Yaşar Seyidov Azərbaycan futbolunda xüsusi yeri və çəkisi olan şəxslərdəndi.
O, “Dinamo” və “Bakı”dakı fəaliyyəti ilə bu sahədə ad qazanıb. Özünün dediyi kimi, tərifə ehtiyac yoxdu. Futbol ictimaiyyətindəki hörməti bəs edər. Mayın 22-də 60 yaşını tamamlayan təcrübəli futbol adamı ilə yubleyi və başqa mövzular ətrafında söhbətləşdik.
- Gec də olsa, təbrik edirik. Xoş gününüzü necə keçirdiz?
- Özüm haqda çox danışmağı xoşlamıram. Mənimlə bağlı mətbuatda geniş yazılar yazılıb. O cümlədən də Tahir Süleymanov dəyərli fikirlərini bölüşüb. Süleyman Rüstəmin bir şeiri var. Deyir, mən kiməm, nəçiyəm, qoy ellər desin! İndi özüm haqda nəsə deməyim düzgün olmazdı. Futbol ictimaiyyətinin nümayəndələri nəsə desə, daha yaxşı olar. Doğum günümü isə normal və sakit keçirdim. Həmişə necə idisə, indi də elə. Evdə, ailə üzvlərimlə birgə oldum.
- Futbol ictimaiyyətindən, dost-tanışlardan kimlər təbrik etdi?
- Hamı təbrik etdi. Sizin vasitənizlə minnətdarlığımı bildirirəm. Hiss etdim ki, unudulmamışam. Futbol ictimaiyyətinin yaddaşında Azərbaycanda bu idman növünün inkişafı üçün xidmətləri olan adam kimi qalmışam. Hamıya minnətdaram. O cümlədən sizin qəzetin baş redaktoru Mahir Rüstəmliyə minnətdaram ki, məni unutmayıb. Saytlar, telekanallar sağ olsun. AFFA-nın baş katibi Sərxan Hacıyev də məni rəhbərlik adından xüsusi təbrik etdi. Bütün futbol ictimaiyyətindən, məşqçilərdən, dostlarımdan razıyam.
- “Bakı”nın sabiq rəhbəri Hafiz Məmmədov sizi təbrik etdi?
- İcazənlə bu suala cavab verməyim.
- 60 illik ömrünüzün çox hissəsini futbolda keçirmisiz. Sizin üçün ən maraqlı xatirə nə olub?
- Səttarxan adına zavodun idman sarayının və stadionunun rəhbəri olmuşam. 1987-ci ildən orda çalışmışam. Bu da 36 il edir. Bu qədər müddətdi ki, mən idman sahəsindəyəm. Bu zaman kəsiyində ən udulmaz məqam “Dinamo”nun yaradılması idi. Bu komandanı Novruz Əzimovla birgə yaratmışdıq. Həmin vaxt Bakı çempionatında çıxış edirdik. Mən də bu komandanın üzvü olmuşam. Amma həmin gün peşəkar komanda yaratdıq. Bunu unutmaq olmaz. “Dinamo”nun yarandığı gün ən əlamətdar hadisə kimi yadımda qalıb. 1997-ci ildə möhtəşəm günlər yaşadıq. Düzdü, 2004-də “Bakı” ilə birləşdik. Mən yeni loqo yaradılanda həmin tarixi bayrağa həkk etdirdim. Çünki 1997-ci il bizim üçün müqəddəs idi. “Bakı” da “Dinamo”nun xələfi sayılırdı. Başqa klublar dəyişiklik etdi. Amma tarixə önəm verdim. Ümumiyyətlə, mən belə xarakterdə insanam. Tarixə önəm verirəm. Tarixi unutmaq olmaz. Kimsə dəyişə bilməz. Eynşteyn idealımdı. Onunla bağlı bir məsələni özümə örnək götürmüşəm. Alim universiteti köhnə makintoşla bitirir. Dostu həmin vaxt deyir ki, gəl bunun yenisini alaq. Bunun üçün təkid edir. Eynşteyn də deyir ki, kimdi məni tanıyan. İllər keçir. Alim dünyada tanınır. Bir gün dostu yenə bunu görməyə gələndə köhnə makintoşu əynində görür. Həmin şəxs deyir ki, mən bundan utanıram, gedək bunu dəyişək, təzəsini alaq. Eynşteynin cavabı belə olur: “Artıq bütün dünya bilir ki, mən Eynşteynəm. Bunu dəyişməyə ehtiyac yoxdu”. İndi hamı bilir ki, mən futbol adamıyam. Bütün varlığımla, keçmişlə özümü bu sahədə görmüşəm. Çətinlik də, zirvə də görmüşəm. Komandamız Çempionlar Liqasında, Avropa Liqasında mübarizə aparıb. Ölkə çempionatlarında, kuboklarda, hazırda “Qarabağ”ın rəhbərliyindəkiləri nəzərə almasaq, ən çox titul qazanan şəxsəm.
- Düşünmək olar ki, həyatınızda ən üzücü məqam “Bakı”nın dağılmasıdı?
- Düzdü. “Bakı”nın dağılması həyatımın futbolla bağlı ən üzücü məqamıdı. Bir neçə dəfə demişəm ki, “Bakı” dağılmamalıydı. Bu haqda danışmaq çox çətindi. Yenə də tam danışmayacam. Amma “Bakı”nın dağılması bəzi insanların hadisələrə yanlış reaksiya verməsi səbəbindən oldu. Bu gün tam səmimi şəkildə deyirəm ki, həmin vaxt AFFA “Bakı”nın yaşaması üçün əlindən gələni etdi. Hətta bunun üçün 5 milyon manat da ayırmışdı. Sadəcə, müəyyən narazılıqlar, ayrı-ayrı adamların səhv yanaşması səbəbindən klub fəalliyyətini dayandırdı. Düzdü, bu gün federasiyadan narazılıq edirlər. Amma AFFA “Bakı”nın dağılmaması üçün illik 5 milyon manat ayırırdı. Sadəcə, bu alınmadı. Səbəbini açıqlaya bilməyəcəm.
- Sizsiz Azərbaycan futbolu kənardan necə görünür?
- Mən futboldan kənar deyiləm. Sosial layihə kimi çox ağır, çətin şərtlər altında İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasını idarə edirik. Paytaxt ərazisində, kənarından imkansız, kasıb ailələrin uşaqları bizdə məşq keçir. Sizə açıq deyə bilərəm ki, premyer-liqa komandalarından çox sayda uşaqları bura cəlb etmişəm. Bu gün akademiyanın bütün yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi liqalarda çıxış edir. Baxmayaraq ki, həmin uşaqlarla peşəkar məşğul ola bilmirik. Bu, sadəcə, sosial layihədi. Əslində dövlətimizə kömək edirik. Həmin uşaqları pis vərdişlərdən uzaqlaşdırırıq. Mənim incikliyim iş adamlarındandı. Əziyyət çəkərək akademiyaya 150-200 uşaq dəvət etmişik. Amma işimizə barmaqarası yanaşırlar. Özü də hamısı futbolla maraqlanır. Gedib “Liverpul”, “Barselona”, “Mançester Siti”nin oyunlarına baxırlar. Böyük vəsaitlər xərcləyirlər. Amma ətraflarında olan uşaqların məşq etdikləri məkanların kommunal xərclərini ödəməyə kömək olmurlar. Qışda isti su ilə təmin olunması üçün 500 manatlarından keçmirlər. Amma VİP-lojada oturaraq “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”in oyunlarını izləməkdən həzz alırlar. Onlar mənim ətrafımda olanlar şəxslərdi. Bax, mən bundan narazıyam. Özümüzə dəyər vermirlər. Azərbaycanlı uşağın soyuq havada çimməsinə göz yumurlar. Amma söhbət düşəndə danışırlar ki, ölkədə futbol yoxdu. Olmayacaq da! Necə olsun? Siz bu gün bu uşaqlara diqqət etmirsiz, onların qidalanmasına, geyiminə fikir vermirsiz, sonra da normal nəticə tələb edirsiz. Hər şeyi federasiyanın və dövlətin üzərinə atmaq olmaz. Dünyada futbola kimlər maliyyə ayırır? İş adamları. Azərbaycanda kifayət qədər milyonçu var. Onlardan kim futbola maliyyə ayırır? Nə vaxt bu sahəyə dəstək verəcəklər, onda da bizdə futbol olacaq.
- Azərbaycan futboluna nə arzulayırsız?
- Bu gün yalnız “Qarabağ” normal iş görür, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası kimi turnirlərdə müntəzəm çıxış edir. Nəticələrlə bizi sevindirir. Hardadı avrokuboklarda çıxış edən qalan üç klub? Ancaq “Qarabağ” bu yükün altına girməlidi? Nə vaxt ki Azərbaycan klublarında işini bilən, peşəkar, ölkə futbolunu, xalqını düşünən insanlar çalışacaq, onda bu idman növü inkişaf edəcək. Deməli, bütün problemlər klublarımızdadı. Arzu edirəm ki, klublarda peşəkar, işini bilən və Azərbaycanı sevən şəxslər təmsil olunsun.
İLKİN SULTANLI