MBA-da ötən həftənin ən yaxşı oyunçularının adı açıqlanıb.
Football-plus.az xəbər verir ki, qərb konfransında “Leykers”in forvardı Lebron Ceyms hamını qabaqlayıb. O, həftəboyu keçirilən oyunlarda orta hesabla 35 xal toplayıb, 8,7 ribaund edib, 7,7 məhsuldar ötürmə verib. “Klivlend”in müdafiəçisi Donovan Mitçell isə Şərqin birincisidi. Onun ortalama göstəriciləri belədi: 37,7 xal, 7,3 ötürmə, 5,3 ribaund.
Son iki günün nəticələrindən “Memfis”in növbəti qələbəsini qeyd etməliyik. Bu komanda ardıcıl 7-ci qələbəsini qazanmaqla Qərb konfransının zirvəsində qərarlaşıb.
Dünən keçirilən “Mayami” – “Oklahoma-Siti” oyununda maraqlı hadisələr baş verdi. Meydan sahibləri oyun ərzində 40 cərimə zərbəsini dəqiq yerinə yetirməklə yeni MBA rekordu müəyyənləşdirdi. Əvvəlki rekord 1982-ci ilin dekabrında 39 cərimə zərbəsinin hamısından yararlanan “Yuta”ya məxsus idi. “Mayami”nin müdafiəçisi Cimmi Batler isə 23 cərimə zərbəsini dəqiq yerinə yetirməklə MBA tarixinin 2-ci nəticəsini göstərdi. Bu mənada rekord 2019-un dekabrında 24 cərimə zərbəsinin hamısında xal qazanan Ceyms Hardenə və 2011-in mayında eyni nəticəni göstərən Dirk Novitskiyə məxsusdu. Batler 23 cərimə zərbəsini reallaşdırmaqla Dominik Uilkinsin 1992-ci ildəki nəticəsini təkrarladı. O da maraqlıdı ki, “Mayami” sona 46 saniyə qalmış 5 xal fərqi ilə uduzurdu, ancaq Viktor Oladiponun üçxallıq atışı və Batlerə qarşı kobudluğa görə təyin olunan iki cərimə zərbəsi sayəsində sona 12 saniyə qalmış hesabı bərabərləşdirdi.