“Çox təəccübləndim, dilim-dodağım qurudu” – danışılmış oyunla bağlı növbəti açıqlama

25.05.2023 20:51 400
I liqa / Manşet
Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi bu gün danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb. 

Birinci divizion komandası MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geymiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramov danışılmış oyunlar barədə xəbərdar olduğu halda müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla bağlı hansısa fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub.

MOİK-in baş məşqçisi Qəzənfər Abbasovun saytımıza verdiyi məlumata görə, danışılmış oyun ölkə kubokunun 1/8 final mərhələsinin MOİK - "Səbail" (0:4) qarşılaşmasıdı. Həmin dövrdə ordu klubunun baş məşqçisi Şəhriyar Məmmədov idi. "Football-plus.az" saytı olaraq, sabiq çalışdırıcı ilə əlaqə saxlayıb məsələyə münasibət bildirməsini istədik. Nə qədər qəribə olsa da, o, başverənləri ilk dəfə bizdən eşitdiyini dedi:

"Çox təəccübləndim. Güvənib etibar etdiyim futbolçuların belə hərəkətə yol verməsi məni məyus etdi. Dilim-dodağım qurudu. Fərmayıl Əliyev və Emin Mehtiyev kimi futbolçuların futboldan ömürlük uzaqlaşdırılmasının hələ də şokunda ikən bu xəbər məni yıxdı. Hər biri hörmət etdiyim bacarıqlı oyunçular idi. İnanın, nə deyəcəyimi bilmirəm..."


KƏNAN BAHADIR