb. O vaxt bu klubda niderlandlı hücumçu Dennis Berqkamp çıxış edirdi. Onun oyununu izləyə-izləyə “Arsenal”a azarkeşlik etməyə başladım. Azərbaycanda isə Gəncəni təmsil etdiyi üçün, təbii ki, “Kəpəz”ə azarkeşlik edirəm.
- “Fantazi Premyer Liqa” ilə tanışlığın necə olub?
- FPL-i artıq 4-cü ildi dostlarımla birlikdə oynayıram. Premyer-liqanı yaxından izlədiyim üçün bu oyun da məni özünə cəlb etməyə başladı. Tədricən böyük marağım yarandı.
- Ötən il dünya üzrə 215-ci olmuşdun ki, bu özü də əslində çox yaxşı göstəricidi. Bu mövsüm qarşına hansı hədəf qoymuşdun? Maksimum neçənci olmağı arzulayırdın?
- Açığı, qarşıma heç bir hədəf qoymamışdım. Çünki bu işə, sadəcə, bir hobbi kimi baxıram. Hətta ötən ilin nəticəsini təkrarlamaq mənim üçün mümkünsüz görünürdü. Amma bu mövsüm gözlədiyimdən çox uğurlu keçdi və sonda qələbə mənim oldu.
- 3-cü turdan sonra dünya üzrə 2,9 milyonuncu sıralarda idin. Həmin vaxt çempion ola biləcəyinə inamın var idi?
- Həmin vaxt düşündüm ki, uğur qazanmaq üçün artıq fərqli oyun göstərmək lazımdı. Amma yenə də yekunda qalib olacağımı heç ağlıma da gətirməzdim. Çünki həqiqətən də çox gerilərdəydim.
- Yəqin razılaşarsan ki, bu oyunda bəlkə də ən vacib məqam kapitanı düzgün seçməkdi (kapitanın xalları 2-yə vurulur – Ə.R.). Sən kiçik istisnalarla mövsümboyu kapitanı düzgün seçirdin. Sırf intuisiyana arxalanırsan, yoxsa əvvəlcə təhlil saytlarına girib orda kapitanlarla bağlı məsləhətlərə baxırsan?
- Bəli, bu oyunda düzgün kapitan seçimi çox vacibdi. Adətən, güclü klubun zəifə qarşı oyunu zamanı ən optimal formada olan oyunçusuna üstünlük verirdim. Çox vaxt intuisiyama əsaslanırdım. Onun köməyi ilə bir çox düzgün qərarlarım oldu. Amma statistika və təhlillərə də önəm verməyə çalışıram.
- 33-cü turda lider oldun və sona qədər də zirvəni əldən vermədin. Çempion ola biləcəyinə nə vaxt inanmağa başladın?
- Əslində hələ ilk “5-liy”ə daxil olandan sonra özüməinamım birəbeş artdı. Amma hər addımım, qərarım yekun nəticəyə təsir edə bilərdi. Ona görə də özüməinamım nə qədər yüksək olsa da, çempionluq haqda fikirləşmək tez idi. Yalnız mövsümün sonuna yaxın ümidim ən yüksək həddə çatdı.
- “Nyukasl”ın forvardı Kallum Uilson bəlkə də sənin üçün mövsümün ən həlledici oyunçusu oldu. Həm 36-cı turda onu kapitan seçməklə 48 xal qazandın, həm də son turda faktiki onun meydana çıxması səni çempion etdi. Çünki 2-ci yeri tutan, “AZZURRİ” adı ilə oynayan misirli Abdulla Əmrin heyətində 15 xal toplayan “Brentford”lu Etan Pinnok ehtiyatda qaldı. Yəqin ki, Uilsona bundan sonra daim simpatiyan olacaq...
- Bəli, Uilson mövsümboyu mənə çox önəmli xallar qazandırdı. Sonda da məhz onun meydana çıxması məni çempion etdi. Uzun illərdi izlədiyim və oyun tərzini çox bəyəndiyim oyunçudu.
- Oyunun təşkilatçılarından səninlə əlaqə saxlayan və ya İngiltərəyə dəvət edən olub? Çünki şərhlərə əsasən belə qənaətə gəlmək olar ki, əvvəlki qaliblərin mükafatları onlara çox gec təqdim olunub.
- Hazırda mənlə yalnız müsahibə üçün əlaqə saxlayırlar. Xüsusilə də xarici mətbuatın marağı çox böyükdü. Səfərlə bağlı planlaşdırma isə yalnız premyer-liqanın yeni mövsümünün təqvimi rəsmiləşdikdən sonra həyata keçiriləcək.
- Baş məşqçiliyə marağın varmı? Bəlkə məşqçilik kurslarına yazılıb lisenziya alasan?
- Futbol biliyimə heç bir şübhəm yoxdu. Amma məşqçilik bacarığı tək kursla əldə olunmur. Gərək hər gün futbolla nəfəs alasan və uzun illər bu işin içində olasan. Peşəkar futbolçularımız və məqşçilərimiz əslində çətin peşənin sahibləridi. Mənə hələ ki elə “fantazi” oyununda menecer olmaq kifayət edir (gülür). İnanıram ki, futbolumuzda yetərincə gənc və perspektivli məşqçilər var. Onlar bu idman növünün inkişafı üçün əllərindən gələni edəcəklər.
ƏLİ RAUFOĞLU