Milana Rəhimova qadınlardan ibarət yığmamızın gənc üzvlərindədi.
Müdafiəçi “Football-plus.az”a açıqlamasında hədəflərindən danışdı:
“Ölkəmizdə qadın futbolunun səviyyəsi əvvəlki illərə nisbətən çox yaxşıdı. Azyaşlı qızlar futbolla maraqlanır. Bu sahədə islahatlar aparılır, təkmilləşmə prosesi həyata keçirilir. Bunu keçirdiyimiz məşqlərdə, meydandakı mübarizəmizdə hiss edirəm.
Gənc futbolçu kimi qarşımda uzun məsafə var. Hədəflərim böyükdü. Onlara qovuşmaq üçün çalışıram. Avropa ölkələrinin komandalarında çıxış etmək istəyirəm. Ən böyük hədəfim isə “Çelsi”də oynamaqdı. Bəlkə də bir çoxları üçün inandırıcı deyil. Lakin mən və məşqçilərim inanırıq ki, nə vaxtsa bu baş verəcək.
Yeri gəlmişkən, 8 Mart ilə bağlı bütün qadınlarımıza xoşbəxtlik və sevgi dolu günlər arzu edirəm. Üzünüzdən təbəssüm əskik olmasın. Siz dünyanın ən gözəl və dəyərli varlıqlarısız”.
KƏNAN BAHADIR