Luçano Spalletti “Napoli” ilə qazandığı tarixi uğurun bədəninin müəyyən hissəsində həkk olunmasını lazım bilib. Baş məşqçi qoluna çempionluq şərəfinə tatu etdirib.
"Football-plus.az" xəbər verir ki, Mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Spalletti qoluna “Napoli”nin emblemi ilə İtaliyanın dövlət bayrağının fonunda çempionluq sayını göstərən “3” rəqəmini döydürüb.
Yeri gəlmişkən, klub onunla hansı şərtlə kompensasiyasız ayrılacağına aydınlıq gətirib. “Napoli”yə müqavilə ilə 2024-cü ilin yayına qədər bağlı olan 64 yaşlı mütəxəssis karyerasında birillik fasilə götürməyi planlaşdırır. Deyilənə görə, bu variant klub rəhbərliyini qane edir. Prezident Aurelio De Laurentisin Spalletti ilə o, gələn mövsüm heç bir komandanı çalışdırmayacağı halda təzminatsız vidalaşacağı məlum olub. Əks halda baş məşqçi kluba bir neçə milyon avroluq təzminat ödəməli olacaq. Yerli mənbələr prezidentin ondan komandaya iyuna planlaşdırılan təlim-məşq toplanışında başçılıq etməsini xahiş etdiyini xəbər verir. Rəhbərliyin don Luçanonun “Napoli” ilə xoşluqla vidalaşmasını istədiyi bildirilir.
Bu arada Can Pyero Qasperini yeni mövsümdən neapolluları çalışdıracağı haqda yayılan xəbərlərə reaksiya verib. “Atalanta”nın baş məşqçisi bu tip xəbərlərə ciddi yanaşmadığını bildirib. Təcrübəli mütəxəssis indi yalnız komandasını avrokuboklara çıxarmaq haqda düşündüyünü deyib.