Bəzi qaynaqlar həmin oyunun fasiləsində “üçrənglilər”in paltardəyişmə otağında yaşananlarla bağlı maraqlı detallar üzə çıxarıb. Belə ki, baş məşqçi Didye Deşamla yanaşı, hücumçu Kilian Mbappe və ehtiyat qapıçı Stiv Mandanda da komanda yoldaşlarını tənqid edib, onları ruhlandırmağa çalışıb.
Mbappe bunları söyləyib:
“Bu bir dünya çempionatı finalıdı. Bir ömür boyunca unuda bilməyəcəyimiz qarşılaşmadı. Belə oynasaq, qalib gələ bilmərik. İndi meydana çıxmalıyıq. Ya axmaq kimi onların oynamasına icazə verəcəyik, ya da meydana çıxıb öz oyunumuzla onların cavabını verməliyik. Mübarizə aparmaq, onlara cavab vermək lazımdı. İki qol buraxmışıq, geridəyik! Amma matçda dönüş yarada bilərik. Unutmayın ki, bu, dörd ildən bir baş verən hadisədi”.
Mandanda isə komanda yoldaşlarına daha sərt formada müraciət edib:
“0:2 uduzuruq, bəylər! Buraxdığımız səhvlərdə hamımız günahkarıq. Amma ikinci hissədə oyunu çevirməyimiz mümkündü. Bunun üçün isə meydana tam fərqli ruhla çıxmaq lazımdı. Belə oynamaqla heç nəyə nail ola bilmərik. Lənətə gələsiz”.
Deşam isə paltardəyişmə otağındakı masanı sərt şəkildə yumruqlayaraq bunları söyləyib:
“Rəqiblə aramızdakı əsl fərqi bilirsiz? Onlar dünya çempionatının final matçına layiq oyun sərgiləyirlər, biz isə ümumiyyətlə, oynamırıq. Bunu üzülmədən söyləyirəm”.
Xatırladaq ki, ilk hissədən sonra 0:2 uduzan fransalılar yalnız 80 və 81-ci dəqiqələrdə Mbappenin dubla imza atması nəticəsində məğlubiyyətdən xilas olub. Əlavə vaxtda isə tərəflər hərəyə daha bir qol vurduğundan, qalib penalti seriyasında müəyyənləşib.



